İşəgötürənlərə işçi sayı və əmək haqqı ilə bağlı tövsiyələr verilib

Date:

Paylaş:

Vergilər Nazirliyi “Əmək münasibətlərinin şəffaflaşdırılması sahəsində vergi nəzarətinin gücləndirilməsi barədə Konsepsiya”nı yeni redaksiyada təsdiq edib.

Bizplus.az məlumat verir ki, Konsepsiya vergi nəzarəti tədbirləri ilə əhatə olunan vergi ödəyicilərində muzdlu işlə əlaqədar ödənilən gəlir vergisi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta üzrə uyğunsuzluqların araşdırılmasını və müvafiq tədbirlərin görülməsini müəyyən edir.

İqtisadi artımın dinamikliyi fonunda dövlətimizin qarşıya qoyduğu əsas məqsədlərindən biri hər kəsin ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq layiqli həyat səviyyəsini təmin etmək, işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək münasibətlərinin leqallaşdırılmasını təmin etməkdir. Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, qeyri-neft və qeyri-dövlət sektorunda çalışan şəxslərin muzdlu işlə əlaqədar 8.000 manatadək əldə etdikləri gəlirlərinin 7 il müddətində vergidən azad olunması və Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamı ilə minimum əməkhaqqının ölkə üzrə 250 manata qaldırılması əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində aparılan siyasətin bariz nümunəsidir.

Lakin iqtisadiyyatın ayrı-ayrı sektorlarında çalışan bir sıra vergi ödəyicilərinin təqdim etdikləri vergi bəyannamələrində, sosial sığorta və işsizlikdən sığorta hesabatlarında əks etdirdikləri əməkhaqqı məbləğləri təsərrüfat subyektinin real potensialı, eləcə də həmin sektor üzrə fəaliyyət göstərən və əmək haqlarının düzgün müəyyən edilməsinə üstünlük verən vergi ödəyicilərinin əməkhaqqı məbləği göstəriciləri ilə uzlaşmır və hətta onlardan bəzən bir neçə dəfə aşağı olur.

İşçi sayı, əmlakı və dövriyyəsinin həcmi daha çox olan müəssisələrdə belə, bir sıra hallarda direktor, baş mühasib, menecer kimi vəzifələr üçün müəyyənləşdirilmiş əmək haqları sıravi işçilər üçün müəyyən edilən məbləğlərlə eynilik təşkil edir. Bundan başqa, vergi ödəyicisi tərəfindən muzdlu işə cəlb edilməli olan, işin mahiyyətinin muzdlu iş hesab edilməsi üçün əhəmiyyətli əsaslar olan, lakin vergi ödəyicisi tərəfindən vergidən yayınma məqsədilə işə cəlb edilən şəxslə (həmin şəxs mikro sahibkar olaraq, gəlir vergisi ödəyicisi kimi qeydiyyata alınır) xidmət müqavilələri bağlanılır.

Eyni zamanda, əksər vergi ödəyiciləri tərəfindən vergidən yayınmaq məqsədilə işçilərlə bağlanmış müqavilələrə əsasən ödənilən əməkhaqqı məbləğləri ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı məbləği səviyyəsində göstərilir ki, bu da vətəndaşların sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir.

Vergi ödəyiciləri tərəfindən muzdla işləyən işçilərinə uçotdankənar əmək haqlarının verilməsi və əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi hallarının mövcudluğu bu işçilərin gələcək sosial təminatını təhlükə altında qoymaqla sosial sığorta ödənişlərinin azalmasına da səbəb olur. Bu cür hallar əmək münasibətlərində vergi nəzarətinin daha da gücləndirilməsinə ehtiyac yaradır. Təsdiq olunmuş yeni konsepsiyanın da əsas məqsədi belə riskli vergi ödəyicilərini müəyyən edərək onlarla bağlı tədbirlər görülməsidir. Buna nail olmaq üçün işçi sayı və əməkhaqqı fondu üzrə risklərin müəyyən edilməsi, yerli vergi orqanlarında əmək münasibətlərinə nəzarət üzrə komissiyanın təşkil olunması, eləcə də əmək münasibətləri üzrə riskli vergi ödəyiciləri ilə işlərin təşkili nəzərdə tutulub.

Konsepsiyaya əsasən, əmək münasibətləri sahəsində işçi sayı və əməkhaqqı fondu üzrə risklər bəyannamə və “Əmək müqaviləsi bildirişi” altsisteminin məlumatları əsasında təhlil olunmaqla müəyyən ediləcək. İşəgötürənlərə işçi sayı və əməkhaqqı fondu ilə bağlı aşağıdakı hallara yol verməmələri tövsiyə olunur:

  • ixtisassız əməyə görə hesablanan əməkhaqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əməkhaqqı məbləğindən aşağı qeyd olunması;
  • əvvəlki dövrlə müqayisədə işçi sayının artırılmasına baxmayaraq, 1 işçiyə düşən orta aylıq əməkhaqqı fondunun azaldılması;
  • əməkhaqqı fondunun “Əmək müqaviləsi bildirişi” altsistemində eyni ərazi, fəaliyyət sahəsi və peşələr (vəzifələr) üzrə orta aylıq əməkhaqqı məbləğindən aşağı göstərilməsi;
  • əməkhaqqı fondunun Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş “İqtisadi fəaliyyət növləri üzrə peşə və vəzifələr barədə” məlumata əsasən müəyyən edilmiş orta aylıq əməkhaqqı məbləğindən aşağı olması;
  • vergi ödəyiciləri tərəfindən işçiləri öz hesabına məzuniyyətə buraxmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınması;
  • vergi ödəyiciləri tərəfindən işçilər üzrə ezamiyyə xərclərini əvvəlki dövrlərlə müqayisədə artırmaqla əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınması;
  • vergi ödəyiciləri tərəfindən əməkhaqqı fondu üzrə öhdəliklərdən yayınma məqsədilə işçiləri ilə mülki-hüquqi müqavilə bağlamaq.

Risk qrupuna daxil olan vergi ödəyicilərini müəyyən etmək üçün Vergilər Nazirliyinin informasiya sistemləri ilə yanaşı, “Əmək müqaviləsi bildirişi” altsistemindən istifadə olunması nəzərdə tutulub. Təhlillər aparılarkən nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsində göstərilib ki, ixtisaslı əməyə və xidmətə görə işçiyə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən məbləğ verilə bilməz.

Konsepsiyaya əsasən, yerli vergi orqanları həmin risk meyarları üzrə vergi ödəyicilərinin siyahısını tərtib edəcək. Bu zaman vergi ödəyicisinə ilkin olaraq “Əmək münasibətləri üzrə yayınma riskləri barədə” bildiriş göndəriləcək. Real işçi sayının və əməkhaqqı məbləğinin dürüstləşdirilməsi məqsədilə vergi ödəyicisi vergi orqanına dəvət olunacaq və görüş zamanı vergilərin, o cümlədən işçi sayının və onlara ödənilən əməkhaqqı məbləğinin real potensiala uyğun əks etdirilməsi təklif olunacaq. Zəruri hallarda isə vergi ödəyicisinin razılığı ilə “Əməkhaqqı ilə bağlı könüllü öhdəlik” qəbul ediləcək. Vergi ödəyicisi ona təqdim olunan dəlil və sübutlarla razılaşmadıqda və ya vergi orqanına gəlməkdən imtina etdikdə, vergi nəzarəti tədbirinin həyata keçirilməsi üçün aidiyyəti struktura təqdim olunacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...