Əsas səhifə Biznes Milyarder Londonda 31 milyon dollarlıq malikanəsinə həbs qoyulan xarici oliqarx kimdir?!

Londonda 31 milyon dollarlıq malikanəsinə həbs qoyulan xarici oliqarx kimdir?!

462

Böyük Britaniya hökuməti bu yaxınlarda qüvvəyə minən qanunsuz maliyyə barədə qanun (Criminal Finance Act) əsasında “xarici oliqarxın” Londondakı aktivlərinə həbs qoyub. Bu, həmin qanunun tətbiqinə dair ilk presedentdir. Virtualaz.org xəbər verir ki, məlumatı Böyük Britaniyanın təhlükəsizlik naziri Ben Uolles “The Telegraph”a açıqlayıb.

“Criminal Finance Act” qanunsuz gəlirlər hesabına Böyük Britaniya ərazisində əldə edilən aktivlərin, o cümldən daşınmaz əmlakın üzərində həbs qoyulmasının qaydalarını müəyyən edir. Bu qanun uzun müddət davam edən müzakirələrdən sonra qəbul edilib. Qanuna əsasən 50 min funtdan yuxarı qiymətləndirilən aktivlərin sahibləri onları əldə etmək üçün pulu hansı mənbədən qazandıqlarını əsaslandırmalıdır. Əgər belə əsaslandırma olmasa aktivlərə həbs qoyulmalıdır.

Həmin qanun əsasında xarici oliqarxın Londondakı 22 milyon funt (31 milyon dollar) dəyərində daşınmaz əmlakının üzərinə yanvarın 31-də həbs qoyulub. Bu, həmin qanunun qüvvəyə minməsindən iki həftə sonra baş verib. Oliqarxın digər aktivlərinə də həbs qoyulduğu bildirilir.

Nazir Ben Uolles bildirib ki, oliqarx yeni qanun əsasında “naməlum, izahedilməz mənşəli əmlak” barədə sorğu alıb.Həmin şəxs pulların mənşəyini izah edə bilməyib və nəticədə onun aktivlərinə həbs qoyulub. Nazir bildirib ki, əgər şəxs öz vəsaitlərinin mənşəyini açıqlamasa həmin aktivlər dövlətin xeyrinə müsadirə ediləcək.

Uolles oliqarxın hansı ölkə vətəndaşı olduğunu açıqlamayıb, bildirib ki, bu informasiyanı açıqlamaq London Yüksək məhkəməsinin səlahiyyətindədir.

Xatırladaq ki, həmin qanunun qüvvəyə minməsindən sonra Böyük Britaniya ilə Rusiya arasında münasibətlər keçmiş QRU polkovniki Sergey Skripalın zəhərlənməsinə görə gərginləşib. London Moskvaya qarşı sərt sanksiyalar tətbiq edib. Bura rusiyalı oliqarxların aktivlərinə həbs qoyulması və onlara viza qadağası da daxildir.

Virtualaz.org