Koreyada təhsil alıb, Gürcüstanda biznes quran azərbaycanlı gənc

0
3735

Amil bəy, mümkünsə oxucularımız üçün özünüzü qısaca təqdim edərdiniz.

Mən – Amil Bayramov – 1991-ci ildə Gürcüstanın Bolnisi şəhərində dünyaya göz açmışam. 1998-ci ildən 2009-cu ilə kimi Bakıda №271 saylı orta məktəbdə təhsil almışam. 2009-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakültəsində, 2012-2013-cü illərdə isə Cənubi Koreyanın Solbridge International School of Business universitetində “Bachelor of Business Administration” (BBA) fakültəsi üzrə ali təhsil almışam. Tələbəlik illərim aktiv ictimai fəaliyyətdə keçib.

2014-cü ildən bu günə kimi Gürcüstanda sahibkarlıqla məşğulam. Hal-hazırda Tbilisidə yerləşən “Vescor Travel” turizm şirkətinin direktoru və həm-təsisçisiyəm. Eyni zamanda Gürcüstanda yaşayan Azərbaycanlı toplumla sıx ictimai fəaliyyətdəyəm.

Biznes həyatına nə zaman başladınız?

2014-cü ildə ortağımla birgə Gürcüstanda turizm sahəsi üzrə biznes qurmaq fikiri gəldi. Həmin zamandan biznes həyatına start verdim.

Biznes qurmazdan öncə işləyirdiniz mi?

Əsasən maliyyə və turizm sahələrində qısa çalışmalarım olub.

Niyə məhz Gürcüstan?

Bizim biznesimiz əsasən “tourism & hospitality” sahəsi olduğu üçün Gürcüstan ən uyğun yer hesab etmək olar. Necə ki, XX-ci əsrin əvvələrində bütün dünyadan insanlar neft axtarışı üçün Bakıya gəlirdi, hal-hazırda eyni vəziyyət Gürcüstanda turizm sahəsindədir. Yəni, istənilər ölkənin müəyyən sahəsi dünyada yeni bir mövzü çıxana kimi bir müddət aktuallığı qoruyur. Aktuallıqlardan vaxtında istifadə edənlər, sonradan böyük uğur əldə edirlər.

Gürcüstanda biznes qurmaq çətindirmi?

Dünyanın hər bir yerində biznes qurduqda və idarə etdikdə, müəyyən cətinlikləri olur. Azərbaycanda və dünyanın müxtəlif yerlərində biznes quran dostlarım qarşılaşdıqları çətinliklərlə bəzən bölüşürlər. Hər çətinlik isə bütün hallarda fərqlidir. Ümumilikdə ölkədən asılı olmayaraq biznes qurmaq və idarə etmək çətin peşədir və bu normaldır. Rahat peşə olsaydı, onda hamı bizmesmen olardı. 

Sirr deyilsə nə qədər sərmayə ilə başlamısınız biznesə?

İlkin olaraq bir neçə min dollar. Bir müddətdən sonra isə müəyyən düzəliş etdik.

Bildiyimiz kimi Gürcüstanda turizm sektoru inkişaf etməkdədir. Belə bir ölkədə yerli şirkətlərlə rəqabət aparmaq çətin deyilmi?

Gürcüstanın turizm bazarı hələ çox cavandır. Əsl rəqabət Türkiyə, Dubay (BƏƏ), Misir və s. kimi turizm ölkələrində müşahidə olunur. Bütün (incoming) şirkətlər özləri üçün satış bazarları müəyyən edirlər. Köhnə satış bazarlarına girib, yer tutmaq adətən uzun vaxt alır. O səbəbdən, ən yaxşısı yeni satış kanalları (bazarları) yaratmaqdır. Hal-hazırda biz Vescor Travel olaraq, Azərbaycan, Pakistan, Küveyt, Bəhreyn, Qətər, BƏƏ, Belarus və s. kimi satış bazarlarında özümüzü yaxşı hiss edirik.
Uzaq ölkələrdən turist qəbul etmək çox qürur vericidir. Bəzən İndoneziya, Boliviya, Kanada və bunu kimi uzaq ölkələrdən də qonaq qəbul etmək bizə qismət olur.
Dünyada isə 198 ölkə var. Yeni bazarlara lazımı məhsulu uyğun seqmentə düzgün formada çatdırmaq şirkətin özündən asılıdır. Gündən günə rəqabət Gürcüstanda da artır. Nəticə də isə, satış bazarlarına yenilik gətirən şirkətlər mübarizədən qalıb çıxırlar, digərləri isə bazarı tərk etmək məcburiyyətində qalırlar. Məhs ona görə, biz sağlam rəqabətin tərəfdarıyıq.

Sizcə Gürcüstan turizminin son illərdə bu qədər inkişaf etməsinin səbəbi nədir?

Əslində bir neçə səbəbi var. Misal, Gürcüstan elektron viza sisteminə keçməklə yanaşı, bir çox ölkələrin vətəndaşları üçün vizasız giriş icazəsini post-sovet məkanınnda tətbiq edən ilk ölkələrdən biri olub. Eyni zamanda, Gürcüstan dünya turizm bazarı üçün yeni bir ölkə, yeni bir məhsul olduğu üçün xaricilərə ekzotik bir məkan kimi sayılır. Üstə gəl, qiymətlərin münasib olması, unikal təbiəti və tarixi turistlər üçün maraqlıdır. Tbilisi, Batumi və Kutaisi hava limanları beynəlxalq aviaşirkətlər (Wizzair, Atlasglobal, Pegasus, Gulf Air, Wings of Lebanon, Wataniya Airways, Yanair və s.) ilə düzgün razılaşma nəticəsində yeni reyslər açıldı. Beləliklə də, ortaya ucuz aviabilet peyda olundu. Hava uçuşları isə tur paketin qiymət baxımından bəzən 40-50% təşkil edir. Gürcüstan avia bazarında çoxlu xarici aviaşirkətlər var. Bu rəqabət qiymətlərə və marşrut çeşidliyinə təsir etdiyi üçün xaricdə olan turistlər Gürcüstan ilə daha da maraqlanmağa başlayırlar. Bu və digər səbəblər nəticəsində, bütün turistlər hal-hazırda Gürcüstana axın edir.

Əgər turizm şirkəti qurmasaydınız başqa hansı sektorda sahibkarlıqla məşğul olardınız? Ümumiyyətlə Gürcüstanda hansı sahələrdə biznes qurmaq daha gəlirlidir?

Düşünürəm, vaxta və yerə görə ən aktual sahələr üzrə sahibkarlıqla məşğul olardım. Yenidən velosiped icad edib, onun satışına başlamazdım. Harada ki, mənim hər hansı bir yenilik və əlavə dəyər gətirə biləcək sahə varsa, oraya istiqamətlənərdim. Hal-hazırda Gürcüstanda turizm sahəsində görüləsi çox iş var.
Gürcüstanda elə sahələr var, orada bazar tam dolub. Amma burada hələ də çoxlu sahələr varki, öz sahibimi gözləyir, bazar boşdur və düzgün məhsul hələ də yoxdur. Fikirimcə, otelçilik, əyləncə, tikinti, müxtəlif xidmət sektoru və s. “reabilitasiyaya” ehtiyacı var.

Biznes təhsili almağınız biznes qurmağınıza təsir etdi yoxsa sizdə ümumiyyətlə sahibkarlıq ruhu var?

Məncə, məndə sahibkarlıq ruhu var. Heç bir universitet sahibkarlıq ruhunu formalaşdıra bilmir.

Neçə işçiniz var və onlar hansı millətin nümayəndələridir?

Hal-hazırda şirkətimizdə 8 heyət üzvü var. Ştatdan kənar heyət üzvlərimiz də var. Şirkətimizə lazım olan müxtəlif işlər ilə məşğul olurlar.
Hal-hazırda (01/2018) 80% Azərbaycanlıdır, 20% Gürcüdür.

Hansı dilləri bilirsiniz?

Hal-hazırda, Azərbaycan, Rus, İngilis və nisbətən Gürcü dilini bilirəm.

Gələcək planlarınız nələrdir?

Planlarım çoxdur. Amma məqsədim bir dənədir. Milyonlarla insanın tələbatını təmin edə biləcək məhsul və ya xidmət təklif etməklə, biznes həyatımına dəvam etməkdir.

Müsahibə üçün təşəkkür edirik!