“İnternet oyunlarından minlərlə manat qazanmışam”

Date:

Paylaş:

Müsahibimiz məşhur rəqəmsal marketinq mütəxəssisi Fərhad Ələkbərovdur.

Fərhad, barəndə məlumat verməyini istəyirik.

1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Bakıxanov qəsəbəsində böyüyüb, 94 nömrəli orta məktəbi bitirmişəm. Arzuladığım Azərbaycan Texniki Universitetini Telekommunikasiya sahəsi üzrə, mühəndis-sistemotexnik ixtisası ilə başa vurmuşam.

İş həyatına harada başlamısan?

İş həyatında tibbi avadanlıq şirkəti olan VITTA şirkətində başlamışdım. 3-cü kurs tələbəsi kimi İT sahəsində biliklərimi praktik cəhətdən inkişaf etdirmək üçün universitetdən sonra, yəni günün ikinci yarısı şirkətdə IT helpdesk və eyni zamanda tibbi avadanlıqların və onların proqramlarının quraşdırılması ilə məşğul idim. Məsələn, 2009-cu ildə Nəriman Nərimanov metrostansiyası çıxışındakı Oksigen klinikasının 4 və 5-ci mərtəbələrindəki kompüter şəbəkəsini, tibbi monitorları və digər qurğuları iş yoldaşım ilə qurmuşduq. Bu da şəbəkə texnologiyaları sahəsində ilk praktik işim idi. Sonra isə sahəmi dəyişdim.

Bəs ilk pulu necə qazanmışdın?

İlk pulu combats.ru saytından, təxmini 2003-cü ildə qazanmışam. 14 yaşım var idi. Ondan sonra demək olar ki, internet oyunlarından (Combats.ru, Lineage II və s.) minlərlə manat qazanmışam.

Azərbaycanda hansı layihələri həyata keçirmisən?

Düzünü deyim, bir yerdə oturmayan və daimi yenilik istəyən insanlardanam. Layihələrim çox olub. Həm mənim ideyam, həm də digərlərinə qoşulub gördüyümüz böyük işlər olub. Məsələn, Kamran və Elvin ilə Google Developer Group Baku çərçivəsində çox böyük işlər görmüşdük. Android Hackathon-lar keçirdiyimiz zaman Ramin, Rəcəb, Niyaz, Elbəy, Rəşad, Məcid, Adil, Ellada və digər çoxsaylı dostlar ilə Azərbaycanda Android proqramlaşdırmaya marağı hələ 2012-ci ildə yaratdıq. Onlarla yeni proqramçıya bilik və motivasiya verdik.

Eyni zamanda, Sergey Myasnikov və Elvin adlı Rusiyada yaşayan bir dostun qwerty.az (qwe.az) adlı layihəsinə 2009-cu ildə qoşulmuşdum. Bu sayt İT mütəxəssislərin kollektiv bloqu idi. Loru dildə desək, Azərbaycanın habr.ru versiyası idi. Sonra Ruslan Fəttahov da bizə qoşuldu və saytın adını qwe.az keçirdik. Bu komandada Ruslan, mən və Sergeydən əlavə, indi Amerikaya köçməyə hazırlayan Adil Əliyev və Polşada yaşayan Samur İsmayılov da var idi. Böyük işlər görürdük. Hətta yadımdadır ki, 2009-cu ildə Gəncədə keçirilən Barkamp Azərbaycan tədbirində qwe.az üzərində ən çox və ən geniş bloq yazısı yazdığıma görə Nexus noutbuku qazanmışdım. Ölkədə baş verən bütün İT tədbirlər və müzakirələr əsasən bizim saytda müzakirə edilirdi. Sonra isə Şaiq və Sadiq Muradovlar eyni növdə weboxu.com (sonra technimum.com kimi dəyişdi) saytını da yaratmışdılar. Bizim saytda bloq yazıları rus və azərbaycan dilində idi, weboxu isə ancaq azərbaycanca yazırdı.

fərhad ələkbərov

Şəxsən öz ideyalarıma gəldikdə isə, çox fərqli olub. Məsələn, 2009-cu ildə Elvin Hacı ilə En2Az layihəsini yaratmışdıq. Bu, İT terminlərin Azərbaycan dilinə tərcüməsi bazası idi. Məsələn, 2000-3000 sözün hərəsi üçün 2-6 tərcümə variantı hazırlayıb, sonra 30 nəfərlik komanda köməyilə admin paneldə bu mütəxəssislər hər terminə ən uyğun gələn sözə səs verirdilər. Ən çox səs alan terminlər saytda öz əksini tapırdı. Hətta hər tərcümə üçün ayrıca şərh yeri də qoymuşduq. Ola bilirdi ki, çox adam bir varianta səs verib, lakin tərcümə səhvdir. Bunu bir daha müzakirə yolu ilə aradan qaldırmağa çalışırdıq. Hal-hazırda bu bazanı Technet.az saytında əldə etmək olar.

Ümumiyyətlə, hər zaman layihələrimin böyük auditoriyalara  xidmət etməsi üçün çalışmışam. Ən uğurlu layihəm isə yəqin ki #aztagram olub. Layihənin məqsədi Instagram sosial platforması köməyilə azərbaycanlı istifadəçilərin çəkdiyi şəkilləri bir yerə toplamaq idi. Əsas mövzu o idi ki, şəkil ya azərbaycanlı gəncə və ya Azərbaycana aid olmalı idi. Yəni, azərbaycanlı istifadəçi xaricdə şəkil çəkib paylaşanda, qəbul etmirdik. Amma ki, öz şəklini (selfie) çəkərsə, qəbul edirdik.

Sistem belə işləyirdi ki, Instagram sosial platformasına #aztagram açar sözü ilə yüklənən hər bir şəkili bizim proqram WordPress platformasına çəkirdi. Sonra, uyğun olanları qəbul edirdik. Bu gün bu açar söz ilə şəkillərin sayı 3 milyonu keçib. Layihəni isə 2012-ci ilin Avqust ayında Elvin Hacı ilə ərsəyə gətirmişdik.

Əli Hacızadə ilə birlikdə #aztagram çərçivəsində ümumilikdə 4 sərgi keçirmişdik. Hər sərgimizdə minlərlə insan iştirak edib.

Necə oldu ABŞ-da yaşamağa qərar verdin? Hal-hazırda ABŞ-da nə işlə məşğul olursan?

ABŞ arzularım hələ 2011-ci ildən başlamışdı. Bir sıra dostlarım Amerikaya köçüb məni ora çağırırdılar. Növbəti dəfə digər dostum məni 2014-cü ildə Nyu Yorka dəvət edirdi. Yaşayış və s. imkanlarını da təqdim etmişdi. Hər dəfə özümü bu böyük ölkədə yaşayacaq və fəaliyyət göstərəcək səviyyədə olmadığımı düşündüyümdən, getmirdim.

2016-cı ildə isə başa düşdüm ki, Azərbaycanda edə biləcəyim bütün işləri etmişəm. Həm şirkət, həm də agentlik səviyyəsində elə keyslərim olub ki, bazara səs salmışıq. Bütün ölkə bizim o işdən danışıb. Məsələn, Huawei Wi-Fi Divan (Park Bulvarda 3 ay ərzində 2 mərtəbədə fəaliyyət göstərib), Bank of Baku üçün hazırladığımız “Papaqatdı” oyunu və s. Mən daimi inkişaf axtaran insanam. Bu səbəbdən öz qarşıma daha böyük hədəflər qoyub, Amerikaya gəldim. Eyni zamanda ingilis dili və Rəqəmsal marketinq biliklərimi inkişaf etdirmək üçün böyük şans idi və bundan yararlandım. Eyni zamanda, ölkədə şəxsən mənə və ailəmə qarşı atılan qanunsuz addımlar da buna təkan verdi. Lakin bu mövzu bizim bu günkü söhbətə aid olmadığı üçün kənara qoyuram.

ABŞ-a gəldiyim ilk ay rəsmi şəkildə öz sahəm üzrə işə düzəlmişəm. Burada yaşayanlar bilir ki, bu çox çətindir. New America College tədris ocağında marketinq və proqramlaşdırma üzrə ötən il işə başladım. Kollecin veb-saytını bu yaxınlarda istifadəyə verdik: www.newamericacollege.edu. Yəqin bilirsiniz ki, .edu domeni Amerikanın tədris mərkəzləri üçün ayırdığı bir domendir. Çox böyük dəyəri var. Məsələn, Google axtarış mühərriki təhsil sahəsi üzrə axtarışlar zamanı .com .net .org tipli domenlərdən daha çox .edu tipli domenlərə üstünlük verir. Çünki, .edu domenlərinin məhz rəsmi təhsil ocağı olduğunu bot təyin edir. Mən kollecə gəlməmişdən öncə saytları çox köhnə və .org domeni üzərində idi. Bu kollec üçün çox işlər gördüm. Komanda məni o qədər sevib ki, deyirlər ki, səni heç yerə buraxmayacayıq. Səni sevən komandada çalışanda, adama güc gəlir.

Eyni zamanda Amerikada son il ərzində 5 şirkətə veb-sayt hazırlamışıq. 1 şirkətin marketinq işlərini outsours edirəm və məsləhətlər verirəm. Ebay, Amazon, Etsy kimi platformalarda ümumi günlük 10-30 arası məhsul satırlar. Eyni zamanda böyük saytda onlayn sifarişlər alırlar. Hansı ki, biz onların işini götürməmişdən öncə heç veb-saytları və onlayn sifarişləri yox idi.

Eyni zamanda, Rusiyada qardaşımın saytını hazırladım və SEO tənzimləmələri etdim. Saytdan o qədər sifariş gəlməyə başladı ki, qardaşım öz işindən çıxıb şirkət açmağa qərar verdi. Hal-hazırda bir investor ilə bu şirkətin hazırlanma işlərini görürlər.

Bundan əlavə Azərbaycanda müxtəlif şirkətlərə illik Rəqəmsal marketinq strategiyası yazmışam.

Hansısa uğursuz layihələrin olubmu?

Düzünü deyim, hansısa uğursuz işim olmayıb. Yəni, iş görüb və ya investisiya alıb batırmamışam. Elə olub ki, ideyam olub, inkişaf etdirməyə çalışmışam, amma ki komanda toplaya bilmədiyim üçün həyata keçirə bilməmişəm. Bu əsasən 2012 və 2013-cü illərə təsadüf edir. Agentlik sahəsində isə müştərilər üçün hazırladığım layihələrə o qədər ciddi fokuslu olmuşam ki, orada uğursuz alınması mümkün olmayıb. Çünki, pulu almazdan öncə hər zaman şəxsi imicim barədə düşünmüşəm. Yəni, müştəri əgər bu sahədə uğur qazana bilməsə, ondan ödəniş almamışam. Başa salmışam ki, bu mümkün deyil, yalandan pulunuzu xərcləyəcəksiniz. Mənim üçün ad, puldan daha vacibdir. Təəssüf ki, Azərbaycanda bir çox şəxslər və agentliklər müştəridən ödənişi alaraq, işi o qədər də uğurlu həyata keçirmirlər. Bu çox pis haldır. Əsas da söhbət işi ucuz qiymətə görənlərə aiddir.

Azərbaycanda sosial media meneceri dedikdə ilk ağıla gələn insanlardan biri sənsən. Bunun səbəbi nədir?

Bunun məntiqi cavabı var. Suala birbaşa cavab verməmişdən öncə, bir qədər keçmişə qayıtmaq istəyirəm. Ruslar buna ön söz (предисловие) deyirlər. Deməli, 2009-2010-cu illərdə bu sahə ilə geniş maraqlanırdım. Əsas da Mashable.com saytında çoxlu məqalələr oxuyurdum. O zamanlar Mashable indiki kimi nə barədə gəldi xəbər yazmırdı. Əsasən sosial media trendləri barədə dərclər edirdilər.

2011-ci ildə əsgərlikdən döndükdən sonra sırf  bu sahədə inkişafa fikir verdim. Bazarda çox güclü agentliklər var idi. Məsələn, ən azından Digitalbrand (Peoplebrand) var idi. Özümə söz vermişdim ki, ölkədə bu sahədə ən güclü mütəxəssis olacam. Qarşıma çox böyük hədəf qoymuşdum. Hansı ki, cəmi 22 yaşım var idi.

2011-2013-cü illərdə bu sahə üzrə çox geniş biliklər əldə etdim. Əsasən Google Wildfire və s. təlim və vebinarlarına qoşulur, yeni biliklər əldə edirdim. Rus saytlarını oxuyurdum. Çalışdığım şirkətlərdə fərqli layihələr edirdim. Bir gün bir xanım dostumla MADO restoranında oturmuşduq. Mənə dedi ki, “Fərhad, bu sahədə çox güclü biliklərin var. Amma səni sənin dostlarından və ətrafından başqa inan ki, heç kim tanımır. Kimə Fərhad deyirəm, səni tanımırlar”. Onun bu cümləsini heç zaman unutmayacam. Fikirləşdim ki, məni Aztagram layihəsinə görə qlamur auditoriya yaxşı tanıyır. Amma ki, marketinq əhatəsi və şirkət rəhbərləri heç tanımır.

Həmin il (2013) elə oldu ki, Milli Marketinq Forumunda  spiker kimi iştirak etdim. Daha sonra Huawei şirkətindən COOL Agency-yə direktor kimi gəlmişdim. Agentliyi qısa müddətdə tanıtmaq üçün, müxtəlif keyslər həyata keçirməyə başladıq. Məsələn, Azərbaycanlı şou-biznes  üzvlərinin Instagram izləyiciləri barədə infoqrafik hazırlamışdıq. Bu infoqrafiki ANS telekanalı, o reytinqdə olan aparıcı və müğənnilər (məs. İlkin Həsəni, Röya və s.), day.az, 1news.az və s. kimi saytlar bölüşməyə başladılar. Bu da COOL Agency və mənim böyük kütləyə ödənişsiz reklam edilməyimə imkan yaratdı. Bir suyu Guerilla və Viral marketinq keysləri edirdik. Hər yerdə öz adımı tanıtmağa başladım. Çünki, xanım dostumun sözləri qulağımda sırğa idi.
Elə o zaman başa düşdüm ki, şəxsi tanıtım çox böyük amildir. Təsəvvür edin ki, böyük şirkətlərin marketinq menecerləri deyirdilər ki, mən Fərhadla işləmək istəyirəm. Bəli, çox özündən razı səslənir. Amma bu belədir. Agentliyin adı artıq ikinci plana keçmişdi. Mən sizi əmin edirəm, sabah Azərbaycan bazarına dönüb “sfdsfdsff” adlı bir agentlik açsam, ən böyük şirkətləri müştərimə çevirə bilərəm. Bu da ondan irəli gəlir ki, biliklərim ilə yanaşı şəxsi tanıtım addımlarım az olmayıb. Belə deyək, daha çox özümü brend olaraq tanıtmağa çalışırdım. Çünki, biz Nike və ya Adidas deyilik. İnsanlar şirkətləri tez unudur, ancaq insanları yox. Ona görə insanları şirkət adına yox, öz adıma öyrəşdirməyə çalışırdım.

Əlbəttə ki, eyni zamanda Digital Marketing Azerbaijan qrupunun tərəfimdən 2015-ci ilin yanvar ayında açılması da böyük rol oynadı. Bazara yeni gələn istifadəçilər bizim adımızı görürdü. Həmçinin, 2015-ci ildə başladığım SMM təlimləri də bu sahədə digər səviyyəyə gətirdi. Bunları özümü tərifləmək üçün deyil, digərlərinə də buna nəzər salmaları üçün qeyd etdim. Yalnız şirkətin adına işləməsinlər. Şirkətlər açılır və bağlanır, dəyişilir… Siz isə bu bazarda olacaqsınız.

Bəzi insanlar SMM işinin müvəqqəti bir trend olduğunu bəziləri isə gələcəyin peşəsi adlandırırlar. Sənin fikrin maraqlıdır bu barədə.

2010-cu ildə bu sahəni öyrənəndə, Mashable saytında bir çox CMO (Chief Marketing Officer) vəzifəli tanınmış mütəxəssislər deyirdilər ki, SMM peşəyə çevrilməyəcək. Deyirdilər ki, gələcəkdə hər bir insan Facebook və digər sosial platforma reklamlarını özü quracaq. Məzmun yaratmaq çox asan olacaq. Bəs nəticə nə oldu? Onların sözü sadəcə boş söz oldu. Sosial platformalar trend olduqca, SMM peşəsinə də bir o qədər istək olacaq. Mən hələ 2011-ci ildə “SMM sahəsinə maraq artır” adlı bloq yazısı yazmışdım. Hələ o zaman Azərbaycanın 99%-dən çoxu SMM nədir bilmirdi. Son zamanlar bu peşə deyərdim ki, ən məhşur və ən tələb olunandır. Gələcəyin işini isə bilmək olmur. Hər şey ola bilər.

Azərbaycanda dijital agentliklərin gördükləri işlərdən razısanmı? Nəyi səhv edirlər hansılar daha yaxşı işləyir?

Bir neçə agentlik var ki, işlərindən razıyam. Sırf Rəqəmsal marketinq agentliyi kimi başlayanlar var ki, SMM üzrə zəifdirlər. Yəni, sırf SMM agentliyi kimi keyfiyyətli işləyə bilmirlər. SMM agentliklərin bir çoxu isə sayt da düzəldirik, digər rəqəmsal marketinq alətləri ilə də xidmət göstərərik deyirlər, lakin bunu uğurlu şəkildə həyata keçirmək istəmirlər. Bir də 300-500 manata SMM işi görən şirkətlər var ki, onlara yalnız kiçik bizneslə işləməyi məsləhət görərdim. Hərdən görürsən ucuz qiymətə xidmət göstərən şirkətin rəhbəri böyük-böyük danışır. Adam istəyir yazsın ki, sən 500 manata nə layihə həyata keçirə bilərsən ki?

Bilirsiniz nəyə görə bu qiymət məsələsinə toxundum? Baxın. Məsələn, agentlikdə 8 nəfərlik komanda çalışır. Art direktor – 1000 manat, dizayner 500-600, 4 SMM mütəxəssis hərəsi 500-800 arası, Team leader – 1000-1200 qazanır. Bir də agentliyin rəhbəri özünə 1000-2500 arası aylıq qazanc etməyi düşünür. Bunun üzərinə mərkəzdə ofis xərcləri (arenda, su, təmizlik, internet və s.) gəlir. Dəqiq yadımda deyil, amma COOL Agency-də biz bütün bu xərcləyə aylıq 10-15 min xərcləyirdik. Bu o deməkdir ki, 500 manata xidmət göstərən şirkət gərək eyni zamanda 20-30 şirkətin işini görsün. 8 nəfər 30 şirkətin işini. Təsəvvür edirsiniz? Əlbəttə ki, mümkün deyil. Bu səbəbdən elə 500 manatlıq xidmət göstərən şirkətlər özünə 500-800 manat maaşlı SMM mütəxəssislər, 1000 manatlıq dizaynerlər (hələ mən 1000 az yazmışam, indiki dollar kursu ilə güclü dizayner 1500-2000 istəyir) və s. işə götürə bilmir. Daha az təcrübəli komanda cəlb olunur. Aydın məsələdir ki, daha az təcrübəli agentlik ilə orta və böyük biznes oyunçularının səhifələrini necə idarə etsin ki?.. Keyfiyyətli və təcrübəli şəkildə mümkünsüzdür.

Ümumiyyətlə SMM mütəxəssis nələri bilməlidir?

Çox gözəl sualdır. Bu sualın cavabı o qədər genişdir ki, danışsam bitməz. Onsuz da yuxarıda çox geniş şəkildə cavab vermişəm. Qorxuram ki, bu müsahibəni çox insan sona kimi oxumayacaq.

Deməli, SMM mütəxəssis ilk növbədə ürəyi rəqəmsal trendlərlə döyünməlidir. Biz agentliyə işçi götürəndə ilk növbədə sosial mediada aktiv olan, trendləri izləyən şəxslərə nəzər salırdıq. Sosial mediada aktiv olmayan şəxsin SMM sahəsində inkişaf edə bilməyəcəyini düşünənlərdənəm.

Biliklərə gəldikdə, burada da geniş bilik bazasına sahib olmaq lazımdır. Bu yalnız Sosial Media Marketinqi ilə limitlənməməlidir. SMM mütəxəssis həmçinin dizayn və fotoqrafiya trendlərini izləməli, onların qaydalarını (guidelines) bilməlidir. Eyni zamanda, hədəf auditoriyanın maraqlarına uyğun foto və dizayn hazırlanmasını tələb etməlidir. Məsələn, bizim agentliyə yeni dizayner gələndə, öz bildiyi kimi dizaynlar hazırlayırdılar. Başa salırdım ki, SMM agentlikdə çalışan dizayner rəssam deyil. Öz xülyaları üzrə dizayn hazırlayıb camaata yedizdirən deyilsən. Biz auditoriyaya işləyirik. Onlar hansı stili sevirsə, o yöndə kreativlik edəcəyik. SMM mütəxəssis də bunu bilmirsə, dizayner nə verirsə istifadə edəcək. Son nəticədə məzmun bu hədəf auditoriya üçün o qədər də uğurlu alınmayacaq.

Digər tərəfdən, SMM mütəxəssisin dizayner olmadığı halda Photoshop üzərində yüngül biliklərlə məzmun hazırlaya bilməsi də uğurlu addımdır. Eyni zamanda fotoqrafiya sahəsi üzrə xırda biliklər də kiçik komanda şəklində geniş işlər görməyə və büdcəni qorumağa kömək edir.

Uğurlu iş görməkdə motivasiya da önəmlidir. Nədir səni motivasiya edən?

Gördüyüm işlər. Gördüyüm işlərdən həzz alıram. Bir layihə bitdikdə, ondan da yaxşısını etməyi planlayıram. Məsələn, bir saytı qurduqdan sonra o sayta girib baxdıqca, həzz alıram. Sonra, o saytdan gələn sifariş və satışları daimi izləyirəm. Ləzzət edir. Gördüyüm işin nəticəsi olmayacaqsa, o işi heç zaman görmərəm.

Məsələn, 2015-2016-cı illərdə SMM təlimi keçirdim. Bu günə kimi tələbələrim mənə müxtəlif suallar verir, məsləhətləşirlər. Hər dəfə onlara yeni müştərilər yönləndirirəm, yeni trend və ideyalarım ilə bölüşürəm. Düzdür, hamısı ilə yox, əsasən mənimlə daimi əlaqədə olanlara aiddir. Çalışıram ki, inkişaf etsinlər. Məhz mənim tələbəm olduqları üçün bu sahədə uğurlarına sevinirəm.

2014-cü ilin sonunda COOL Agency-yə bir işçi gəlmişdi. Ümumiyyətlə SMM sahəsi barədə bilikləri yox idi. Əsasən ingilis dilini səlis bildiyi və çox kreativ olduğu üçün komandamıza götürmüşdük. Onu çox inkişaf etdirdik. Bu gün həmin şəxs bu agentliyin icraçı direktorudur. Belə keyslər olanda, adamı bu sahədə daha böyük işlər görməyə motivasiya edir.

Digər tərəfdən, ən güclü motivasiyanı mənə rəqabət verir. Hər zaman öz sahəm üzrə ən yaxşı olmağa çalışmışam. Buna görə də, ən yaxşılar sırasına düşmək şansım olub. Məqsəd nə qədər böyük olarsa, əldə edilən nəticə də bir o qədər böyük olar. Tam məqsədə çata bilməsək də…

Eyni zamanda motivasiya mövzusunda bir məqama toxunum. ABŞ-da işlədiyim şirkətdə çox cüzi bir iş görmüşdüm. Prezidentimiz gəldi ki, Fərhad, əntiqə, super, inanılmaz. Gözümə elə bil işıq gəldi. Bir buna baxıram, bir də fikirləşirəm ki, mən nə etmişəm ki?.. Adamı xoş sözlərlə bişirib işlədirlər. Azərbaycanda isə sizi inandırıram ki, müştərilərimizə o qədər super işlər görürdük ki, heç sonunda çox sağ ol da demirdilər. Adama zəng edib, dərin təşəkkür bildirərlər. Yox, nə təşəkkürü. Fikirləşirlər ki, pulunu veririk də… Elə bilirlər ki, pul hər şeydir. Amma insanı daha çox tərif motivasiya edir, nəinki pul. Pul bizim maddi ehtiyaclarımızı ödəyir, mənəvi ehtiyacları o qədər də deyil.

Hansısa yeni layihələrin olacaqmı yaxın zamanda?

Yaxın zamanlarda onlayn tədris portalını işə salmağı planlayırıq. Bu yay bitirməli idik. Sadəcə komandanın iş sıxlığı buna imkan vermir. İnanıram ki, həm Azərbaycan, həm də digər ölkə vətəndaşları üçün çox dəyərli olacaq. Əsasən də, Azərbaycan kimi təhsili çox zəif inkişaf etmiş ölkələr üçün milli dildə video təlimlərin olması buna böyük imkan yaradacaq. Layihənin digər əla imkanlarını isə indi bölüşmək istəmirəm.

Yaxın günlərdə SEO Araba məzmun agentliyimiz işə başlayacaq. Fiziki məhdudiyyətli dostlardan ibarət olan komanda şirkətlərə öz müştərini maarifləndirmək və Google, Bing, Yandex və s. axtarış mühərriklərində ilk sıralara çıxmaq üçün məzmun hazırlanmasında kömək edəcək. Bu əsasən bloq yazıları və sosial media kanalları üçün mətnlərin hazırlanması əsnasında baş verəcək.

Amerikada da bir böyük layihəmiz gəlir. Onu da tezliklə eşidəcəksiniz. Yəqin ki, oktyabr ayında bu barədə məlumat yayacayıq.

Bir az da gələcək planların haqqında danışaq. Nələr etməyi planlaşdırrısan?

Şəxsi biznesimi açmaq istəyirəm. Eyni zamanda da millətimə və xalqımıza dəyərli olacaq layihələrə imza atmaq planım var. Ölkədə total biliksizliyi aradan qaldırmağa çalışacam. İnsanları maarifləndirmək, inkişaf etdirmək və xarici bazarlarda uğur qazanmaq üçün addımlar atmaq planım var. Ümid edirəm ki, hamısı həyata keçəcək!

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...