“İnternetlə ödənişlərin 75 faizini bizim şirkət həyata keçirir” – Fərid İsmayılzadə

2
1694

Fərid İsmayılzadə: Yeni Hesab.az və sığorta satışları bizim üçün bu ilin prioritetidir

Son üç ildə dünya üzrə “fintech” şirkətlərinə 122 milyard dollar sərmayə yatırılıb. KPMG-nin hesabatına əsasən, hazırda bu sahədə lider ABŞ-dır. Sərmayə yatırımlarının həcminə görə, ikinci sırada Avropa gəlir. Asiyada isə əksinə, “fintech”ə investisiya qoyluşlarının həcmi azalıb.

Çin iqtisadiyyatında artım tempinin aşağı düşməsi buna səbəb olub. Bununla belə, rəylərə əsasən, 2017-ci ilin göstəriciləri “fintech” bazarının gedikcə genişləndiyini, investorlar üçün yeni fürsətlər yaratdığını göstərir.

Azərbaycanda “fintech” şirkətləri yeni olsa da, irəliləyişlər əldə olunub. Ölkənin aparıcı “fintech” şirkəti hesab edilən “Hesab.az”ın 2018-ci ildə reallaşdıracağı layihələri, planlarının nədən ibarət olacağını öyrənməyə çalışdıq.

Oxu.Az-ın bu yöndə suallarını şirkətin rəhbəri Fərid İsmayılzadə cavablandırıb.

– 2017-ci il yanvarın 1-dən ölkədə “Nağdsız hesablaşmalar haqqında” qanun qüvvəyə minib. Fiskal siyasəti həyata keçirən qurumlar bu istiqamətdə təşəbbüsləri artıracaqlarını deyirlər. Bir sözlə, dövlət edəcəyini edib. Şirkət olaraq nağdsız ödənişlərin artırılması ilə bağlı hansı layihələri planlaşdırırsınız?

 

– Nağdsız ödənişlər dedikdə, adətən, iki istiqamətdə ödənişlər nəzərdə tutulur: birincisi, POS-terminallar, ikincisi, internet üzərindən olan ödənişlər. Hal-hazırda Azərbaycanda təxminən ikisinin dövriyyəsi bir-birinə bərabərdir və deyərdim ki, internetlə ödənişlərin 75 faizini bizim şirkət həyata keçirir.

Əvvəllər sahibkarların nağdsız ödənişlərə maraq göstərməməsi daha çox vergidən yayınmaq istəklərindən qaynaqlanırdı. Artıq bu istiqamətdə dəyişikliklər var. Vergilər Nazirliyi sahibkarlara əlavə güzəştlər verərsə, nağdsız ödəniş sistemində daha ciddi irəliləyişlər baş verəcəyinə əminəm.

Əslində, bizim kim “fintech” şirkətlərinə də vergi güzəştləri daha çox lazımdır. Çünki bu gün məsələn, POS-terminal olmadan da müxtəlif məkanlarda elə mobil telefonla nağdsız ödənişlər həyata keçirmək olar. Hətta bu sistemi o qədər təkmilləşdirmək olar ki, sahibkar cəmi 1-2 klikə aylıq vergisini belə ödəyə bilər.

Bu tip yeniliklərin sayı-hesabı yoxdur. “Fintech” şirkətləri belə məsələlərdə aparıcı rol oynaya bilər. Belə şirkətlərə müxtəlif yollarla dəstək olmaq olar. Məsələn, bizim şirkətin ən əsas xərcləri işçilərlə bağlıdır. Əgər İT sahəsində işləyən işçilərə verilən maaşlara görə vergi kimi digər güzəştlər etmək mümkün olsa, bizə çox kömək göstərilmiş olar.

Əlavə gəlirlərlə biz daha çox işçilər həm yetişdirə həm də işlədə bilərik ki, bu da uzun zaman çərçivəsində daha çox innovativ həllər deməkdir. Dünyanın əksər ölkələrində İT şirkətlərinin daha çox investisiya yatırmaları, fəaliyyətlərini genişləndirmələri üçün bu istiqamətdə endirimlər edirlər.

Bu məsələdə ölkəmizin fiskal siyasətini yerinə yetirən qurumlarının da dəstəyinə ehtiyac var. Onlar nə qədər yeni texnologiyaların imkanlarına uyğun qanunlarda dəyişiklər edərlərsə, bizlər də o qədər sürətlə inkişaf edərik.

Hesab edirəm ki, “fintech” şirkətlərinə dəstək verilərsə, biz bankların görə biləcəkləri işləri dəfələrlə sürətli və keyfiyyətli reallaşdıra bilərik.

– Banklar mobil və internet bankçılıq ödənişlərində aktivləşib. Bu rəqabət mühitində sizin üstünlükləriniz nədir?

– Hazırda banklar mobil və internet bankçılıq ödənişlərini genişləndiriblər. Doğrusu, onların hamısının bu istiqamətdəki aylıq dövriyyələri Hesab.az-ın bir həftəlik dövriyyəsinə bərabərdir. Halbuki bankların mobil və internet bankçılığı üçün bir ayda ayırdıqları marketinqin büdcəsini şirkətimiz yeddi illik fəaliyyəti dövründə heç vaxt xərcləməyib.

Bankların ödəniş şirkətlərindən geridə qalmalarının səbəbi cəmiyyətdə nüfuzlarının aşağı olması və öz mobil tətbiqlərini brendləşdirə bilməmələridir. Bunları nəzərə alsaq, hələlik ciddi rəqabətdən söhbət getmir.

Əksinə, bizim böyümə sürətimiz onlarınkından qat-qat yüksəkdir. “Fintech” olaraq onlara ciddi rəqibik. Qarşıda onlara bir neçə sürprizlərimiz var və çalışacağıq ki, bankların rəqəmsal sahədə inkişaflarından öndə olaq.

– Yəni gələcək “fintech” şirkətlərinin əlindədir?

– Bəli. Düşünürəm gələcək tamamilə “fintech”in əlindədir. Bu, bütün dünyada belədir. Bu istiqamətdə yatırılan sərmayə özünü doğruldur. Belə ki, “fintech” şirkətlərinin daxilində, banklarda olduğu kimi, bürokratiya yoxdur.

Başqa tərəfdən, bu tip şirkətlər texnologiyaya bağlı fəaliyyət göstərdiklərinə görə daim yeniliklər edirlər. Daha çevik və daha innovativdirlər.

– İddia olunur ki, ödəmə portallarının xərclərin ən önəmli hissəsini “interchange” adlanan ölkədaxili banklararası ödənişlər təşkil edir. Bu ödənişlər nə qədərdir?

– Əvvəllər “interchange” çox yüksək idi və artıq faizlər bir qədər endirilib. Mobil operatorlar üzrə bu rəqəm 1,5 faizdən 1 faizə, bəzi təşkilatlar üzrə 1,5-dən 1,3-ə salınıb. Kommunal xidmətlər üzrə 0,2 faiz qüvvəsində qalıb. Bu qərar Mərkəzi Bankın liderliyi ilə 29 bankın razılaşması əsasında verilib.

Əslində, yaxşı qərardır. Lakin bu faizlərin daha da endirilməsinə ehtiyac var. Məsələn, qonşu ölkələrdə “interchange” 0,5 faiz təşkil edir. Bu faizlər sıfır da ola bilər, o halda ki, kartlar banklar arasında bərabər paylanmış olsun. Azərbaycanda bir neçə bankın həddən çox kartı var. Xüsusilə bəlli dövlət layihələrini bir-iki bank icra edir. Həmin banklara “interchange”i endirmək sərf etmir.

“İnterchange” kartı emissiya edən banka çoxlu pul qazandırır və beləcə, onlar onun aşağı endirilməsində maraqlı olmur.

– Qeyd etdiniz ki, internet vasitəsilə ödənişlərin 75 faizi Hesab.az üzərindən aparılır. Hesab.az-ın ümumi bazarda payı nə qədərdir?

– Ümumi ödənişlərin 10 faizi internet vasitəsilə aparılırsa, bunun da 6-8 faizi Hesab.az üzərindən icra olunur. Həmin rəqəm illər üzrə 1-2 faiz artır. Təəssüf ki, onlayn ola biləcək dövriyyənin hələ də 90%-i nağd şəkildə edilir. İnsanlarımız maaşlarını alan kimi, onu kartdan çıxarıb ödənişlərini nağd edir. Halbuki bu ödənişləri nağd etməmək daha sərfəlidir.

– Azərbaycanda niyə internet üzərindən ödənişlərin payı bu qədər aşağıdır?

– Bu, maarifləndirmə ilə əlaqəlidir. Banklar, “fintech” şirkətləri bu istiqamətdə marketinq, təşviq və təbliğat fəaliyyəti həyata keçirirlər. Bəlli bir nöqtədən sonra bu faiz nisbəti sürətlənəcək. Növbəti 5-10 ildə nağdsız ödənişlərin payı artacaq.

– Hesab.az bazara hansı yeni funksiyaları çıxarmağı planlaşdırır?

– 2018-ci il üzrə nəzərdə tutduğumuz ən böyük layihə Hesab.az-ı tamamilə yeniləməkdir. Aprel ayında Hesab.az-ın yeddi yaşı tamam olacaq. Ötən yeddi ildə çox şey öyrənmişik, texnologiya inkişaf edib. Yarandığı zamanda tərtib edilən Hesab.az ilə hazırkı hesab.az arasında çox fərqlər var.

2017-ci ilin əvvəlində yeni Hesab.az layihəsinə başladıq. Daxildə qərar verdik ki, yeni bir Hesab.az konseptini hazırlayaq. Yeni dizayn,  yeni funksiyalar, yeni mobil tətbiq ediləcək. Çox böyük bir layihədir. Ötəni ilin sentyabrından bu layihənin planlaşdırılması ilə məşğuluq. İlin ortasında artıq yeni Hesab.az vətəndaşların istifadəsinə təqdim ediləcək. Onlar inanılmaz dərəcədə böyük işin görüldüyünə şahid olacaqlar.

– Yeni Hesab.az-da xidmətlərin çeşidi artacaqmı?

– Bəli, bununla bərabər, ödənişlərin aparılması daha sürətli və rahat olacaq, borclar  dərhal görünəcək, xərcləmələr qrafik şəklində öz əksini tapacaq və s.

– Maraqlıdır, Hesab.az dövriyyəyə kart buraxacaqmı?

– Bəli. Hesab.az bu istiqamətdə banklara rəqib olmaq üçün Azərbaycanın ən yaxşı banklarından biri ilə öz kartını buraxmaq üzrə ciddi iş aparır. Bu kartın balansını, oradakı ödənişlər üzrə bəyannaməni, mobil və internet bankçılıq xidmətlərini elə Hesab.az-da görmək olacaq. Bu kartın o qədər güclü loyallıq proqramı olacaq ki, istəyirik ki, hamı bütün nağdsız ödənişlərini elə bu kartla etsin.

Kartlara istənilən köşklərdən pul yükləmək mümkün olacaq. Hər xərcləmədə bəlli bir məbləğ hesaba qaytarılacaq, Hesab.az-dan daha çox bonuslar qazanmaq imkanı olacaq.

– İnsanlar bu kartları necə əldə edə biləcəklər?

– Çox rahat və asan. Həm Hesab.az-dan, həm də tərəfdaşımız olacaq bankdan sifariş edə biləcəklər.

– Niyə məhz kart?  Hesab.az elektron pul kisəsi də yarada bilərdi. Müştərilər əməliyyatları kartlar vasitəsilə deyil, hesabları vasitəsilə nə zaman edəcəklər?

–  Bizim “fintech”də rəqiblərdən birində elektron pul kisəsi mövcuddur. Həmin pul kisəsində aylıq xərcləmə limiti 50 manat, illik min manatdır. Bu limit  təhlükəsizlik tədbirlərini nəzərə alaraq, dövlət tərəfindən təyin edilib. Hesab.az-da ortalama ödəmə 60 manatdır. Dövlət tərəfindən təyin edilmiş limitin qaldırılması üçün istifaçənin fiziki olaraq ofisə gəlməsi və öz şəxsiyyətini təsdiqləməsi lazımdır.

Əgər biz istifadəçini harasa göndəririksə, elə ondansa ona kart verək. Hər yerdə istifadə edə bilsin. Elektron pul kisəsinin  funksiyalarını isə yeni emissiya edəcəyimiz kartalarda cəmləşdirərək bir daşla iki quş vurarıq. Gələcəkdə dövlət bu limitləri dəyişərsə, o zaman biz də pul kisəsi edərik.

– Yeni Hesab.az-da pul köçürmələri xidməti planlaşdırılırmı?

– Bəli. Yeni hesab.az-da bu xidmət də təklif ediləcək. Həm Hesab.az istifadəçiləri arasında pul köçürmələri, həm ölkədaxili pul köçürmələri mümkün olacaq.

Bundan əlavə, biz “Zalatoy Karona”, “Western union” kimi beynəlxalq pulköçürmə şirkətləri ilə müqavilə imzalayaraq ölkələrarası pul köçürmələri aparılmasını təşkil etmək istəyirik.

– Bir çox şirkətlər blokçeyn texnologiyasının tətbiqi üzərində işləyir. Bu yöndə planlarınız varmı?

– Araşdırırıq. Yəqin ki, 2019-2020-ci illərdə bu işlə ciddi məşğul olacağıq.

– Mobil telefon tətbiqi ilə bağlı dəyişiklik nəzərdə tutursunuzmu?

– İndiki mobil telefon tətbiqi bizdə veb üzərindən qurulub. Bu proqramı tamamilə yenidən yazırıq. Orada indiki tətbiqdə olmayan funksiyalar – QR kodla, “NFC” ilə ödənişlər etmək imkanı olacaq.

Sonradan razılaşdıra bilsək, bu funksiyalardan parkinqlərdə, “BakuBus”da və “Bakı Metropoliteni”ndə istifadə edə biləcəyik. Bundan əlavə, istəyirik, kiçik sahibkarlara mobil POS-dan ödənişlər qəbul etmək imkanı yaradaq.

– Bir ara mətbuatda şirkətinizin ilkin kütləvi təkliflə (IPO) bağlı planları barədə məlumatlar gedirdi. O məsələdə yeniliklər varmı?

– Devalvasiyadan əvvəl bu istiqamətdə iki il hazırlıqlar apardıq. Auditdən keçdik, qiymətləndirmə oldu. Azərbaycanda ilk İPO-nu etmək istəyirdik. Devalvasiya bu yöndə qərarlarımızın təxirə salınmasına gətirib çıxardı.

Məsələ gündəmdədir. Söz vermişəm, bunu edəcəyik. Ən böyük arzularımdandır. Məncə, GoldenPay İPO üçün ideal şirkətdir. 2019-cu ildən sonra bu yöndə addımlar atmağı düşünürük.

– Daha hansı biznes istiqamətlərinə fokuslanmağı planlaşdırırsınız?

– 2018-ci ildə iki hədəfimiz var. Yeni Hesab.az-ı, kartımızla birgə bazara çıxarmaq və sığorta satışı bazarında ciddi oyunçuya çevrilmək. 300 min nəfər istifadəçimiz var və heç olmasa, onların 10 faizinə sığorta satışı etmək bizim üçün əsas prioritetdir.

Biz həm də Hesab.az-da kinoteatr, teatr və müxtəlif tədbirlərə biletlərin satışını təşkil etmək istəyirik. “Cinema Plus”, “Park Sinema” ilə artıq müqaviləmiz var. Tezliklə vətəndaşlar Hesab.az vasitəsilə bu iki kinoteatr brendlərində filmlərə biletləri əldə edə biləcəklər.

“Nizami” kinoteatrı və “iticket.az”la danışıqlar gedir. Bütün bunları reallaşdıra bilsək, Hesab.az Azərbaycanda bütün biletlərin satıldığı vahid platformaya çevriləcək.

Bununla bitməyəcək. Hesab.az-da səyahət xidmətləri, alış-veriş məkanı kimi yeniliklər etməyi planlayırıq.

– Yeni viral sığorta satışları ilə bağlı videonuz, yəqin ki, planların başlandığından xəbər verir…

– Bəli. Qeyd etdiyim kimi, Hesab.az artıq ödənişlər platforması yox, həm də müxtəlif xidmətlərin satış platformasıdır. Sığorta da bu il üçün proritetdir. İndi Hesab.az istifadəçiləri avtomobillərin icbari sığortasının bitmə tarixini qeyd etməklə, üç “iPhone X”-dan birini www.hesab.az/iphonex qazana bilərlər.

Biz onların sığortasının bitmə tarixinə bir müddət qalmış onlara sığortanı bizdən 1-2 klikə almaq üçün təkliflər göndərməyə çalışacağıq. Bu gün bu sığorta məhsulu 90% hallarda zənglər vasitəsi ilə satılır.

Bu zənglər istifadəçiləri bezdirir. Hesab.az-dan sığorta alanlar isə rahat ola bilərlər. Onları heç kim bezdirməyəcək.

– Bəs rəqəmsal bank olmaq necə? Belə planlarınız var?

– Bütün yuxarıda sadaladıqlarımı reallaşdırdıqdan sonra ya özümüz lisenziya alıb banka çevrilməliyik, ya da hansısa bank bizi almalıdır. Rəqəmsal banka çevrilmək mənim şəxsən Hesab.az üçün ən böyük arzumdur.

Ümid edirəm ki, qanunverilicikdə ediləcək dəyişikliklərdən sonra bu arzumu yerinə yetirmək asan olacaqdır.

2 COMMENTS