Əsas səhifə Biznes Analitika “Klounun paltarına “Dolce & Gabbana”nın etiketini yapışdırsan, yenə aldanan tapılacaq”

“Klounun paltarına “Dolce & Gabbana”nın etiketini yapışdırsan, yenə aldanan tapılacaq”

418

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Lady Sharm” mağazalar şəbəkəsində, həmin mağazaların anbarlarında keçirilən əməliyyat zamanı çoxsaylı qanun pozuntuları, saxtakarlıq və müştərilərin aldadılması halları aşkar edilib. Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan və Çində istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib. Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior” , “İtterre” və digər dünyaca məhşur bredlərin saxta etiketləri tikilərək, dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

Heç kimə sirr deyil ki, bu hal baş verən ilk və son mağazalar şəbəkəsi deyil. Azərbaycanda fəaliyyət göstərən geyim mağazalarının əksəriyyəti məhz gizli sexlərdə tikilən aşağı keyfiyyətli malları brend markalar adı altında alıcılara sırıyıb milyonlar qazanır.

Məsələ ilə bağlı danışan İstehlakçıların maarifləndirilməsi və hüquqlarının müdafiəsi İctimai Birliyinin (İB) sədri, iqtisad elmləri namizədi Azər Sərdarov bildirib ki, sahibkarların bəziləri zəhmətsiz qazanca üstünlük verirlər:

“Az hissə var ki, alın tərilə pul qazanır. Əksəriyyət istehlakçıların cibinə girməyə həvəslidir. Bunun da asan yolu başqasının ideyasını mənimsəyib özlərinə qazanc mənbəyi düzəltməkdən ibarətdir. Sahibkar özü bilir ki, istehsal etdiyi məhsul nədir. Sahibkar bilir ki, unu hardan alıb, nə qədər saxlanma müddəti var, ondan çörək bişirmək olarmı və s. Sahibkar bilir ki, bizim istifadə etdiyimiz benzinin oktanı nə qədərdir. Bu, çörəkdən tutmuş, parfümeriyaya, yanacağa, geyimə qədər belədir. Elə dövrə gəlib çatmışıq ki, klounun paltarının üstünə “Dolce & Gabbana”nın etiketini yapışdırsalar, ona aldanıb alanlar tapılacaq.

Bu problemlərin kökündən həll olunması üçün malın üzərində onun sənədi olmalıdır. Mağaza brend mal satdığını deyirsə, həmin şirkətlə müqaviləsi olmalıdır. Təəssüf ki, malın mənşəyini təsdiq edən, gömrükdən keçdiyini göstərən sənəd yoxdursa belə, malın üzərində nə yazsan bizim istehlakçılar yenə  ona inanacaq. Ona görə də istehlakçı mağaza sahibindən həmin sənədi tələb etməlidir. Əgər o sənəd yoxdursa, deməli həmin mal Binədə, Sədərəkdə, hansısa sexdə tikilib, ya da Çindən gətirilib. İstehlakçı belə tələb qoymur deyə, mağaza sahibi də özünü sənəd təqdim etməyə məcbur saymır”.

“50 manatlıq paltarı 300 manata satırlar”

 A.Sərdarovun sözlərinə görə, Azərbaycan Respublikasında təsdiqlənən ticarət qaydalarına görə, mal satışa çıxarılanda üzərində onun mənşəyini təsdiqləyən sənəd olmalıdır:

“Bizim sahibkarlar da deyir “xoşun gəlir al, xoşun gəlmir xoş getdin”. Bu azmış kimi, “50-70 faizədək endirim kampaniyaları” keçirirlər. Malın üzərində “şok endirim – əvvəl 700 manat-indi 170 manat” yazırlar. Sahibkar onun 700 manatlıq qiymətilə bağlı da sənəd təqdim etməlidir. Amma yoxdur belə sənəd. Niyə? Çünki saxta mal satırlar. Kim necə istəyir elə də alver edir. Eyni mal Sədərək Ticarə Mərkəzində də satılır, brend mağazada da. Eyni mal, eyni birkalardır. Amma di gəl ki, Sədərkdə 50 manatdırsa, brend mağazada 300 manatadır. Ən böyük qəbahət odur ki, sahibkar qanundakı boşluqdan istifadə edib cibini doldurur. Ölkəmizdə ikinci bazara meyl çoxdur, hər adamın gücü çatmır brend mağazalara getsin. Brend mağazalara gedənlərin çoxunun da keyfiyyədən başı çıxmır ki, orjinalla saxtanı ayırd edə bilsin”.

Ekspert deyib ki, müştəriləri aldatma halları yalnız qeyd olunan mağazada – “Lady Sharm”da deyil, əksər ticarət mərkəzlərində və dükanlarda yaşanır:

“Amma hədəf olaraq “Lady Sharm”ın seçilməsi görünür rəqib şirkətin sifarişidir. Bəziləri bu fikirdədir ki, “Lady Sharm” müvafiq qurumlara “haqq verməyib deyə onları ifşa etdilər. Birmənalı şəkildə deyirəm ki, bu dəqiqə Azərbaycanda heç bir mağaza heç yerə hesab vermir. Dövlət başçısının  yoxlamların dayandırılması ilə bağlı qərarı yüksək şəkildə icra olunur.

Ona qalsa, brendlərin saxtalaşdırılması bütün dünyada – Fransada da, İtaliyada da, Amarikada da var. Biz keçid dövrünü keçmişik, amma insanların şüurunda o mədəniyyəti yarada bilməmişik. İnsanlarda hər şeydən karlı çıxmaq acgözlüyü hələ də qalır. Əgər qanun pozulubsa, o sahibkarın marağı səbəbindəndir.

Hazırda İqtisadiyyat, Vergilər, Səhiyyə nazirliklərinin yoxlamaları aparılmır. Deməli Prezidentin fərmanı işləyir. Bircə Qida Təhlükəsizliyi Agentliyinin apardığı müəyyən yoxlamalar qalır, bu da qanun çərçivəsindədir.

Azərbaycanda ən böyük problem qiymətlərlə bağlıdır, bizdə hər şey bahadır. Bizdə icarə haqqı, vergilər, daşınma xərcləri olduqca yüksəkdir. Sahibkar da bu xərclərin yükünü azaltmaq üçün qiymətləri qaldırır. Ona görə məcbur olaraq istehsal etdiyi konfetin yarısına şəkər qatanda, yarısına da toz qatır. Bir tərəfdən məhslun keyfiyyətini aşağ etməklə maya dəyərini azaldır, digər tərəfdən üstünə brend malın adını qoymaqla qiymətini qaldırır. Hər iki halda məqsəd yüksək qazanc əldə etməkdir”.

““Lady Sharm”dan şikayələt çox idi”

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, “Layd Sharm” mağazalar şəbəkəsindən çox sayda şikayətlər alıb:

“Həftədə 2-3 telefon zəngi, ay ərzində isə 3-4 ərizə daxil olurdu. Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərin təxminən 80 faizini telefon zəngləri vasitəsilə həll etmişik”.

Hüquq müdafiəçisinin sözlərinə görə, şikayətlər əsasən alınan malın keyfiyyəti və geri qaytarılması ilə bağlı olub:

“Malın saxta olmasına şübhələr, ölçünün düz gəlməməsi səbəbilə geri qaytarmaq istəyənlər olurdu. Biz hər dəfə məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət edəndə nazirliyin Antihisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə heç bir iş görmürdü. Nəticədə istehlakçıları məhkəməyə yönəldirdilər. Anormal vəziyyət illər idi ki, davam edirdi. Mən özümü çox günahkar hiss edirəm ki, gərək bu məsələni çoxdan ifşa edərdik. Düşünürəm ki, Daxili İşlər Nazirliyi çox gözəl addım ataraq, istehlakçıları aldadanları həbs edib”.

“Proses digər mağazalarda da davam edəcək”

E.Hüseynov qeyd edib ki, bu kimi hallar digər sahələrdə-parfümeriyada, dərman bazarında da var.

“Hazırda stolumun üstündə “Brenner” linzaları ilə bağlı şikayət var. Araşdırma zamanı məlum olub ki, bu linzalar Banqladeşdə istehsal olunur. Ayrı-ayrı adamlar oftalmoloqlarla əlbir olub insanları kor etmək yolunda çalışırlar. Həyatın, iqtisadiyyatın bütün sahələrində belə problemlər var. Düşünürəm ki, ictimai dəstək olmalıdır ki, bu problem kökündən həll edilsin”.

AİB sədri “Əgər əksər mağazalarda bu kimi hallar varsa, niyə hədəf “Lady Sharm” oldu” sualına cavab olaraq, “bu mağazadan daha çox şikayətlər vardı” deyib:

“Bizə daxil olan şikayətlər içərisində “Layd Sharm”dan olanlar daha çox idi. Düşünürəm ki, proses davam etdirilməli və digərləri də ifşa olunmalıdır”.

“Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib.

Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları vurulduğu məlum olub.

Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir/modern.az

Rəy bildir

Please enter your comment!
Please enter your name here