Azərbaycanda Startaplar

    0
    99

    Azərbaycanda Startaplar

    Azərbaycanda startapların dəstəklənməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq investisiya ilə məşğul olan bir sıra şirkətlər yaradılmışdır.

    Bunların içərisində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya texnologiyalarının inkişafı dövlət fondunu göstərmək olar. Fondun məqsədi Azərbaycan Respublikasında İKT sahəsində sahibkarlığın inkişafı və onun maliyyə dəstəyi ilə təmin edilməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən, habelə İKT sahəsində investisiya mühitini yaxşılaşdırmaq, yerli və xarici investorların maraqlarının stimullaşdırılmasını təmin etməkdir.

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərə böyük dəstək verir, müxtəlif qrantlar elan edir.

    Hal hazırda Azərbaycanda vençur fondları da mövcuddur – “Khazar Ventures” və “İnfipro” – informasiya texnologiyası, internet və proqram təminatı üzrə ixtisaslaşan bizneslərin başlanğıc mərhələsinə investisiya edən vençur kapitalı şirkətidir. Yeni texnoloji xidmətləri meydana gətirmək məqsədi ilə sahibkarlarla birgə işləyirlər. “İnfipro” tərəfindən bacarıqlı sahibkarların öz ideyalarını reallaşdırılmasına təkan vermək və bizneslərinin genişləndirilməsinə kömək etmək məqsədilə kiçik həcmdə investisiyalar etməyi də nəzərdə tutulub. “İnfipro” yüksək böyümə potensialı olan, xarici bazara gələcəkdə çıxa bilən innovativ şirkətlərə investisiya edir və həmçinin rəqabət mühitində liderlik keyfiyyətlərini nümayiş etdirə bilən şirkətləri dəstəkləyir.

    Bundan başqa müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər “Baku Business Factory”də öz ideyalarını biznesə çevirmək imkanları vardır. BBF-də ofis, mentor və maddi dəstək və davamlı olaraq müxtəlif təlimlərdə iştirak etmək imkanları yaradılmışdır.

     Əmrah Qarayev