Vergi Məcəlləsinə son dəyişikliklərdə mikrobiznes, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və əlavə dəyər vergisi (ƏDV) üzrə güzəştlər nəzərdə tutulub.
Oxu.Az xəbər verir ki, kiçik və orta biznes (KOB) klasterinə daxil olan şirkətlər KOB reyestrində qeydiyyata alındıqları andan yeddi il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən azad edilirlər.
Həmin şirkətlərin istehsal və emal məqsədilə ölkəyə gətirdikləri texnoloji avadanlıq və qurğular da yeddi il müddətinə ƏDV ödəməyəcəklər.
Bundan başqa, kiçik və orta biznes klasterinin iştirakçısı olan sahibkarlıq subyektləri tərəfindən KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdikləri maldan (işdən, xidmətdən) qazanılan gəlirin kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi yeddi il müddətinə gəlir (mənfəət) vergisindən azad edilir.
İqtisadçı ekspert Rəşad Əliyev qeyd edib ki, indiyədək ölkəmizdə qeyri-neft sektorunda istehsalın genişləndirilməsi məqsədləri üçün müxtəlif ərazilərdə sənaye və texnologiya parkları yaradılıb və qanunvericilikdə həmin subyektlərə vergi güzəştləri nəzərdə tutulub:
“Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, sənaye və texnologiya parklarındakı rezidentlər yeddi il müddətinə mənfəət (fiziki şəxslər gəlir vergisindən), torpaq və əmlak vergisindən azaddırlar. Onlar üçün ƏDV güzəştləri də mövcuddur.
İndi sənaye və texnologiya parklarından əlavə, klasterlərin yaradılması və onların inkişaf etdirilməsi də hökumətin gündəliyindədir.
Qeyd edək ki, prezidentin fərmanı ilə “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” publik şəxsi yaradılıb. Agentliyin fəaliyyətlərinin əsas hədəflərindən biri də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılmasıdır.
R.Əliyev bildirib ki, sənaye və texnologiya parklarından fərqli olaraq, klasterlərin miqyası daha iri olur. Hətta sənaye və ya texnologiya parklarından hər hansı birinin yeni yaradılacaq klasterlərə daxil olacağı istisna deyil. Klasterlərin fəaliyyətinin stimullaşdırılması üçün də sənaye və texnologiya parklarında olduğu kimi, vergi güzəştlərinin verilməsi nəzərdə tutulub.
Ekspert vurğulayıb ki, Məcəllədə “KOB klaster şirkəti” və “KOB klasterinin iştirakçısı” anlayışlarının izahı verilib. Bu isə o deməkdir ki, KOB klasteri şirkəti ilə KOB klaster iştirakçılarına fərqli güzəştlər verilib.
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, sahibkarlıq fəaliyyəti göstərən təsərrüfat subyektləri arasında ən çox dövlət dəstəyinə, güzəşt və stimullaşdırıcı tədbirlərə məhz kiçik və orta biznesin ehtiyacı var:
“İstər kiçik sahibkarlıq subyektlərinin gəlir və xərcin uçotunun aparılması mədəniyyətinin formalaşdırılması və təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirini və xərcini sənədləşdirən vergi ödəyicilərinin öz təsisçilərinə (payçılarına) ödədikləri dividendlərin ödəmə mənbəyində vergidən azad olunmasını nəzərdə tutan müddəa, istərsə də mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün gəlir, mənfəət, əmlak, torpaq vergisi və ƏDV üzrə güzəştlərin tətbiqi ölkədə iqtisadiyyatın inkişafına mühüm töhfələr verəcək”.
Ümumiyyətlə, kiçik və orta biznes klasterinə daxil olan şirkətlərin xərcləri əhəmiyyətli dərəcədə azalacaq.
“KOB klasterinə daxil olan şirkətlər tərəfindən istehsal və emal məqsədilə texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün verilən güzəşt daha çox gəlir əldə etməyə şərait yaradacaq.
Qısa desək, ölkədə mikro, kiçik və orta sahibkarlıq fəaliyyəti üçün gələn il tətbiq olunacaq güzəştlər, əsasən, iki məqsədə xidmət edir: xərcləri azaltmaq və daha çox gəlir əldə etməyə maraq yaratmaq. Bu isə inkişaf və artım üçün əsas tələb olunan şərtlərdir”.