Ölkədə aparılan islahatlar, əhalinin maaş və pensiyalarının artırılması ümumən insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Ancaq bəzi işbazlar üçün bu, bahalaşmaya getməkdən ötrü bir fürsətə çevrilib.
Mağaza və supermarketlərdə azacıq müşahidə aparmaq kifayətdir ki, ötən ayla müqayisədə ərzaq və qeyri -ərzaq mallarının nə qədər bahalaşdığının şahidi olasan.
Xüsusilə müxtəlif növ kərə yağlarının qiymətində 80 qəpik-1 manat arasında bahalaşma müşahidə edilir. Həmçinin, mətbəx üçün lazım olan yuyucu vasitələr, şampun, sabun kimi məhsullar da hiss ediləcək dərəcədə bahalaşıb.
Məsələ ilə bağlı fikir bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bahalaşma bizim bəlamızdır:
“Bizdə maaş və pensiya artımı olan kimi, bazarda qiymətləri artırırlar. Bu, bəladır. Ümumiyyətlə qiymət siyasəti Azərbaycan iqtisadiyyatının sağalmaz xəstəliyidir. Dövlət başçısı əhalinin vəziyyətini düşünürək addımlar atır, o biri tərəfdən də işbazlar əhalinin cibinə girir, onları dövlətdən narazı salırlar”.
İqtisadçı deputat deyir ki, bazar iqtisadiyyatı dərəbəylik demək deyil: “Bəzilərinin əlində bazar iqtisadiyyatına keçməyimiz kimi bir arqument var. Axı bahalaşmaya getmək üçün iqtisadi əsaslar olmalıdır. Sən göz görə-görə xalqın cibinə gir və adını da qoy, bazar iqtisadiyyatı! Belə olmaz! Bazarda monitorinqlər aparılmalıdır, tənzimləmə mexanizmi tətbiq edilməlidir. Qiymətlərin obyektiv, yaxud subyektiv olub-olmadığına baxmaq lazımdır. Bunun üçün xüsusi qurumlar var?!”