LG şirkəti Hindistanda özünün yeni büdcəli smartfon seriyası LG W-ni təqdim etdi. Yeni smartfon seriyasına LG W10, W30 və W30 Pro modelləri daxil oldular. Bu barədə Gagadget saytı xəbər verib. Gəlin ilk öncə LG W10 modelindən danışaq.
![LG W10](https://bizplus.az/wp-content/uploads/2019/06/LG-W10_bizplus.az_.jpg)
Beləliklə bu smartfon plastik materialdan hazırlanmış gövdəyə sahibdir və HD+ keyfiyyətli 6.19 düym FullVision ekranla təchiz olunub. Ekranın yuxarı hissəsində isə damcı formalı çıxıntı hissə və LED işıqlandırma sistemi yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Helio P22 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş həcmi, 13 MP + 5 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
![LG W30](https://bizplus.az/wp-content/uploads/2019/06/LG-W30_bizplus.az_.jpg)
LG W30 modeli isə adi W10-dan fərqli olaraq 6.22 düym ekran, 12 MP + 13 MP + 2 MP üçlü arxa kamera və 16 MP-lik ön kamera ilə təchiz olunub. Digər texniki göstəricilər baxımından hər iki smartfon modeli eynidir.
![LG W30 Pro](https://bizplus.az/wp-content/uploads/2019/06/LG-W30-Pro_bizplus.az_.jpg)
LG W30 Pro modelinə gəldikdə isə bu smartfon 6.21 düym ekran, bir qədər daha güclü prosessor olan Snapdraogn 632, 4 GB RAM, 64 GB daxili yaddaş həcmi, 13 MP + 8 MP + 5 MP üçlü arxa kamera, 16 MP-lik ön kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Hər 3 smartfon modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. LG W10 ilə W30 3 iyul tarixində satışa çıxacaq. LG W10 modeli 130$-a, W30 modeli isə 144$-a satılacaq. W30 Pro modelinin nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağı barəsində məlumatı şirkət daha sonra verəcək.