Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara müraciət edib.
Müraciətdə deyilir:
Hörmətli sahibkarlar!
Bu gün bütün dünya qlobal miqyasda koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə aparır. Azərbaycan da ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkə vətəndaşlarının sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması və təsirlərinin minimuma endirilməsi istiqamətində müvafiq preventiv və profilaktik tədbirlər həyata keçirir.
Qlobal pandemiyaya çevrilmiş koronovirus insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da neqativ təsir göstərməkdədir. Azərbaycan da dünya iqtisadiyyatının bir hissəsidir və qlobal miqyasda baş verən proseslər ölkəmizə də təsirsiz ötüşmür.
Koronovirusla bağlı bütün dünyada, o cümlədən ölkəmizdə iqtisadi, mədəni və idman tədbirlərinin təxirə salınması, sərhədlərin bağlanması, turizm, ticarət, ictimai iaşə, sərnişin və yükdaşımaları sektorlarındakı durğunluq, eləcə də ölkəmizdə müxtəlif sahələrdə xüsusi iş rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması təbii olaraq, işgüzar fəallığı zəiflədir, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, eləcə də, KOB subyektlərinə öz mənfi təsirini göstərir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti daim, xüsusilə də ən çətin vaxtlarda hər bir Azərbaycan vətəndaşına öz diqqət və qayğısını əsirgəmir, sahibkarlıq və özəl sektorun inkişafına öz dəstəyini göstərir. Dövlət başçısının koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı martın 19-da imzaladığı Sərəncam və ayrılmış 1 milyard manat həcmində vəsait bunu bir daha əyani şəkildə sübut edir. Eyni zamanda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda tətbiq edilən məhdudlaşdırıcı tədbirlər nəticəsində sahibkarların qarşılaşa biləcəyi itkilərin minimuma endirilməsi üçün hökumət tərəfindən müvafiq təkliflər paketi hazırlanır.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də koronavirus infeksiyasının turizm, ictimai-iaşə, ticarət, yükdaşıma-logistika sektorlarına, xüsusilə də bu sahələrdə fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektlərinə təsirləri ilə bağlı müvafiq təkliflərin hazırlanması prosesində iştirak edir.
Məlumat üçün qeyd edim ki, koronavirus infeksiyasının kiçik və orta sahibkarlığa təsirinin müəyyənləşdirilməsi, yaranmış çətinliklərdən çıxış yollarının müzakirəsi, sahibkarların gözləntilərinin və təkliflərinin öyrənilməsi məqsədilə KOBİA tərəfindən 80-ə yaxın sahibkarın iştirakı ilə görüşlər keçirilib, 700-ə yaxın KOB subyekti arasında sorğular aparılıb. Bu görüşlərdə və sorğularda iştirak edən sahibkarlar, müddətli olaraq vergi və sosial müdafiə ödəmələrinin təxirə salınması, yaranan məşğulluq problemlərinə dəstək, kredit öhdəliklərinin və icarə xərclərinin ertələnməsi və digər gözləntilərdə olduğunu bildiriblər.
Koronavirus infeksiyası ilə bağlı ev şəraitində qalmağa üstünlük verən vətəndaşların gündəlik ərzaq və qida ehtiyaclarının qarşılanması, eləcə də mövcud vəziyyətdən ictimai iaşə və ticarət sektorlarının daha az təsirlənməsi məqsədilə KOBİA təchizatçı, pərakəndə satış və logistika şirkətləri ilə də müxtəlif görüşlər keçirib. Artıq bir sıra sahibkarlıq subyektləri çatdırılma xidməti ilə bağlı təkliflərlə Agentliyə müraciət ediblər. KOBİA bu təşəbbüslərə səlahiyyətləri çərçivəsində dəstək verəcəkdir.
Sevindirici haldır ki, KOBİA-nın koronavirus infeksiyasının KOB-lara mümkün təsirlərinin azaldılmasına biznes tərəfdaşlığı platforması çərçivəsində dəstək göstərilməsi barədə çağırışına qısa müddətdə bir sıra banklar müsbət cavab verdi. Artıq müxtəlif banklar tərəfindən bank əməliyyatları, xarici pul köçürmələri ilə bağlı KOB-lara güzəştlər olunur.
Ölkə sahibkarlarının belə vaxtlarda səylərini və təşəbbüslərini birləşdirməsi, bir-birinə dəstək olması, sosial məsuliyyətini anlaması vacibdir. Sahibkarları ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədilə müxtəlif sektorlarda tətbiq edilən məhdudlaşdırıcı qərarların məsuliyyətini daha yaxşı anlamağa, iqtisadiyyatın, xüsusilə də sahibkarlığın inkişafı naminə dövlətimizlə həmrəy olmağa səsləyirik. Qoyulan qaydalara ciddi əməl etməklə, ən əsası isə dövlətimizlə həmrəy olmaqla sahibkarlıq sektoru mövcud vəziyyətdən daha tez, dövlətimizin dəstəyi ilə isə az itki ilə çıxacaqdır.
Bir məqama da toxunmaq istərdim. Ölkə başçısının 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu fondun vəsaitlərinin formalaşması mənbələri sırasında dövlət büdcəsi ilə yanaşı, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri də yer almışdır. Fürsətdən istifadə edərək, dövlətimizə həmrəylik əlaməti olaraq sahibkarları könüllülük və sosial məsuliyyət prinsipləri əsasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək göstərəməyə çağırırıq.
Bir olaq, dəstək olaq !