Polşada çalışan azərbaycanlı İT mütəxəssisi Ramin Orucov hesab edir ki, İT-də işi bacaranların “dayday”a ehtiyacı yoxdur
Düşünür ki, əgər insan nəyisə etməyə həvəslidirsə, çətinliklərə, mane olacaq faktorlara baxmayaraq, onu gözəl şəkildə edəcək. Belə ki, kompüter mühəndisliyi ixtisasında təhsil alsa da, 3-cü kursa qədər kompüteri olmayıb. Amma bu, onun təhsildə geri qalmasına gətirib çıxarmayıb, əksinə, bakalavr təhsilini “universitet birincisi” olaraq başa vurub. Bu gün isə öz sahəsi üzrə kifayət qədər tanınan mütəxəssislərdəndir. Müsahibimiz hazırda Polşada Luxoft sirkətində Big Data mühəndisi işləyən İT mütəxəssisi Ramin Orucovdur. Onunla söhbətimizdə həyat yoldaşı və qızı da iştirak edirdi.
Qeyd edək ki, R.Orucov uzun müddət “Azercell” şirkətində İKT departamentində çalışıb.
– “Azərbaycanın İT sahəsindən danışılırsa, Ramin Orucovun adı orda mütləq çəkilir” – dedi bir həmkarınız. Bunu bilirdiniz?
– Əslində, bunun bir neçə səbəbi ola bilər. Mənim 3 əsas böyük şəbəkəm var. Biri əvvəlki Qafqaz Universitetidir. Bakalavr və magistr təhsilimi orda almışam. İkincisi, “Azercell”dir, 8 ilə yaxın orda çalışmışam. Üçüncüsü isə ümumilikdə İT sahəsindəki dost-tanışlardır. Qafqaz Universitetində dərs demişəm, müxtəlif kurslarda treninqlər vermişəm. Bunların kəsişmələri nəticəsində ətrafımda İT sahəsinin adamları çoxdur. Tələbələrimin hərəsi bir yerdə işləyir, xarici ölkələrdə çalışırlar. Belə-belə yayılır.
– Bəs işinizdən danışsaq…
– Mən öz işlərimdən danışmağı o qədər də sevmirəm. Bərabər işlədiyimiz, hansısa layihədə birgə çalışdığımız insanlar bu barədə daha yaxşı danışa bilər. Həm “Azercell”də, həm ondan kənarda kifayət qədər böyük layihələrimiz olub. Etdiyimiz layihələr az-çox ad qazanıb, müəyyən nəticələr əldə olunub.
– Elə sahələr var ki, orda kimsə irəli gedəndə – bəlkə də heç elə deyil – deyirlər ki, “dayday”ı var.
– İT Azərbaycanda hazırda mənim kimi “dayday”sız insanlar üçün ən real şansdır. Biri var ancaq dolanışıq üçün çalışasan, biri də var gəlir qazanmaqla yanaşı, işindən zövq alasan. İT-də işi bacaranların “dayday”a ehtiyacı yoxdur. Hər zaman bu sahənin mütəxəssislərinə ehtiyac olacaq.
– İT üzrə ilk rəsmi iş yerinizin Fövqəladə Hallar Nazirliyi (FHN) olduğunu demisiniz. Bəs ondan öncə harada işləmisiniz?
– 2006-cı ildə bakalavrı bitirib magistraturaya qəbul oldum. Həmin vaxt akademik işçi kimi universitetdə qalıb işləmək təklifi gəldi və qəbul etdim. Dərs davamiyyəti ilə bağlı məcburiyyət də olduğu üçün universitetdə işləmək mənim üçün o vaxt daha uyğun idi. 2008-ci ildə magistraturanı bitirirdim. FHN-də qrup yoldaşım işləyirdi, dəfələrlə məni çağırmışdı. Aprel ayında dedim müsahibəyə gedim, görüm necə olur? Müsahibədən keçdim və məni işə qəbul etdilər. Magistraturanı bitirib sonra işləməyi düşünsəm də, onlar artıq işə başlamağımı istədilər, aprel ayında universitetdəki işdən ayrılıb FHN-ə keçdim.
– Tələbə vaxtı necə oxumusunuz, aktiv tələbə olmusunuz?
– İT adamının çörək ağacı kompüterdir. Ailəmizin maddi imkanları yaxşı olmadığı üçün şəxsi kompüterim yox idi. Kitablar tapıb, üzünü çıxarıb elə öyrənirdim. Daim yanımda həmin vərəqlər olurdu, harada imkan olsa, oxuyurdum. C, C++ dilində proqramları əvvəlcə evdə A4 kağızlarda yazırdım, dərsdən sonra axşam universitetin laboratoriyasında qalıb kompüterdə proqramları yazırdım. O vaxt universitetin laboratoriyasında cəmi 18 kompüter vardı, onlar da bütün gün məşğul olurdu. Oturub gözləyirdim ki, kimsə bezib evə gedər, yer boşalar, mən də kompüterdə oturaram. Üçüncü kursda BP şirkətindən təqaüd qazandım, o təqaüd hesabına kompüter ala bildim. Bütün bunlara baxmayaraq, 2006-cı ildə məzun olanda universitet birincisi olmuşdum. Universitetə daxil olanda da ən yüksək balla daxil olan tələbəydim, bitirəndə də ən yüksək bal ortalaması məndə idi.
– Kompüterin olmaması sizin öyrənməyinizi ləngitmirdi?
– Əlbəttə, ləngidirdi, işimi çox çətinləşdirirdi. Amma mən evə gələn kimi digər dərsləri tez bir zamanda həll edib qalan vaxtımı proqramlaşdırmaya ayırırdım. Həvəs olandan sonra kompütersiz də kod yazmağı öyrənmək olur. İnternet klublara gedirdim, administrator ilə danışıb onların texniki problemlərinə kömək edirdim, əvəzində orda kompüterdə oturub kod yazmağı öyrənirdim, işləyirdim.
– Deyəsən, bir müddət həm də internet klubda çalışmısınız…
– Qrup yoldaşım metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında internet klub açmışdı. Üçüncü kursu bitirmişdim, 2004-cü ilin yay aylarında gündüz növbəsində mən, gecə növbəsində başqa bir qrup yoldaşım işləyirdi. O vaxtkı pulla gündəlik bir şirvan (10 000 manat) pul qazanırdıq. Qardaşım evdən yemək gətirirdi. İlk tələbəm də orda olub. Bir də atası ilə birgə bir qız gəldi, MS Office proqramlarını öyrənmək istəyirdi. Qızın uzun dırnaqları var idi, onu görən kimi dedim ki, siz bu dırnaqlarla kompüterdə necə yazacaqsınız? Dedi, mənə sertifikat lazımdır, ona görə öyrənməliyəm. Ona “Word” və “Excel”i öyrətdim. Həmin ərəfədə bilindi ki, BP-dən təqaüd qazanmışam, sentyabrda da kompüter aldım.
– İT sonsuz öyrənmə tələb edən sahələrdəndir. İşləyə-işləyə tələbə kimi daim dərs öyrənirsən. Bu, çox da asan olmayan bir prosesdir. Amma siz və həmkarlarınız elə həvəslə danışırsınız ki…
– Bu işi sevməsən əziyyətlərinə dözə, uğurlu ola bilməzsən. İT-də iki il özünü yenilənməsən, tələbələrin gəlib səni keçəcək. Bəzən suallar verirlər ki, proqramçı olmaq üçün nə etməliyəm? Deyirəm ki, proqram yazırsan, nəsə bir xəta var, iki-üç saat məşğul olsan da, tapa bilmirsən. Gecə yatırsan, yuxuya getməmişdən qabaq səhvini bildin. Yatıb səhər düzəldərsən, yoxsa həmin an yerindən qalxıb həll edərsən? Bu sualın cavabından sonra deyirəm ki, səndən proqramçı olar, yoxsa yox. Çünki mən elə olanda yata bilmirəm, mütləq yerimdən durub tez onu həll edirəm.
– Yəni, gecə-gündüz bilmədən işləmək lazımdır?
– İşi sevən adam istər-istəməz belə işləyəcək. Amma bu, sağlamlıq üçün problem yaradır. 2010-2012-ci illər mənim bu cəhətdən çox çətin dövlərim olub. “Azercell”də adi proqramçı idim, kirayədə qalırdıq, toyun kreditləri vardı, ailənin xərcləri və s. İpoteka ilə ev götürmək istəyirdim, ilkin ödəniş üçün mənə pul lazım idı. Buna görə işimlə yanaşı, kurslar keçirdim, evə gec gəlirdim. 2012-də böyük bir layihə üzərində işlədim. İşdən sonra səhər 5-6-ya qədər işləyirdim, sonra 2-3 saat yatıb işə gedirdim. Yuxumu tam almadığım üçün nahar vaxtı iş yoldaşlarımın maşınında yatırdım. 4 ay belə işlədim, 2013-cü ilin fevral ayında ev aldıq, amma sağlamlığımda problem yarandı. Ürək nevrozu oldum, ürək döyüntülərində problem yarandı. Həkim bir həftəlik hər şeydən uzaqlaşıb istirahət etməyi məsləhət görsə də, “Azercell”də işim çox idi deyə, getmədim. Çətin vaxtlarım olub, amma bunları nə üçün qurban verdiyimi bilirəm. Xüsusilə, qızım olandan sonra evə iş gətirməməyə çalışıram, amma bu, hər zaman alınmır. Çünki işdə iş yükü kifayət qədər çox olur. İnkişaf etmək, irəli getmək istəyirsənsə, özünə əlavə zaman ayırıb məşğul olmalısan. Telefona müxtəlif kitablar yükləmişəm, onlayn kurslardan istifadə edirəm. Harada vaxtım olsa, video kurslara baxıram və ya kitablar oxuyuram. Hədəflərim çoxdur, onları reallaşdırmaq üçün çox çalışıram. Yaxın 5 illik planım var, nələri öyrənəcəyimi, necə edəcəyimi planlaşdırmışam.
– Həmişə belə bəlli planınız olur?
– Bəli, tələbələrə də özləri üçün uzun və qısamüddətli fərdi inkişaf planları qurmalarını məsləhət görürəm. Gənclər universitetə qəbul olanda düşünürlər ki, hələ vaxta var, amma bir də baxırlar ki, universitet bitib. Universitetdə işlədiyim vaxtlarda sonuncu kursda oxuyan bir qız yanıma gəlmişdi. Dedi universiteti qırmızı diplomla bitirəcək, amma indi başa düşür ki, real iş görəcək səviyyədə heç nə bilmir. Sadəcə, nəzəriyyəni oxuyub. Bu, mənə çox pis təsir etdi. O, əvvəldən universiteti bitirəndən sonra nə edəcəyini, iş yerlərinin ondan nə istəyəcəyini heç fikirləşməyib. Plan ona görə lazımdır ki, vaxt tez keçir. Uzunmüddətli plan qurmayanda gününü yola vermiş kimi olursan.
– Keçmişlə indiki təcrübənizi müqayisə edirsiniz?
– Əlbəttə, müqayisə etmək lazımdır. İki günü eyni olan zərərdədir. Bu gün dünənkindən artıq nəsə inkişafın yoxdursa, ziyandasan. Ona görə hər zaman oxumaq, inkişaf etmək, irəli getmək lazımdır. Rektorumuz o vaxt bizə deyirdi ki, indi öyrəndikləriniz siz məzun olanda artıq köhnəlmiş olacaq, fundamental biliklər öyrənin, onlar heç vaxt köhnəlmir, qalan texniki biliklər isə 3-4 il ərzində köhnələcək, özünüzü hər zaman yeniləyin. “Azercell”də 8 ilə yaxın işlədim, ordan çıxıb “Luxoft”a keçəndə hiss etdim ki, komfort zonasında çox qalmışam, bəzi yenilikləri ehtiyac olmadığına görə öyrənməmişəm. Bir dəfə elə oldu ki, yazdığım bir modul dəyərləndirmədən (“code review”-dan) keçmədi, bütün testlərdən keçməyinə baxmayaraq, qəbul olunmadı. Səbəb kimi onu Java 7 stilində yazdığımı dedilər və Java 8-də “lambda expressions” və “stream”-lərdən istifadə edərək yazmağımı istədilər. Həmin günə qədər ehtiyac olmadığına görə Java 8-dəki yenilikləri öyrənməmişdim, o gecə 200 səhifə kitab oxudum, lazımi yenilikləri öyrəndim, həmin modulu yenidən yazıb göndərdim və qəbul olundu. Son 1 ildə big data üzrə çoxlu texniki biliklər öyrənmişəm və təcrübə yığmışam. Amma hesab edirəm ki, hələ öyrənməli olduğum çox şey var. “Big data”, “data science”, “machine learning”, “artificial ingelligence” çox maraqlı sahələrdir.
– İT sahəsinin adamları adətən bir işdə çox qala bilmirlər. Eyni iş yerində sizi bu qədər saxlayan dediyiniz komfort zona idi, yoxsa ölkədə gediləcək daha yuxarı bir yerin olmaması?
– Hal hazırda İT üzrə 3-4 ildən bir iş yerini dəyişmək normal hesab olunur. Mənim özüm üçün karyera hədəflərim və şəxsi planlarım var. Hesab edirəm ki, əgər onlar şirkətin hədəfləri ilə üst-üstə düşürsə, birgə yolumuza davam etmək olar. “Azercell” Azərbaycanda ən yaxşı və ən güclü İT şirkətlərindən biridir. “Azercell”də güclü texniki kadrlar və səmimi, mehriban iş mühiti var. Orda işlədiyim müddətdə texniki olaraq çox inkişaf etmişəm, yetişmişəm, ciddi layihələr üzərində işləyib rəhbərlərimin etimadını doğrultmuşam. Mənim “Azercell”dən və Azərbaycandan getmək səbəbim isə şəxsi karyera hədəflərim ilə bağlıdır. Komfort zonasında qalmaq insanı tənbəlləşdirir.
– Ölkəni tərk edən İT mütəxəssisləri çoxdur. Getmələrinə fərqli səbəblər səsləndirirlər. Siz niyə getdiniz?
– Gedənlərin adətən bu səbəbləri olur: pul, karyera, uşaqların gələcəyi və daha yaxşı həyat. Yoldaşım da İT üzrə işləyir, ikimiz bir yerdə kifayət qədər yaxşı qazanırıq, getmək səbəbimiz pul deyildi. Mən 2014-cü ildə istiqamətimi dəyişib karyeramı big data üzrə davam etdirməyə qərar verdim, bununla bağlı olaraq İKT departamenti daxilində başqa şöbəyə keçdim. 2016-cı ildə TeliaSonera qrup “Azercell”i satmağa qərar verdiyinə görə, yaxın 2-3 ildə big data üzrə ciddi inkişaf edə bilməyəcəyimi gördüm. “Azercell” satılandan sonra Big Data ilə bağlı yaxın iki-üç il ərzində yeni proyekt olmayacaqdı. İT-də isə 3 il çox böyük bir müddətdir, əgər orda qalsaydım, yerimdə saymış olacaqdım. Azərbaycanda Big Data üzrə işləyib inkişaf edə biləcəyim başqa bir şirkət olmadığına görə Avropaya köçməyə qərar verdim. İş yerini dəyişmək mənə görə ciddi qərardır. Mənə deyirdilər ki, evin, yaxşı işin, hər şeyin var, niyə gedirsən? Doğmalarımı, dost-tanışlarımı, burdakı həyatımı atıb getmək psixoloji olaraq mənə çətin idi, amma bilirdim ki, getməsəm geri qalacam, ona görə çətin olsa da, o qərarı verdim, indi fikirləşəndə çox düzgün qərar verdiyimi görürəm. Daha yaxşı karyera imkanı üçün getdik. İki təklif aldım, biri Almaniyadan, o biri də Polşadan. Ailə, sosial imkanlar, maaş cəhətdən Almaniya daha yaxşı seçim idi, amma yoldaşımla məsləhətləşdik və Polşanı seçdik. Çünki o təklif Big Data ilə bağlı idi. Big Data üzrə 3 il Polşada işləsəm, sonra Almaniyaya daha rahat gedə bilərəm. Deməli, keçən il noyabrın 25-i “Azercell”dən çıxdım, 27-si Polşaya getdim, dekabrın 1-i Luxoftda işə başladım. İşə başlayan gün “Linkedin” profilimi təzələdim, ölkəni və iş yerini dəyişdim, həmin həftə ərzində mənə 8 iş təklifi gəldi. Avropada olduğumu gördülər, həm də işim sırf Big Data üzrə olduğu üçün artıq diqqət çəkmişdi. İndi elə gün olur ki, 5-6 iş təklifi gəlir. Bu, mənim üçün motivasiyadır.
– Nə cəhətdən?
– Biliklərimin hansı səviyyədə olduğunu, şirkətlərin nələr tələb etdiyini, texniki biliklərimdə hansı boşluqların olub-olmamasını öyrənirəm. Bu təkliflər inkişaf etmək üçün mənə çox kömək edir.
– İşlə yanaşı, feysbukda da aktivsiniz. Xüsusilə də gənclər üçün maraqlı olacaq yeni nə olsa, paylaşırsınız…
– Universitet vaxtı mənə çox kömək edən olmayıb deyə, çətinliklər çəkirdim. Bəzən xırda bir problemi həll etmək bir həftə vaxtımı alırdı, axtarıb tapmaq çox çətin idi, amma bilən adamdan soruşsaydım, baxan kimi səhvin nə olduğunu deyərdi. İndi öyrənmək üçün hər bir imkan var, amma gənclərdə həvəs azalıb. Mühəndislik Universitetinin məzunları bilirlər ki, universitetin verdiyi bilikləri öyrənsələr, müəyyən bir işə başlayacaqlar. Digər universitetlərin tələbələrində isə problem çoxdur. Kurslarda, seminarlarda gözlərində çoxlu suallar, məlumatsızlıq, bilgiyə aclıq gördüm. Ona görə düzgün yola getmələri üçün gənclərə kömək etməyə çalışıram. Müraciət edən həddindən artıq çox olur, bəzən çatdıra bilmirəm. Bu zaman kitab göndərirəm, yaxud onu sahəsi üzrə yaxşı bir mütəxəssisə istiqamətləndirirəm. Amma bu, ailəyə, öz işlərimə vaxt ayırmaq cəhətdən problem yaradır.
– Xanımınız da bu sahənin adamıdır. Evdə rəqabət olmur?
– Əslində, bu sahənin adamı olmasaydı, çoxdan məndən küsmüşdü (Gülür). İşin mahiyyətini bildiyi üçün məni daha yaxşı başa düşür. Amma iş nə qədər çox olsa da, ailəyə də vaxt ayırırıq, həyat ancaq işdən ibarət deyil.
– Mətbəxdə də qabiliyyətiniz var. Bişirdiklərinizi paylaşırdınız…
– Normalda tənbəl adamam. İndiyə qədər də yemək bişirməyə məcbur qalacağım bir durum yaranmayıb. Varşavaya köçəndə dedilər ki, 3 aya oturum izni almaq olur, ancaq ondan sonra ailəni gətirmək mümkündür. 3 ay 6 ay oldu. Orda tək qalanda ya hər zaman qıraqda yeməliydim, ya da evdə bişirməliydim. İkincini seçdim, ərzaqlar alıb evdə bişirməyə başladım, Skype və ya WhatsApp ilə görüntülü danışırdıq, Roza, anam və ya qaynanam mənə başa salırdı, mən də bişirirdim. Sonra internetdə videolar izləyib öyrəndim, artıq mənim üçün yeni hobbi oldu. Həftə sonları vaxtım çox olur deyə, maraqlı yeməklərin reseptlərini öyrənib bişirirəm. Məsələn, ilk dəfə “Şah plov” bişirəndə şənbə günü 6 saat vaxtım getdi. Burda məndən dadlı bişirənlər var deyə, o işlərə qarışmıram (Gülür). Razılaşmışıq ki, Varşavaya qayıdanda həftə içi Roza bişirəcək, həftə sonları isə mən.
– İT sahəsində şəxsi bir şirkət qurmaq fikriniz var?
– Planımda var, amma bunun üçün işdən çıxıb özünü tam ona həsr etmək lazımdır, birlikdə çətin olar. Almaniyaya köçüb, bir neçə il işlədikdən sonra orda öz şəxsi şirkətini açıb konsultant kimi fəaliyyət göstərmək olar. Konsultant kimi işləməyin 2 əsas üstünlüyü var. Birinci odur ki, çoxlu və müxtəlif proyektlərdə işləmək və yaxşı təcrübə yığmaq imkanı var, ikincisi isə güclü konsultant kimi gündəlik 500-1000 avro arası qazanc əldə etmək mümkündür. Məsələ pulda deyil, hələ 33 yaşım var, İT sahəsində 40-45 yaşa qədər qalmaq olar. Ondan sonra ya menecmentə keçməlisən, ya da başqa bir istiqamətə. 40 yaşa kimi milyon qazanmaq lazımdır. Qızımın ən yaxşı universitetdə oxumasını, gözəl təhsil almasını istəyirəm. Mənim çəkdiyim çətinlikləri görməyini istəmirəm. Müəyyən yaşdan sonra universitetdə akademik fəaliyyətlə məşğul olmaq fikrim də var. Bununla tələbələrə daha yaxın olaram. İngilis dilində kitablar var, amma Azərbaycan dilində İT sahəsində kitab yazmaq da istəyirəm. Azərbaycan üçün görə biləcəyim işlər çoxdur, amma onları etmək üçün burda olmağa çox da ehtiyac yoxdur.
– Uğurun sirri nədir?
– Uğurun qeyri-adi sirri yoxdur. Bunu istəmək, plan qurmaq və çox çalışmaq lazımdır.
©kaspi qəzeti