Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi müzakirə edilib

0
952

“Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi”nin təfsilatlı tədbirlər planı müzakirə edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, İİTKM və “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” üzrə İqtisadiyyat Nazirliyinin rəhbərliyi ilə yaradılmış işçi qrupun birgə iclası keçirilib. İclasda “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi”nin təfsilatlı tədbirlər planı müzakirə edilib.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Strateji Yol xəritələrinin icrası, monitorinqi və qiymətləndirilməsi, bütövlükdə idarəetmənin səmərəliliyinin, şəffaflığının və hesabatlılığının daha da artmasını təmin edir. Təsadüfi deyil ki, Azərbaycanda aparılan uğurlu iqtisadi islahatlar qısa zamanda öz nəticələrini verib: 2017-ci il sabitləşdirmə ili olaraq qeyri-neft ixracının artması, makroiqtisadi sabitlik və infrastrukturun daha da yaxşılaşdırılması ilə yadda qalıb. Strateji Yol xəritələrinin monitorinq və qiymətləndirmə metodologiyasının inkişafında BMT İnkişaf Proqramı və Dünya Bankı yaxından iştirak edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində bütün Strateji Yol xəritələri üzrə yaradılmış işçi qrupları ilə təfsilatlı tədbirlər planının müzakirəsi davam etdirilir. Burada məqsəd Strateji Yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi məqsədilə İİTKM ilə icraçı qurumlar arasında koordinasiyanın daha da gücləndirilməsindən ibarətdir.

Qeyd edək ki, 2016-cı il dekabrın 6-da dövlət başçısı tərəfindən təsdiq olunan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.2-ci bəndinə uyğun olaraq Strateji Yol xəritələrində nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirir.

Xatırladaq ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.