İnvestorların işi asanlaşacaq

Date:

Paylaş:

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən oktyabrın 31-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Budəfəki hərracda müxtəlif çeşidli 116 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 18-i kiçik dövlət müəssisə və obyekti, 75-i istifadəsiz qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyət, 3-ü isə nəqliyyat vasitəsidir.

Komitədən AZƏRTAC-a bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır. Elektron hərracda iştirak etmək istəyən şəxs ƏMDK-nın rəsmi saytına (e-emdk.gov) və ya “Elektron hökumət” portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərracları qeydiyyatdan keçmədən onlayn olaraq canlı izləmək imkanı da var.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Masazır Quşçuluq”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler”, “Mingəçevir Qum-Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirilməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Mingəçevir Qum-Çınqıl“ ASC-dir. Bu əmlakın səhminin 30 faizi 160 min manata yaxındır. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak “Ağcabədi Aqrotexservis” ASC-dir. Həmin əmlakın 30 faiz səhmi isə 100 min manata yaxın təklif olunur.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Mingəçevir, Yevlax, Şəmkir, Biləsuvar, Siyəzən, Qazax, Ağstafa, eləcə də digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 556 kvadratmetr arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirilməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Qazaxda yerləşən “Elviz” kiçik dövlət müəssisəsidir. Həmin əmlak 99 min manata təklif edilir. Torpaq sahəsi 6 min 500 kvadratmetrə, ümumi faydalı sahəsi isə 800 kvadratmetrə yaxındır. Qeyd edək ki, əmlak özəlləşdirilməyə torpaq sahəsi ilə birgə çıxarılır. Şəmkirdə yerləşən çörək mağazası və Mingəçevirdə yerləşən 138 saylı mağaza qiyməti ilə seçilənlər sırasındadır.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 250 kvadratmetrə, torpaq sahəsi isə 300 kvadratmetrə yaxındır.

Bundan başqa, Yevlaxda yerləşən 7 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur.

Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 60-ı paytaxtda, qalanları isə respublikanın digər şəhər və rayonlarda yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 80 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 10 kvadratmetr ilə 300 kvadratmetr arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Qeyd edək ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Şirvanda yerləşən ərazisi 34 kvadratmetr olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2700 manat təşkil edir. Həmçinin paytaxtın Nizami rayonunda yerləşən, ərazisi 36 kvadratmetrə yaxın, ilkin start qiyməti 4 min 450 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1127 manatla 4 min manat arasında dəyişir. 2007-ci il istehsalı olan “KİA Sportage” markalı avtomobilin ilkin start qiyməti 4 min manat olmaqla alıcılar üçün olduqca əlverişlidir.

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2669 linkindən əldə etmək mümkündür.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirilmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook”dakı rəsmi səhifəsi və “privatization.az” səhifəsi vasitəsilə aparılır.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə Özəlləşdirilmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda əksini tapıb.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər kəsi özəlləşdirilmədə fəal iştirak etməyə dəvət edir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...