İtaliya mətbuatı: İtaliya 2017-ci ildə Azərbaycanın ən böyük ticarət tərəfdaşı olub

2
2290

Azərbaycan və İtaliya arasında ikitərəfli ticarət dövriyyəsi haqqında statistik məlumatlar İtaliya mətbuatında geniş işıqlandırılıb.

İtaliyanın “Notiziegeopolitiche”, “Agenparl”, “Azerbaijannews.eu” xəbər saytları və digər kütləvi informasiya vasitələri tərəfindən yayılmış məqalələrdə 2017-ci ildə İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olması haqqında məlumatlar yer alıb.

AZƏRTAC xəbər verir ki, yazılarda ikitərəfli ticarət dövriyyəsi 2016-cı ildə 1.8 milyard ABŞ dolları olduğu halda 2017-ci ildə bu göstəricinin 2.3 dəfədən çox artdığı barədə məlumat verilir.

Azərbaycan və İtaliya arasında ticarət dövriyyəsi 2017-ci ilin nəticələrinə görə 4,72 milyard ABŞ dolları təşkil edib və bu göstəricinin Azərbaycanın xarici ticarət dövriyyəsinin 20,91 faizinə bərabər olduğu bildirilir.

Məqalələrdə Azərbaycandan İtaliyaya 2017-ci il ərzində 4,4 milyard ABŞ dolları dəyərində ixrac həyata keçirildiyi diqqətə çatdırılır ki, bu göstəricinin də ölkəmizin ixracatının 31,9 faizinə bərabər olduğu qeyd edilir.

İtaliyadan Azərbaycana idxal olunmuş məhsulların dəyəri isə 318 milyon dollar olub ki, bu da ölkəmizin idxalatının 3.63 faizini təşkil edib.

Bu göstəricilərə əsasən, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı, ən böyük ixrac məntəqəsi və yeddinci böyük təchizatçısı (Rusiya, ABŞ, Türkiyə, Çin, Ukrayna və Almaniyadan sonra) kimi qərarlaşıb. Bununla da İtaliya Avropa İttifaqı ölkələri arasında Almaniyadan sonra Azərbaycanın ikinci böyük təchizatçısına çevrilib.

Azərbaycan, həmçinin İtaliyanın ən böyük xam neft təchizatçısına çevrilib və İtaliyanın idxal etdiyi xam neftin 18,6 faizi ölkəmizin payına düşür.

2 COMMENTS