Kanadada şirkət açan azərbaycanlı “Harada işləməyinizdən asılı olmayaraq, mütləq özünüzə uyğun qaydalarınız olmalıdır”

Date:

Paylaş:

Ruslan İsmayıl-zadə: “Dünya elə tez inkişaf edir ki, sürətinə çatmaq mümkün deyil”

Dözümlü, məqsədli, mübariz, çətinlikdən deyil, rahatlıqdan qorxandır. Şansa inanmır. Deyir ki, şansı belə, insan çalışaraq yaradır. Karyera yolunda ən böyük dayağı isə təhsilidir. Ona görə, təhsilin, savadın, biliyin açmayacağı qapı yoxdur.
 
Müsahibimiz Kanadada Moirai Reach Immiqrasiya Şirkətinin həmtəsisçisi, Kanada İmmiqrasiya və Vətəndaşlıq Kollegiatının həqiqi üzvü, immiqrasiya məsələləri üzrə məsləhətçi Ruslan İsmayıl-zadədir.
 
Gəncədə anadan olub və orta təhsilini də orada alıb. Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsini əla qiymətlərlə bitirib. Bakalavr təhsilindən sonra Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin prestijli “Fulbright” proqramını qazanıb və bu ölkəyə gedib: “Həyatım daha maraqlı olmağa başladı. Çünki Amerikada iki universitetdə – Pensilvaniya Universiteti və Old Dominion-da təcrübə qazanmaq şansım oldu. Qlobal siyasət fakültəsini bitirdim. Amerikada olduğum müddətdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Siyasi Əlaqələr üzrə Departamentində çalışdım. Bundan əlavə, NATO-nun Amerikadakı qərargahında sosial media üzrə bəzi tədqiqatlar apardım. Daha sonra Amerika Birləşmiş Ştatlarının Milli Müdafiə Universitetində NATO üzrə tədqiqatları davam etdirdim. Bu tədqiqatlar mənə imkan verdi ki, beynəlxalq münasibətlərdə qlobal təhlükəsizlik sahəsində özümü peşəkarlaşdırım. Sonra Azərbaycana qayıtdım və bir müddət Vergilər Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsində işlədim. 6 il BMT-nin İnkişaf Proqramı və rezident əlaqələndirici ofisinin mətbuat katibi vəzifəsində çalışdım. Həmin dövr olduqca uğurlu idi. Çünki Azərbaycan hökuməti və donorlarla tərəfdaşlıq, dayanıqlı inkişaf sahəsində yardım etmək, gənclər, qadınlar, ətraf mühitlə bağlı böyük layihələr həyata keçirirdik. Layihənin məqsədlərini ictimaiyyət və donor icmalarına doğru çatdırmaq, tərəfdaşlıq sahələrində kömək etməyim mənə böyük təcrübə qazandırdı. Həmin vaxtlardan sığınacaq, qaçqın hüququ, immiqrasiya sahəsinə marağım artdı. O vaxt qərar verdim ki, artıq yeni dövrə keçməliyəm və öz karyeramı qlobal olaraq qurmalıyam. Kanadaya immiqrasiya etdim. Burada təcrübə və biliklər əsasında gəncləri dəvət edən immiqrasiya proqramları var. Sənin biliyin varsa, sərhədsiz bir dünyada yaşayırsan. Kanadada qaçqın hüququ və immiqrasiya sahəsində təhsil aldım. Burada immiqrasiya və vətəndaşlıq kollegiyasının üzvü oldum və öz şirkətimi açdım.
 
 
– Ruslan bəy, iş üçün getdiyiniz ölkələrdə belə, ilk olaraq təhsil almısınız. Təhsil sizin üçün nədir? 
– Hazırda York Universitetində marketinq üzrə təhsil alıram. Təhsil səni inkişaf etdirir. Təhsil insana elə bir səlahiyyət verir ki, onu heç kim edə bilməz. Nizami Gəncəvinin özü də deyir ki, qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz. Bu gün sizin pulunuz ola bilər. Amma onun sabah  dayanıqlı olacağını, sabit qalacağını bilmirsiniz. Təhsil elə bir sahədir ki, sən ancaq ona əlavə edə bilirsən, heç nə çıxa bilmirsən. Mən indiyə qədər həyatımda olan sabitliyi aldığım təhsilə borcluyam. Mənim üçün təhsil bakalavr, yaxud magistratura ilə bitmir. Davamlı təhsilin tərəfdarıyam. Çünki dünya elə tez inkişaf edir ki, sürətinə çatmaq mümkün deyil. Məsələn, bugünkü kommunikasiya vasitələri sabahkından çox fərqli olacaq. Texnologiya dünyasında yaşamaq səndən təhsilini inkişaf etdirməyi, bir sahədə yox, bir çox sahələrdə şaxələndirməyini tələb edir. Hara gedirəmsə, o ölkənin təhsilini mədəniyyətini öyrənməyə çalışıram. Orada hansısa texniki bilikləri öyrənmək, peşə təhsilini almağa cəhd edirəm. Həmişə çalışıram ki, hansısa sahədə az da olsa, biliyim olsun. Mənim üçün təhsil əvəzsizdir.
 
– Azərbaycanda uğurlu karyeranızı göz ardı edib Kanadada sıfırdan başladınız. Rahatlığınızı necə qurban verdiniz?
– Düzdür, mən BMT-də işləyərkən kifayət qədər rahat yaşayırdım. Əgər sadəcə maaşla kifayətlənsəydim, uğur qazana bilməzdim. Çalışırdım ki, heç nəyim rahat olmasın. Bu səbəbdən mən Azərbaycanda özümə maşın da almadım. Həmişə komfort zonadan qaçırdım ki, rahatlığa öyrəşməyim. Düşünürəm ki, bütün gənclər öz komfort zonasından qaçmalıdırlar. Komfort zona səni kökəldir, inkişaf etməyə qoymur, digərlərinə qulaq asmağa, asılı olmağa vadar edir və tənbəlləşdirir. Buna görə çalışmışam ki, əziyyət çəkim. O əziyyət məni gələcəkdə inkişaf etməyə, hansısa bir sahəni öyrənməyə, biznes qurmağıma sövq edir. Ona görə də elə bir məqam yarandı ki, başqa ölkələri də gəzməliyəm və fərqli ölkələrdə təcrübəm olmalıdır deyə düşündüm. Bu təcrübə üçün Kanadaya gəldim. Mən Azərbaycanda böyümüşəm. Ölkəmdən imtina etmərəm və bəlkə nə vaxtsa qayıdıb biliyimlə onun inkişafına töhfəmi verəcəm. Amma bir azərbaycanlı kimi gəzmək, başqa bir ölkənin hüquq sahəsini öyrənmək mənim üçün qlobal təcrübədir.
 
 
 
– Hazırkı iş xüsusiyyətlərinizdən danışırdınız. Şirkətiniz Kanadada hansı işləri həyata keçirir?
– Bizim şirkət təkcə immiqrasiya sahəsində konsultasiya vermir. Həm də buraya gələn immiqrantların oturumu ilə də məşğul olur. Məsələn, şirkətimiz 2 suriyalı qaçqına, 30-dan çox insanın sığınacaq almasına yardım edib. Təxminən 150-yə yaxın insanın immiqrasiya məsələlərinə kömək etmişik. İmmiqrantlar olduqca həssas qruplardır. Biz onların inkişaf etməsi üçün və rahat yerləşmələri üçün xidmətlərimizi əsirgəmirik. Çalışırıq ki, hər şey qanuni olsun. İmmiqrasiyanın özü elə bir şeydir ki, həmişə sizi qaçaqmalçılara birləşdirə bilər. Ümumilikdə mən və komandam miqrasiyadan tutmuş qaçqın hüququ, sığınacaq, təhsil icazəsinin alınması və s bütün bu məsələlərlə məşğul olur.
 
– Bu sahədə immiqrantların etdiyi ən böyük səhvlər nədir?
– Kanada digər ölkələrdən fərqli olaraq immiqrantları “green card” kimi qəbul etmir. Onları təhsil səviyyəsinə, dil bacarıqlarına, iş təcrübəsinə və yaşlarına görə qəbul edir. Məhz bu faktorlar nə qədər yüksək olarsa, uğur qazanmaq imkanın daha çox olur. Kanada immiqrantları ölkəyə buraxmazdan öncə seçir. Yəni ölkəyə lazım olan potensiallı qrupu cəlb edir. Əlbəttə immiqrantın ən birinci səhvi onların komfort zonanı sevmələri olur. Düşünürlər ki, onlar öz ölkələrində daha yaxşı yaşamışdılarsa, burada da yaxşı yaşamalıdırlar və hansısa kaprizləri olur. Bu immiqrantların ən böyük çətinlikləridir. Komfort zonada qalırsansa, sən yerli icmalara inteqrasiya edə bilmir, ancaq öz təcrübəni saxlayırsan və ona uyğun təcrübə ilə iş axtarmaq istəyirsən. İmmiqrasiya elə bir məqamdır ki, kainatdakı kimi sizi qara dəliyə salır. Sənin oradan necə çıxmağın və immiqrasiya dövründə özünü necə formalaşdırmağın olduqca həlledici məqamdır. İmmiqrasiya səni pis yerə də apara bilər, yaxşı yerə də. Burada immiqrantların təcrübəsinin yerli Kanada səviyyəsinə uyğunlaşdırılması üçün böyük proqramlar var. Biz onları bu proqrama yönləndiririk ki, orada oxusunlar, çalışsınlar. Sənin hansısa bacarığın varsa, öz karyeranı qura bilərsən. İmmiqrantlar komfort zonadan çıxmalıdırlar. Çünki onlar artıq öz ölkələrini tərk ediblərsə, demək bu riskə gediblər.
 
 
 
– Azərbaycan üçün darıxırsınızmı?
– Azərbaycan üçün çox darıxmışam. Bu yaxınlarda dayı olmuşam. Darıxmağım ikiyə qatlanıb. Azərbaycanda dostlarım, ailəm, anam var. Nə qədər burada yemək bişirsək də, Azərbaycanın təamını, ətrini heç bir yer verə bilmir. İnsan yaşa dolduqca da çalışır ki, ölkəsinə yaxınlaşsın. Kanada çoxmillətli ölkədir. Burada müxtəlif ölkələrin nümayəndələrini hər zaman görə bilirsən. Amma azərbaycanlını mən 20 metr uzaqdan tanıyır, hərəkətindən hiss edirəm. İnsan gənc yaşında fərqli ölkədə yaşayıb, fərqli insanlarla tanış olmaq istəyir. Amma yaşa dolduqca, öz yuvasına qayıdır. Nə qədər xarici dilləri bilsən də, öz dilində danışmaq istəyirsən. Ona görə də biz Kanadada Azərbaycan peşəkarlarının şəbəkəsini yaratmışıq. Hərdən bir araya gəlir və bir-birimizə kömək edirik.
 
– İş həyatınızda “olmazsa olmaz” dediyiniz qaydalarınız varmı?
– Mən dəqiqliyi sevirəm. Çalışıram ki, hər şey vaxtında olsun. Əlimdə bir neçə iş olsa belə, bu o deməkdir ki, mən yatmayacam və o işləri mütləq bitirəcəm. Harada işləməyinizdən asılı olmayaraq, mütləq özünüzə uyğun qaydalarınız olmalıdır. Bu qaydalara əməl edə bilmirsinizsə, bütün sahələrdə uduzursunuz.  Plana və qaydalara uyğun qanunla hərəkət etmək mənim üçün etalondur.
 
 
 
Qız övladlarının təhsili ilə bağlı həssas münasibətiniz var. Qadının təhsil alması, qız övladının cəmiyyətdə rolunu necə qiymətləndirirsiniz?
– Bu, mənim öz həyatımdan irəli gəlir. Atam Qarabağ müharibəsində aldığı zərbədən bir neçə il sonra vəfat etdi. Atamı itirəndə mənim 7, bacımın isə 8 yaşı var idi. Anam həkim ola-ola həm məni, həm də bacımı karyerada yüksək pillələrə qədər çatdıra bildi. Bu, mənim qadınların cəmiyyətdə rolu ilə bağlı fikirlərimə təsir etdi. Bundan əlavə, BMT-də biz kənd qadınların iqtisadi və sosial olaraq güclənməsini nəzərdə tutan layihələr həyata keçirirdik. Azərbaycanda çox güclü qadınlar var. Kanadada belə, güclü azərbaycanlı qadınlar, gələcəkdə ölkəmizə lazım olacaq qadın beyinləri var. Qadınlara hər zaman dəstək olmaq lazımdır. Bunun üçün biz kişi olaraq onları dəstəkləməliyik.
 
– Ruslan bəy, sizcə uğur şansla bağlıdır, yoxsa çox çalışmaqla?
– Mən şansa inanmıram. Biz həyatda hər şeyi özümüz qazanmalıyıq. Əgər nə isə ediriksə, şans yaranır. Yəni şansın yaranması üçün belə özümüz zəmin yaradırıq. Bəlkə kimsə düşünür ki, onun uğur qazanmasında şansın rolu çoxdur. Mən belə düşünmürəm. Bu, şans deyil, hansısa bir fəaliyyəti etmək üçün açılan qapıdır. O insan ki, öz üzərində işləyir, ondan səmərəli istifadə edirsə, həmin o açıq qapını uğura çevirə bilir. Gənclər həmişə bilməlidirlər ki, onlar nə edəcəklərsə, öz əməkləri vasitəsilə edəcəklər. Biz qlobal dünyada yaşayırıq və informasiyaya çıxışımız var. Onları öyrənməklə, öz üzərimizdə çalışmaqla, yeni bacarıqlar əldə etməklə hər kəs uğura nail olar.
 
 
– Sizin uğur formulunuz nədir?
– Dözümlülük. Mütləq dözümlü olmaq və öz üzərində işləmək lazımdır. Bu o demək deyil ki, Kanada mənim sonuncu dayanacağımdır. Ola bilər ki, başqa bir ölkə axtarım, təcrübə toplayım. Uğurumun sirri yerimdə dayanmamaq, həmişə mübarizə aparmaqdır. Mübarizə aparanda məndə hər şey alınır. Bir dəfə anlamırsansa, 5 dəfə cəhd etmək lazımdır və ən əsası, dinləmək bacarığın olmalıdır. Mən dinləməyi sevirəm. İnsan var ki, özü öyrənir və öyrəndiklərini öyrədə-öyrədə gedir. Heç kimi dinləmir. Mən qulaq asmağı, insanlardan öyrənməyi və öyrəndiklərimi birləşdirməyin tərəfdarıyam.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...