Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov yerli sahibkarlarla görüşüb.
Görüşdə ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən 30-dan çox sahibkarlıq subyekti iştirak edib.
O. Məmmədovun sözlərinə görə, görüşün məqsədi koronavirus infeksiyasının ictimai-iaşə və ticarət sektoruna təsirlərinin və KOB-ların qarşılaşdıqları problemlərin öyrənilməsi, mümkün təsirlərin minimuma endirilməsi üçün çıxış yollarının müzakirə edilməsi, sahibkarların gözləntilərinin və təkliflərinin öyrənilməsidir.
Görüşdə ictimai-iaşə və ticarət sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri koronavirus infeksiyası ilə bağlı restoran, mağaza və ticarət mərkəzlərinin xidmətlərindən az istifadə olunmasının biznesə təsir göstərdiyini qeyd edib, yaranan problemdən çıxış yolları müzakirə olunub, sahibkarlar tərəfindən müxtəlif təkliflər səsləndirilib.