Əsas səhifə Biznes Keyfiyyət ən vacib şeydirmi?

Keyfiyyət ən vacib şeydirmi?

1194
Paylaş
10 - Copy
Anar Bayramov

Tez-tez eşitdiyimiz bir cümlə var: “Gec olsun, yaxşı olsun”, və ya “Gec olsun, keyfiyyətli olsun”. Nə dərəcədə düz yanaşmadır bu? Bu haqda yazmaq istəyirəm.

Əvvəlcə xatırlatmaq lazımdır ki, “keyfiyyət” mütləq göstərici deyil, nisbi göstəricidir. Keyfiyyət nəyinsə gözlənilən standartlara nə dərəcədə uyğun gəldiyini, cavab verdiyini göstərir. Yəni kimin üçünsə keyfiyyətli sayılan bir şey digəri üçün (gözləntisindən asılı olaraq) keyfiyyətli olmaya bilər.

Bir dostum var, deyir məhsulumuzun keyfiyyətini artırdıq deyə qiymətini də artırdıq, nəticədə satış azaldı. Cavabım o oldu ki, müştəri üçün (müştərinin düşüncəsində) siz qiyməti artırmısınız, keyfiyyəti yox. Onun sizin məhsuldan (brenddən) gözlədiyi keyfiyyət elə əvvəlkidir. O gözləntiyə daha artıq pul xərcləmək istəmir. Söhbət bundan gedir.

Ümumiyyətlə, gözləniləndən (tələb olunandan) artıq keyfiyyəti yüksəltmək israfdır biznesdə. İsrafdır, yəni boşuna çəkilən xərcdir, bəzi hallarda boşuna itirilən vaxtdır və s.

“Gec olsun, daha keyfiyyətli olsun” yanaşması da birmənalı doğru yanaşma deyil biznesdə. Bir çox hallarda mənasız perfeksionizmdir bu. İtirilən vaxt doğrudanmı qazanılan əlavə keyfiyyətdən daha dəyərsizdir? Məsələyə balanslı baxmaq lazımdır.

Şirkətlər hər zaman konfliktli məqsədlərin içində idarə olunurlar. Bunlardır o məqsədlər:

  • Xərc
  • Keyfiyyət
  • Sürət
  • Vaxtındalıq
  • Elastiklik

Şirkət xərci aşağı salmaq istəyir, daha keyfiyyətli iş ortaya çıxarmaq istəyir, işi vaxtında görmək istəyir, işi tez görmək istəyir, daha elastik olmaq istəyir.

Bu istəklər, bu məqsədlər konfliktdədirlər həmişə. Keyfiyyəti həddən çox artırmaq istəyirsənsə, xərci aşağı sala bilməyəcəksən, və ya daha çox vaxt lazım olacaq, vaxtında çatdıra bilməyəcəksən, müştərilərin istəklərinə münasibətdə çox da elastik ola bilməyəcəksən və s.

İndi bir daha sual verirəm:  “Keyfiyyət ən vacib şeydirmi biznesdə?”. Əlbəttə ki, yox. 1) Keyfiyyətin nə dərəcədə tələb olunduğunu anlamalıyıq. 2) Keyfiyyəti yüksəltməyin faydası ilə digər konfliktli biznes məqsədlərinə təsiri müqayisə etmək lazımdır.

  • Keyfiyyət artımının gətirdiyi əlavə xərcə dəyərmi?
  • Keyfiyyət artımına sərf olunan vaxta dəyərmi?
  • Keyfiyyət artımı ilə işləri tələb olunan vaxtda görə biləcəyikmi?
  • Keyfiyyət artımı nə dərəcədə lənglik yaradacaq biznesdə? Müştərilərin dəyişən istəklərinə çevik şəkildə reaksiya verə biləcəyikmi?

Ümumiləşdirsək, keyfiyyətə ayrıca deyil, balanslı baxmaq lazımdır.

Bu dediklərimiz təkcə keyfiyyətə aid deyil. Heç xərc də ən vacib deyil biznesdə. Xərcləri azaltmaq ən doğru iş deyil biznesdə. Başa düşürəm, xərcləri azaltmaq istəyini dilə gətirməklə bir çoxları “şirkətin qeyrətini çəkdiyini” düşünür. 🙂Xərci azaldanda keyfiyyəti riskə qoya bilirik. Və ya xərcləri azaltmaq istəyi bəzən vaxtda bizi geri sala bilir. Öz təcrübəmdən deyim. Yeni məhsul buraxırdıq, elə alındı ki, məhsulda dəyişiklik edəsi olduq, tədarükçü şirkət bu dəyişikliyə görə əlavə 5,000 EUR (şərti) pul istədi. Şirkətin o xərci çəkməməsi üçün 1 aya yaxın yazışdıq tədarükçü ilə. Dəyərdimi bu çabaya? Şirkəti 5,000 EUR qabağa saldığımızı düşünə bilərik. Amma məhsul 1 ay əvvəl bazara çıxsaydı, onun 1 aylıq satışından əlavə bəlkə, 50,000 EUR mənfəət qazanmaq olardı. Xərci azaltmaq istəyəndə vaxtı qurban veririk, nəticəsi belə olur.

Bütün deyilənlərin yekunu olaraq qeyd edək ki, balanslı yanaşma lazımdır biznesdə. Kompleks baxış lazımdır, birtərəfli deyil. Bu zaman nəticə daha arzuolunan olacaqdır.

Müəllif: Anar Bayramov