İxrac nəzarətinə düşən mallar üzrə xüsusi icazənin verilməsi qaydaları dəyişib

1
676

Nazirlər Kabineti “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”nda dəyişikliklər edib.

APA-nın məlumatına görə, bu Qaydalar ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) nəzarət siyahısı üzrə ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə xüsusi icazənin verilməsi qaydalarını müəyyən edir.

İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun kodlar üzrə, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə müvafiq dövlət orqanları tərəfindən verilən xüsusi icazə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (sifarişçilər) tərəfindən bu Qaydalarda göstərilən əməliyyatların hər hansı birini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

Dəyişiklik xüsusi icazə almaq üçün sifarişçilərin ixrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısında göstərilən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xarici iqtisadi əməliyyatların növlərindən asılı olaraq, müvafiq dövlət orqanlarına təqdim etməli olduqları sənəd  və məlumatlarla bağlıdır.

Bundan sonra xüsusi icazə almaq üçün ərizədə malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat  tələb olunmayacaq. Eyni zamanda ixrac edilən malın mənşə sertifikatının əsli deyil, surəti tələb olunacaq.

1 COMMENT