İqtisadi inkişaf modelləri barədə: Yapon “iqtisadi möcüzə”si

Date:

Paylaş:

Bu gün dünya iqtisadiyyatında çox mühüm rol oynayan ölkələrin hər birinin öz inkişaf konsepsiyası olub. Həmin ölkələrin inkişafı ilə əlaqədar vaxtilə irəli sürülmüş bütün fikir və baxışlar, konsepsiyalar barədə ətraflı söhbət açmaq fikrində deyilik. Əlbəttə, bu son dərəcə məsuliyyətli və mürəkkəb bir iş olardı. Belə bir işin öhdəsindən yalnız çox güclü elmi-tədqiqat institutları gələ bilər. Odur ki, mövzunu bir ölkənin timsalında araşdırmağa çalışacağıq.

Bu bir həqiqətdir ki, XX əsrin ikinci yarısından bir çox ölkələr, xüsusən inkişaf etmiş ölkələr seçim qarşısında qalmışdılar. Hansı modeli seçməli ki, dağılmış ölkə xilas edilsin.

Yapon “iqtisadi möcüzə” si

 Eramızdan 660 il əvvəl əsası qoyulmuş Yaponiya dövlətinin ərazisi – 377, 8 min kvadrat-kilometr, əhalisi – 127 milyon nəfər (2007-ci ilin məlumatı) təşkil edir.

ÜDM 2006-cı ildə 4.911 trilyon dollar, onun adambaşına düşən həcmi isə 38 341 dollar (dünya üzrə 3-cü yer) olmuşdur.

Ümumi daxili məhsulun 61%-i xidmət sahələrində, 37%-i sənayedə, 2%-i kənd təsərrüfatında yaradılmışdır.

İkinci Dünya müharibəsində viran olmuş Yaponiya iqtisadiyyatı sonralar nəinki dirçələ bildi, həm də dünyada rəqabətə davamlı iqtisadiyyat kimi tanındı. Səbəb Yaponiyanın uğurla reallaşdırılan iqtisadi inkişaf modeli idi.

Qeyd etmək lazımdır ki, ötən əsrin 40-cı illərinin ortalarında Yaponiya inkişaf etmiş nəhəng hərbi sənaye kompleksinə malik idi. Burada hərbi diktatura qurulmuşdu, demokratik azadlıqlar, demək olar ki, yox idi, həmkarlar ittifaqları qadağan olunmuş, bürokratiya hökmranlıq edir, dövlət nəzarəti və mərkəzləşdirilmiş planlaşdırma mövcud idi. Üstəlik, inhisarlaşmanın yüksək səviyyəsi, əsas məhsul növlərinin qiymətlərinə nəzarət və çoxişlənən malların qıtlığı vəziyyəti daha da mürəkkəbləşdirirdi. İkinci Dünya müharibəsində məğlubiyyətə uğramış Yaponiya öz torpaqlarının 52 faizini itirmişdi və ərazisi 368,5 min kvadrat kilometrdən ibarət idi. Həmin dövrdə əhalinin sayı 75 milyon nəfəri ötmüşdü.

Adalarda kənd təsərrüfatı ilə məşğul olmaq üçün əlverişli şərait yox idi. Çoxsaylı dağlar, dağ silsilələri, şiş qayalar, dərin uçurumlar yapon adalarının böyük hissəsini yaşamaq üçün əlverişsiz edirdi. Ümumiyyətlə, ölkə ərazisinin 60 faizinin dağ və vulkan zonalarından ibarət olması kənd təsərrüfatının inkişafı üçün ciddi problemlər yaradırdı.

İkinci Dünya müharibəsində məğlubiyyət Yaponiya üçün bir tərəfdən bütün müstəmləkə torpaqlarının itirilməsi, ağır işğal rejiminin tətbiqi, süni surətdə yaradılmış stereotiplərin və ideoloji dəyərlərin dəyişməsi idisə, digər tərəfdən yeni həyatın başlanğıcı, hər şeyin «yenidən qurulması» demək idi.

Maraqlıdır ki, yaponlar hər şeyi müharibənin üzərinə atmadılar. Onları narahat edən əsas məsələlərdən biri ərzaq probleminin necə həll ediləcəyi idi. Bu problemin həlli dövlətə inamın bərpası, ölkə əhalisinin böyük hissəsinin həyat səviyyəsinin və məşğulluğunun təmin edilməsi demək idi. Axı Yaponiyanın fəal əhalisinin yarısı aqrar sektorda məşğul idi. Məhz ona görə də müharibədən sonrakı Yaponiyanın dirçəlişinə yönəlmiş tədbirlər sistemində ilk addım kimi torpaq islahatına başlamaq nəzərdə tutulmuşdu. Qeyd edək ki, Yaponiya üçün torpaq məsələsi həmişə xüsusi spesifikaya malik olmuşdur. Bu, yuxarıda qeyd edildiyi kimi, ərazinin kiçikliyi, dağlıq rayonların üstünlük təşkil etməsi, yaşayış üçün əlverişli olmaması ilə bağlıdır. İslahat üzərində iş 1945-ci ilin ikinci yarısında başlanmışdı. Həmin ilin dekabr ayının 9-da ABŞ qərargahı Yaponiya İmperator hökumətinə Memorandum təqdim etdi. Bu Memorandum sonralar “Kəndlilərin azad edilməsi haqqında direktiv” adını aldı. Sənəddə aşağıdakı müddəaları əhatə edən islahatın layihəsi nəzərdə tutulmuşdu:

  • yerində olmayan (torpaqla məşğul olmayan) mülkiyyətçilərin torpaqlarının kəndlilərə verilməsi;
  • torpaqların işləməyən mülkiyyətçilərdən münasib qiymətlərlə satın alınması;
  • gəlirlərə uyğun illik üzvlük haqları ödəməklə, icarəçilərin torpaq almaq imkanlarının təmin edilməsi üçün tədbirlər həyata keçirilməsi;
  • qiymətlərin sabitləşdirilməsi;
  • kənd təsərrüfatı kooperativlərinin yaradılması və onların fəaliyyətinin dəstəklənməsi;
  • təkmilləşdirilmiş texnikanın yayılması.

Bu sənədin fərqli cəhəti ondan ibarət idi ki, burada ilk dəfə olaraq ABŞ-ın mövqeyi rəsmi surətdə ifadə olunmuşdu. Əlbəttə, amerikalıları bu addımı atmağa vadar edən təkcə yoxsul yapon kəndlilərinə qayğı deyildi. Ölkədə kommunist qüvvələrinin mövqeyinin gücləndiyi bir vaxtda amerikalıların ölkə üzərində nəzarəti itirməsi təhlükəsi vardı.

1946-cı il martın 15-də Yaponiya hökuməti islahat layihəsini təqdim etdi. Layihənin əsasını 1945-ci ilin dekabrında qəbul edilmiş qanun təşkil edirdi. Amma həmin sənədə qarşı çıxanlar da oldu. İlk növbədə, 1946-cı ilin fevralında Kəndlilər İttifaqının təsis qurultayı qanunu kəskin tənqid etdi. Lakin İkinci Dünya müharibəsindən qalib çıxmış ölkələrin daxil olduğu İttifaq Şurasının fəaliyyəti bu məsələnin tənzimlənməsində həlledici rol oynadı. Şurada SSRİ tərəfindən torpaq məsələsi qaldırıldı. Sosializm və kapitalizm sistemləri arasında mövcud olan antaqonist ziddiyyətlər ilk dövrlərdə özünü o qədər də açıq büruzə vermirdi.

1946-50-ci illərdə Yaponiyada mahiyyəti aşağıdakılardan ibarət olan ikinci torpaq islahatı həyata keçirildi: torpaqda işləyən fermerlərə torpaq üzərində mülkiyyət hüquqları verildi, icarəçi olmaq istəyənlərin vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər müəyyənləşdirildi. İslahat nəticəsində ölkədə icarənin köhnə mülkədar sisteminə son qoyuldu, icarə haqları xeyli aşağı düşdü, kənddə sosial vəziyyət yaxşılaşdı, müharibə vaxtı didərgin düşmüş minlərlə qaçqının xeyli hissəsi öz yurdlarına qayıtdı, kənd təsərrüfatı kooperativləri yenidən quruldu, onlara nəzarət xeyli yumşaldıldı. Fermerlərin sığortalanması sistemi formalaşdı, torpaqdan istifadənin yaxşılaşmasına, aqrar mədəniyyətin inkişafına xidmət edən assosiasiyalar yaranmağa başladı. İstehsalın inkişafı, onun infrastrukturunun təkmilləşdirilməsi işləri genişləndirildi.

Lakin aqrar sektora dövlətin sərt nəzarəti hələ də qalırdı, çünki sosial ədalətsizlik hallarının güclənməsi meylləri özünü göstərirdi. Bu elə dövr idi ki, 3 milyondan artıq insan tələfatı verən Yaponiyanın iqtisadiyyatı dağılmış vəziyyətdə idi. İtkilərin ümumi məbləği 64.3 milyard yen idi ki, bu da ümumi milli sərvətin dörddə bir hissəsini təşkil edirdi. Dağıdılmış tikililərin ümumi dəyəri, hesablamalara görə, 22,2 milyard yen və ya bütün itkilərin məbləğinin 1/3 hissəsindən çox idi.

Yaponiya kəskin böhran keçirirdi. 1946-cı ildə kapitalizm dünyasının sənaye məhsulunda onun payı 1,7 faiz azalaraq Kanada və İtaliyadan sonra 7-ci yerə düşmüşdü.

Yaponiyanın əsas iqtisadi rəqibi olan ABŞ İkinci Dünya müharibəsindən sonra həm yapon bazarında, həm də Sakit Okean regionunun bazarlarında öz mövqelərini möhkəmləndirmək üçün Yaponiya istehsalçılarını sıxışdırıb çıxarmağı özünün vacib vəzifəsi sayırdı. Bu da nəzərə alınmalıdır ki, İkinci Dünya müharibəsindən qalib çıxan SSRİ ilə ABŞ bir-biri ilə qarşıdurma vəziyyətində idilər. Həmin dövlətlərin münasibətlərini gərginləşdirən səbəblərdən biri də o idi ki, ABŞ-ın Çin barəsində planları iflasa uğramışdı. Bütün bu ziddiyyətli amillərə baxmayaraq, Yaponiyada dövlətin siyasi quruluşu saxlanıldı ki, bu da iqtisadiyyatın dirçəlməsində mühüm rol oynadı.

Yaponiyanın iqtisadi inkişafına təkan verən amillərdən biri o oldu ki. sənayeçilərlə hökumət arasında isti münasibətlər qorunub saxlanıldı. Bu isə sənayeçilərin itkilərinin hökumət tərəfindən kompensasiya edilməsinə dair bir sıra tədbirlərin həyata keçirilməsi ilə nəticələndi. Müharibədə təslim olmaq haqqında qərarın qəbul edildiyi gün 1945-ci il avqustun 14-də hökumət “Ordunun və başqa təşkilatların əlində olan hərbi materiallarla bağlı fövqəladə tədbirlər haqqında” qərar qəbul etdi. Qərara görə, 100 milyard yen məbləğində maddi dəyərlər hərbi sənaye kompleksinin şirkətləri arasında bölüşdürüldü. Bu, yapon inhisarçılarına böyük hədiyyə idi. 1946-cı ilin iyulunda parlamentdə qəbul edilmiş hökumətin iqtisadi proqramında sənayenin mühüm sahələrinə əsas diqqət yetirilməsi (energetika probleminin həlli məqsədilə kömür istehsalının artırılması, kənd təsərrüfatı üçün gübrə istehsalının artırılması və s.), iqtisadiyyatın dirçəlməsinə yönəldilmiş şəxsi təşəbbüslərə güclü maliyyə dəstəyi göstərilməsi (sənayeyə kömək üçün Yaponiya Bankı xətti ilə kapital qoyuluşlarına kreditlərin verilməsi), iş yerlərinin yaradılması üçün maliyyə vəsaitlərinin ayrılması, müharibə dövrü dağıntılarının bərpası üzrə müəssisələrin, ictimai işlərin təşkili məsələləri ön plana çəkildi.

Yaponiya inkişaf modelində nəzərdə tutulurdu ki, sənayenin baza sahələrinə xüsusi diqqət yetirilməli, hunun üçün dövlət tərəfindən güclü maliyyələşdirmə tədbirləri həyata keçirilməlidir. Hökumət iqtisadi fəallığı artırmaq üçün nəzarətsiz qiymət artımından ehtiyat etmədən pul emissiyasını artırır və hesab edirdi ki, ölkəni xilas etmək üçün bu lıökmən lazımdır. O, iqtisadi böhrandan çıxmağın yolunu, inflyasiyaya məhəl qoymadan, istehsal həcmlərinin artmasında görürdü. Baxmayaraq ki, bu zaman ən çox zərər çəkənlər xırda istehsalçılar olurdular. Bir müddətdən sonra parlamentdə Sosialist Partiyası qələbə qazandı. Lakin onun yeritdiyi siyasət ölkədə iqtisadi vəziyyəti daha da gərginləşdirdi. Əlbəttə, hökumətin belə tez-tez dəyişməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərirdi. Müharibədən sonra iqtisadiyyata dəyən zərbələrdən biri dağıdılmış sənaye idisə, digər zərbə sənaye müəssisələrində qalan sənaye avadanlıqlarının ABŞ-a təzminat ödənişləri hesabına müsadirəsi idi. Beləliklə, Yaponiya iqtisadiyyatı dəyərli sənaye avadanlıqlarının total müsadirəsi kimi böyük təhlükə ilə qarşı-qarşıya qalmışdı. Hökumət başa düşürdü ki, ölkədə iqtisadi vəziyyəti normallaşdırmaq lazımdır. Bu istiqamətdə ilk addım kimi vergi yükünün azaldılmasına üstünlük verildi.

Yaponiya məğlub edildikdən sonra ölkənin inkişafı ilə bağlı qərarların qəbulunda ikihakimiyyətlilik özünü göstərirdi. Belə ki, real siyasi və iqtisadi qərarlar həm Amerika ordusunun işğal qərargahı, həm də müharibədən sonra fəaliyyət göstərən Yaponiya hökuməti tərəfindən qəbul edilirdi. Bu cür ikitirəlik yeni problemlər yaradırdı. Məsələn, Yaponiya hökuməti iri konsernləri iqtisadiyyatın lokomotivləri hesab edirdisə, Amerika siyasətçiləri bu nəhəngləri nəinki Yaponiya, həm də bütün dünya üçün fəlakətlər mənbəyi hesab edirdilər. Yaponiyanın güclü hərbi sənaye kompleksindən gələcəkdə aqressiv istifadə etməməsi üçün Amerika qərargahı iri inhisarçı konsernlərin (dzaybasu) ləğv edilməsi məqsədini qarşıya qoydu və onların hissə – hissə satılmasına dair bir sıra tədbirlər həyata keçirdi. Yaponiyanın iki iri ticarət şirkəti – Mitsui və Mitsubisi yüzlərlə struktura bölündü.

Bütövlükdə Yaponiyada aparılan islahatları qiymətləndirərkən belə nəticəyə gəlmək olar ki, müharibədən sonra mərkəzləşdirmənin aradan qaldırılması siyasəti öz bəhrələrini verdi və bir çox istehsal inhisarları öz yerini artan iştirakçılar arasında yaranan rəqabətə verdi. Bazar qapanmadı. Bütövlükdə Yaponiyada bir sıra antiinhisar tədbirlərinin həyata keçirilməsi nəticəsində səmərəli rəqabət mübarizəsi başlandı ki, bu da sürətli iqtisadi artıma zəmin yaratdı.

Dünyada ABŞ-ın iştirakı ilə baş verən hadisələr Yaponiyada da sənaye istehsalının inkişafına güclü təkan verdi. ABŞ 1950-ci ildə BMT- nin bayrağı altında Koreyada müharibəyə başladığı zaman Yaponiyanın hərbi ixracının 2/3 hissəsi bu müharibə ilə bağlı idi. Nəticədə 1951-ci ilin sonlarında Yaponiyada sənaye məhsulunun həcmi müharibədən əvvəlki səviyyəyə çatdı, 2 il sonra isə iqtisadi artım 50 faizi ötdü. 1955-ci ildə Yaponiya Ticarət və Tariflər haqqında Baş Müqaviləyə (QATT) qoşuldu.

Artıq Yaponiyada məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi ənənəyə çevrildi, iqtisadi inkişafın əlaqələndirilməsi üsulları təkmilləşdirildi. Hökumət iqtisadi planların işlənib hazırlanmasına üstünlük verdi. 1955-ci ildə birinci beşillik plan qəbul edildi. Rəsmi adı “İqtisadi müstəqilliyin əldə edilməsinin beşillik planı” olan hu plan 1956-1960-cı illəri əhatə edirdi. Onun başlıca məqsədləri iqtisadi müstəqilliyə və məşğulluğun artımına nail olmaq idi. Bu vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün ölkənin sənaye bazasının gücləndirilməsi, regionların inkişafına kömək göstərilməsi, milli iqtisadiyyatın formalaşdırılması, daxili bazarın qorunması, yeni texnologiyaların tətbiqinin genişləndirilməsi, qiymətlərin sabitləşdirilməsi və resurslardan qənaətlə istifadə edilməsi məsələləri ön plana çəkildi.

Həyata keçirilən bu iqtisadi siyasət öz bəhrəsini verdi.

XX əsrin ayrı-ayrı dövrlərində Yaponiyada orta iqtisadi artım sürəti aşağıdakı kimi olmuşdur:

50-ci illər – 14,9%

60-cı illər – 11,3%

70-ci illər – 4,5%

80-ci illər – 3,8%

90-cı illər – 1,8%.

İqtisadçılar Yaponiyanın iqtisadi inkişafını aşağıdakı mərhələlərə bölürlər:

  • müharibədən sonrakı islahatlar – 1946-1952-ci illər;
  • yüksək inkişaf mərhələsi – 1953-1973-cü illər;
  • enerji daşıyıcılarının qiymətlərinin artması – dünya iqtisadiyyatına çıxış – 1974-1989-cu illər;
  • struktur böhranı – 1990-cı illər.

Yaponiyada kiçik sahibkarlığın mövqeyi yüksək olaraq qalırdı. İşsizlik 1970-80-ci illərdə 2-2,8% arasında tərəddüd edirdi. 90-cı illərin iqtisadi böhranı işsizliyin müəyyən dərəcədə artması ilə nəticələnmişdi. İndinin özündə də bu rəqəm, beynəlxalq ekspertlərin hesablamalarına görə, yüksəkdir (4-4,2%). Ümumiyyətlə, Yaponiyada və digər Asiya ölkələrində muzdlu əməklə məşğul olanlar arasında işsizlik səviyyəsi adətən aşağı olur. Bunun səbəbi başqa amillərlə yanaşı, sosial əməkdaşlıq ənənələrinin qorunub saxlanması, iş yerlərində tədris işinin yüksək səviyyədə təşkili ilə bağlıdır. Yaponiya iri korporasiyaların güclü fəaliyyət göstərdiyi “Keyreuu” adlanan qrupun əsasını təşkil edir ki, burada da mülkiyyət və kontrakt münasibətlərinə üstünlük verilir. Yaponiyada iri biznes ilə kiçik biznes arasında qarşılıqlı əlaqə digər ölkələrə nisbətən daha yüksək səviyyədə formalaşıb və ildən-ilə güclənir. Burada vacib məqamlardan biri də ondan ibarətdir ki, əhalinin əmanətə qoyduqları gəlirlər bütün gəlirlərin 15-20%-ni təşkil edir və bankların resurslarının formalaşmasında mühüm mənbə rolunu oynayır.

Ümumiyyətlə, Yaponiyanın 9 iri kommersiya bankı vardır. Bunlar “Tokio Mitsubisi”, “Sakara”, “Dayiti-Kante”, “Sumitomo”, “Sanva”, “Asaxi”, “Fusi”, “Dayva” və “Tokay” dır. Yaponiyada dövlətə məxsus olan 13 bank fəaliyyət göstərir. Bunların sırasına İxrac-İdxal bankı, Yaponiya İnkişaf Bankı, kiçik sahibkarlığa xidmət edən bir neçə xüsusi ixtisaslaşdırılmış dövlət bankı daxildir. Bu fakt onu göstərir ki, dövlət bütün bankların özəlləşdirilməsini məqsəd kimi qarşıya qoymamalıdır. Yaponiya iqtisadiyyatının fərqli cəhətlərindən biri də odur ki, burada dövlətin payı ABŞ-da olduğu qədər yüksək deyildir.

Lakin dövlət özünün düşünülmüş iqtisadi siyasətində pul-kredit, vergi, gömrük-tarif mexanizmlərindən uğurla istifadə edir, infrastruktur sektoru, təhsil, elmi tədqiqatlar və digər bir neçə sahədə öz mühüm rolunu saxlayır. Yaponiya hərbi xərclərə digər inkişaf etmiş ölkələrə nisbətən az büdcə vəsaiti ayıran ölkələrdən sayılır. Dövlət büdcəsinin ÜDM-ə nisbəti 25-27% arasında tərəddüd edir. Bir müddət, xüsusilə də 1990-cı illərin ortalarında yaranmış büdcə kəsiri nəticəsində ölkənin xarici borcları artmağa meyl etdi.

Ağır müharibədən çıxmış Yaponiya üzləşdiyi çətinliklərə baxmayaraq, artıq XX əsrin sonlarında dünyanın ən qabaqcıl və inkişaf etmiş ölkələrindən biri kimi tanındı, yaşayış səviyyəsi yüksək olan bir dövlətə çevrildi. Bu fenomeni təhlil edərkən belə nəticəyə gəlmək olar ki, düşünülmüş iqtisadi siyasət, ölkə əhalisinin mentaliteti, tarixi ənənələrə sadiqlik, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıqda milli maraqların, iqtisadi təhlükəsizliyin ön plana çəkilməsi – bütün bunlar Yaponiyanın indi də dünyanın aparıcı ölkələri sırasında olmasını təmin etmişdir.

Müəllif: Akademik Ziyad Səmədzadə

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...