Azərbaycanda koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər bəzi biznes sahələrinin zəifləməsinə səbəb olub.
Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) sahibkarlara müraciətində bildirilir. ASK bildirir ki, koronavirus (COVİD-19) xəstəliyinin ölkəmizdə qarşısının alınması üçün Azərbaycan dövləti tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirləri dəstəkləyir: «İnsan həyatı və sağlamlığının qorunması ilə əlaqədar tətbiq edilən bu tədbirlərin hər kəs üçün icrası vacibdir. Azərbaycan biznes ictimaiyyəti də cəmiyyətin və əməkdaşlarının sağlamlığının qorunması ilə əlaqədar ən mütərəqqi, humanist davranış nümayiş etdirir. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tapşırıqlarına və tövsiyələrinə uyğun olaraq işəgötürənlər tərəfindən insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülür».
Bununla yanaşı, ASK bildirir ki, tətbiq edilən məhdudiyyətlər ticarət, xidmət, turizm, nəqliyyat, logistika və bir sıra digər sektorlarda iqtisadi fəaliyyətin zəifləməsinə səbəb olmuşdur. Xüsusilə qeyd etmək istərdik ki, məhdudiyyətlərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə təsiri daha da hiss ediləndir. Ona görə də bu qəbildən olan sahibkarların fəaliyyətinin davam etdirilməsi, eləcə də iş yerlərinin qorunması üçün onların dəstəyə daha çox ehtiyacı vardır.
Artıq bir neçə gündür ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası üzvü olan bütün sahibkarlıq subyektləri ilə sıx təmas quraraq onların iqtisadi vəziyyətini monitorinq edir. Bu məqsədlə sahibkarlara yazılı sorğu ünvanlanmış və bir neçə qaynar xətt təqdim edilmişdir. Hazırda daxil olan sorğular toplanaraq təhlil olunur.
«Hazırda koronavirus pandemiyasının dünya və ölkə iqtisadiyyatı üçün yaratdığı risklərin öhdəsindən dövlət-özəl əməkdaşlığı formasında gələ biləcəyimizə inanırıq. Bu məqsədlə də Sahibkarlar Konfederasiyası dövlətin sosial tərəfdaşı olaraq, təmsil etdiyi özəl sektora həmrəylik nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəlmək üçün birgə çıxış yolu tapmaqda aktiv olmağa çağırır»- deyə müraciətdə bildirilir.