Startapın (“Start Up”) iş prinsipləri

    0
    180

    Startapın (“Start Up”) iş prinsipləri

    Qeyd olunduğu kimi startaplar yeni texnologiya və innovasiyaların işlənilməsində maraqlı olan şirkətlərdir. Bu xüsusiyyəti nəzərə alaraq startapların aşağıdakı növlər üzrə bölmək olar:

    – Mövcud bazara yeni məhsul təqdim edən şirkətlər;
    – Yeni bazara yeni məhsul təqdim edən şirkətlər;
    – Mövcud bazara ucuz məhsul təqdim etməyə çalışan şirkətlər;
    – Mövcud bazarda niş məhsul yaratmaq istəyən şirkətlər.

    Araşdırmalara əsasən, özünü doğrultmayan startapların 55%-i 1 milyon ABŞ dolları həcmində investisiya alan şirkətlərdir.
    Onlar vəsaitin azlığı səbəbindən məhsulun tam işlənilməsi, bazara çıxarılması və özünüödəmə nöqtəsinə çata bilmirlər və fəaliyyətlərinə xitam verməyə məcbur olurlar. Araşdırmalara görə, uğursuz startapların 14%-i 1-5 milyon ABŞ dolları, 9%-i 5-10 milyon ABŞ dolları, 8%-i 10-25 milon ABŞ dolları, 13%-i isə 20 milyon ABŞ dolları investisiya əldə edirlər. 2010-2013-cü illər arasında uğursuz olmuş startaplar orta hesabla 11 milyon ABŞ dolları həcmində investisiya əldə etmişdirlər.

    Araşdırmalara əsasən məlum olmuşdur ki, şirkətlər son maliyyə yardımı aldıqdan sonra onların ömrü əsasən 20 ay olur. Bu müddətdən sonra qarşılarına qoyduqları məqsədlərə çatmadıqları üçün fəaliyyətlərini dayandırırlar. Hesabata görə, maliyyə cəlb etməyi bacaran startapların 36%-i 12-20 ay, 35%-i isə 1-12 aydan sonra gördükləri işlərə son verməli olublar. “CB İnsights” təşkilatı bildirir ki, startapların yalnız 3%-i maliyyə aldıqdan sonra 5 il fəaliyyət göstərməyi bacarırlar. Bunlardan bəziləri yenə də uğursuz olurlar.

    2013-cü ildə uğursuz startapların 79%-i internet, 15%-i isə mobil texnologiya kateqoriyasına aid olub. Digər uğursuz layihələr isə domen, elektronika kateqoriyalarına aid edilib.

    “National Venture Capital Association” və “Chronicle of Higher Education” təşkilatları tərəfindən verilən məlumatlara əsasən təhsil startaplarına illik 429 milyon ABŞ dollarına qədər edilən yatırımlara baxmayaraq, bu sahədə hələ də keyfiyyətli layihələrin olmadığı vurğulanır.

    Sözügedən sahələrin ən çox uğursuzluq gətirməsinə baxmayaraq gənclərin böyük əksəriyyəti də məhz bu sahələr üzrə layihələr reallaşdırmağa cəhd edirlər. Gənclərin bu istəyi də özündən əvvəlkilərin böyük uğur qazanması və yüksək gəlir əldə etməsindən doğur.

    Universitetlər tələbələri və fakültələri tərəfindən qabaqcıl tədqiqatlara əsaslanan biznes startaplarının yaradılması istiqamətində öz səylərini gücləndirir. Bəzi universitetlər başlanğıc xərclərin ödənilməsində yardımı əhatə edən fondlar yaradır. Digərləri isə biznes inkubatorların yaradılması, biznesin inkişaf etdirilməsi üzrə proqramların təşviqi, sahibkarlıq təhsilinin artırılması və sahibkarlarla elm adamlarının əlaqələrinin gücləndirilməsi istiqamətində işlər görür.
    Universitetlərdə biznes inkubatorların yaradılması heyətin təhsil, elmi-innovativ layihələrə cəlb olunması, gənc menecer və sahibkarların yetişdirilməsi baxımından olduqca önəmlidir. Həmçinin, biznes inkubatorların yaradılmasının əsas məqsədi tələbələrə öz startap bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi göstərməkdən ibarətdir.
    “Association of University Technology Managers” təşklatının məlumatına əsasən universitetlər və digər elmi tədqiqat institutları tərəfindən 2011-ci ildə 670 startap, 2012-ci ilə 705 startap, 2013-cü ildə isə 818 startap yaradılmışdır.

    Minnesota Universiteti (Minnesota University) universitetdə fəaliyyət göstərən startapları dəstəkləmək üçün 20 milyon ABŞ dolları maliyyə vəsaiti ayıraraq erkən mərhələdə olan vençur maliyyələşdirmə fondu yaratmışdır.

    Visconsin Sistem Universiteti (Wisconsin System University) tərəfindən universitet heyətinin, fakultələrinin və elmi təhqiqat aparan tələbələrin maliyyələşdirilməsi üçün 2 milyon ABŞ dolları həcmində erkən maliyyələşdirmə fondu yaradılıb.

    Kaliforniya Universiteti (California University) startapların tətqiqat aparması üçün vençur maliyyələşdirmə fondunun yaradılmasını təsdiqləyib və ilkin olaraq 250 milyon dollar sərmayə ayırıb.
    Startapın digər xüsusiyyəti onun yeni olmasından irəli gəlir – startapların zəif maliyyə resursları olur. Bunun nəzərə alaraq, son 20 ildə startaplar fəaliyyətə başlayanda ilkin mərhələdə maliyyələşmə üçün 2 əsas mexanizmdən istifadə edirlər: biznes mələkləri və vençur kapitalı (şəkil 1).

    Biznes-mələkləri – hələ ideya mərhələsində olan startaplara pul ayıran fərdi şəxslərdir.

    Vençur fondları isə orta və ya böyük riskli, lakin gəlirlilik səviyyəsi yüksək olan startaplara maliyyə vəsaiti ayırırlar. Vençur fondları da “biznes-mələkləri” kimi hələ yalnız biznes planı olan layihəyə maliyyə vəsaiti ayırırlar. Ancaq onlar bazara çıxan, lakin daha geniş inkişafı üçün pulları olmayan şirkətləri maliyyəşdirməyə daha çox üstünlük verirlər.

    Əmrah Qarayev