İyun ayının 18-də “Facebook” şirkəti “Libra” adlı şəxsi kriptovalyutasını və ona bağlı olan “Calibri” elektron cüzdanını təqdim etdi. Aradan keçən 2 aydan artıq bir dövr ərzində sosial media nəhənginin yeni layihəsi ətrafındakı müzakirələr səngimək bilmir.
Elə ilk gündən beynəlxalq tənzimləyicilər yeni kriptovalyutanı ənənəvi sistemə təhdid kimi qəbul etdilər. ABŞ-ın Mərkəzi Bank rolunu oynayan Federal Ehtiyatlar Sisteminin (FED)sədri Cerom Pauellə görə “Libra” məxfilik, çirkli pulların yuyulması, istehlakçıların hüquqlarının qorunması və maliyyə sabitliyi baxımından ciddi narahatlıq doğurur. Məxfilik və istehlakçıların hüquqlarına vurğu edilməsi anlaşılandır. Bu sahədə sosial şəbəkənin başı bir qalmaqaldan ayılmamış digərinə qarışır. Bu yerdə istifadəçilərin parollarının şirkətin daxili serverlərində açıq şəkildə saxlanılması və Cambridge Analytica şirkəti ilə bağlı qalmaqalları yada salmaq olar. Sözügedən məqama xüsusi aktuallıq verən isə “Libra” sayəsində sosial şəbəkənin artıq malik olduğu məlumatlara əlavə olaraq istifadəçilərin istehlak vərdişləri haqda da informasiya əldə edə bilməsidir. Onun bu məlumatlardan öz məqsədləri üçün yararlanmayacağı bir çoxlarında şübhə doğurur.
“Facebook” lobbiçiliyi aktivləşdirir
Sosial şəbəkənin korlanmış reputasiyası bu halda ona qarşı oynayan bir faktora çevrilib. “Facebook”un məxfilik yönündə istifadəçilərin maraqlarını qarşılayacaq son addımları da məhz buna hesablanıb. Belə ki, şirkət istifadəçilərə sosial şəbəkəyə özləri haqda müxtəlif tətbiq və saytlardan gələn məlumatlara baxmaq, onu sosial şəbəkədən silmək və ya sonrakı gəlişini blok etmək imkanı vermək niyyətindədir. Tezliklə istifadəçilərin sosial şəbəkələrdəki şəkillərdə üz tanıma texnologiyasından istifadəni qadağan edə biləcəyi funksiya da istifadəyə veriləcək. İşi təsadüfə buraxmaq istəməyən “Facebook” tənzimləyicilərin təyziqinə cavab olaraq lobbiçilik istiqamətində səylərini də artırmağa qərar verib. Media nəhəngi Vaşinqtonda olan lobbiçilik firmalarından biri ilə artıq bu istiqamətdə iş birliyinə başlayıb.
“Libra” avronun beynəlxalq rolunu sarsılda bilər
Lakin məxfilik və istehlakçı hüquqlarının qorunması aysberqin yalnız görünən tərəfidir. Layihənin reallaşmasının digər təhdidlərini Avropa tənzimləyiciləri də görür və buna qarşı müvafiq addımlar atmağa başlayıblar. Avropa Komissiyası “Facebook”un təklif edəcəyi ödəniş sisteminin bu sektorun digər şirkətləri qarşısında ədalətsiz üstünlük əldə edə biləcəyini, “Libra” tətbiqlərinin “Facebook”, “WhatsApp”, “Messenger” kimi servislərlə mümkün inteqrasiya imkanlarını tədqiq edir. Avropa Mərkəzi Bankının (AMB) aparıcı rəsmisi İv Merş isə öz dəyərləndirmələrində daha da irəli gedərək yeni kriptovalyutanın AMB-nin avro üzərində nəzarətini azalda, pul-kredit siyasətinin ötürülməsi mexanizmini zəiflədə, vahid valyutanın beynəlxalq rolunu sarsılda biləcəyini bəyan edib.
Kriptovalyutaların əleyhdarlarından olan ABŞ prezidenti Donald Tramp da müzakirələrdən kənarda qalmayıb. Ağ Ev sahibi “Libra”nın sabitlik və etibarlılıq səviyyəsinin aşağı olacağını bəyan edib: “Əgər “Facebook” bank olmaq istəyirsə, o zaman digərləri kimi bank fəaliyyəti haqqında qanunlara tabe olmalı və müvafiq prosedurlardan keçməlidir”, – o vurğulayıb.
Bu dərəcədə müzakirə obyektinə çevrilən kriptovalyutanı digərlərindən fəqləndirən nədir?
Əvvəla ondan başlayaq ki, dünyanın ilk kriptovalyutası olan “Bitcoin”dən fərqli olaraq “Libra” mərkəzləşmiş olacaq və “Libra Association” adlı 27 şirkətin birləşdiyi konsorsium tərəfindən idarə olunacaq. O, aparıcı valyutalara və dövlət qiymətli kağızlarına bağlı olacaq ki, bu da rəqəmsal valyutanın volatilliyinin çox aşağı olacağına dəlalət edir. Kriptovalyuta bütün dünya üzrə pul köçürmələri, mağaza və servislərdə məhsul və xidmətlərin ödənilməsi üçün nəzərdə tutulub. İlk mərhələdə onu “Facebook”, “Messenger”, “WhatsApp” və “Instagram”da reklam və ticarət sövdələşmələrinin ödənilməsi üçün istifadə edəcəklər.
“Libra Assosiation” çat verir?
Layihəyə qarşı ayrı-ayrı ölkələrin artan sualları investorların əhvalına da təsirsiz ötüşməyib. Belə ki, layihəyə investisiya etməyə söz verən 27 şirkətdən 3-ü geriyə addım ataraq, artıq layihədən uzaqlaşmaq imkanlarını nəzərdən keçirirlər.
“Facebook”un kriptovalyutasını nə gözləyir?
Lisenziyalı maliyyə qurumları ilə əməkdaşlıq etməyi planlaşdıran “Facebook”a leqal rəqəmsal valyuta lazım olacaq. Bunun üçün isə dövlət tənzimləyicilərinin rəsmi icazəsi mühümdür. Lakin şirkət demək olar ki, bütün sahələrdə hakimiyətin müqaviməti ilə qarşılaşır. Burada mühüh məqam “Facebook”un təqdimata cəmi 1 ay qalmış rəsmilərlə dialoqa start verməsi oldu. Bunun nəticəsi kimi layihənin söz verildiyi kimi 2020-ci ilin birinci rübündə işə salınması ciddi təhdid altına düşdü. Bu istiqamətdə müsbət meyllərin yaranması şirkətin hazırda əksərən “Libra”ya etibar etməyən və layihənin dayandırılmasını istəyən ABŞ Konqressinin mövqeyini yumşalda bilib-bilməyəcəyindən əhəmiyyətli dərəcədə asılı olacaq.