Instagramdan pul qazanmaq mümkündürmü?
Texnologiya inkişaf etdikcə insanların da texnoloji cihazlardan asılılığı artır. Artıq heç kim həyatı internetsiz təsəvvür edə bilmir. Bu asılılıq 7-dən 70-ə hər kəsin istifadə etdiyi, günümüzün bəlkə də əsas hissəsini keçirdiyimiz Facebookla başlayıb Twitter, Tumblr, Instagram kimi sosial şəbəkələrlə daha da genişlənməyə başladı. Səhər gözünü açan kimi telefonunu əlinə alıb şərhlərə cavab verən, izləyici sayını yoxlayan, yüklədiyi şəkil bəyənilmədiyi halda buna görə uzun-uzadı fikir edən insanlarla doludur ətrafımız. Yer bildirişləri, hashtaglar, rəylər, izləyicilər, tweet, like sayı. Bu anlayışlar gündəlik söhbətlər arasında ən çox eşidilən sözlər oldu və bütün dünya bu vəziyyətdən xəbərdardır.
Sürətlə böyüyən sosial şəbəkə instagramda pul qazanmaq üçün istifadə edə biləcəyiniz bir çox yol var. Məhsul satmaq, xidmət göstərmək, məhsul və məkan reklamı etmək və s. İnstagramdan istifadə edənlərin sayı 600 milyonu ötüb. Buna görə də bu sosial şəbəkədə sizin auditoriyanız daha genişdir.
Instagramda məhsul reklam etməklə pul qazanmaq
Təbii ki məhsul və ya məkan təqdimatı edərək pul qazanmaq üçün müəyyən bir izləyici kütləsinə sahib olmağınız əsas şərtlərdən biridir. Bunun üçün də ilk növbədə instagramda özünüzə müəyyən izləyici auditoriyası yığmalısınız. Instagramda original şəkillər yükləməklə və ya videolar yükləməklə minlərlə izləyici sayına çata bilərsiniz. Buna misal kimi Huseyn Azizoglu adlı instagram hesabını göstərə bilərik. Bildiyiniz kimi Hüseyn Azizoğlu bu işə 10 saniyəlik videolar yükləməklə başlayıb. Videolar original olduğuna və izləyici tərəfindən maraqla qarşılandığına görə insanlar tərəfindən sevildi və artıq Hüseyn Azizoğlunun instagram hesabını yarım milyon insan izləyir. Şərt o deyil ki siz də Hüseyn kimi gülməli videolar çəkib yükləyəsiz ya da Renan Pacheco kimi müxtəlif ölkələrdə möhtəşəm şəkillər çəkib yükləyəsiz. Hansı sahəni yaxşı bilirsinizsə o sahədə məlumatlar paylaşa bilərsiniz. Əsas odurki məlumatlar daha çox original olsun. İnsanlar artıq eyni məlumatları eyni şəkilləri və videoları görməkdən beziblər. Məsələn moda və kosmetikaya aid paylaşımlar edirsinizsə bu sahədən pul qazana bilərsiniz. Müəyyən bir izləyici sayına çatdıqdan sonra sizə artıq firmalar özləri reklam təklif edəcəklər. Hüseyn Azizoğlu öz instagram hesabında artıq hər həftə reklam təklifləri alır.
Instagramda ticarət etməklə pul qazanmaq
Instagramdan pul qazanmağın digər yolu isə milyonlarla istifadəçisi olan bu platformadan istifadə edərək ticarət etməkdir. Əgər siz də bu sahədən pul qazanmaq istəyirsinizsə məşhur Instagram butiklərini araşdıraraq bu mövzuda haqqında ətraflı məlumatlar əldə edə bilərsiniz. Məsələn bijüteriya, ayaqqabı, qadınların sevdiyi çantalardan pul qazana bilər, ağılınıza gələ biləcək hər cür məhsulu sata bilərsiniz. Məsələn əl istehsalı oyuncaqlar, sabunlar, əl işi və hörgülər, qısaca ağılınıza gələ biləcək hər şeyi Instagram vasitəsilə sata bilərsiniz. Nəticədə məhsulunuzun təqdimatını nə qədər təsir edici, nə qədər keyfiyyətli fotoşəkillərlə təqdim etsəniz o qədər çox pul qazanarsınız.
Instagramdan nə qədər pul qazanmaq olar?
Bu suala konkret cavab vermək mümkün deyil. Çünki instagramdan qazanacağınız pul sizin instagram hesabınızda etdiyiniz paylaşımlardan asılı olaraq dəyişə bilər. Ayda 100 manat qazananlar da var ayda 5000 manat da. Azərbaycanda izləyici sayı çox olan məşhur müğənnilər də artıq instagramda reklam etməklə pul qazanırlar. Onlara misal kimi Günay İbrahimli, Sevda Yəhyayeva kimi məşhur müğənniləri göstərə bilərik. Günay İbrahimli instagram hesabında reklam xarakterli hər paylaşıma görə 1000 manat pul qazanır. Sevda Yəhyayevada bu məbləğ 500 manatdır. Son zamanlar instagram fenomeni olan Samiraldo isə hər reklam xarakterli paylaşım üçün 200 manat alır. Xarici ölkələrdə bu məbləğlər təbii ki daha da çoxdur. Danielle Bernstein adlı bloggerin instagram hesabında 1.5 milyon izləyici var. 22 yaşı olmasına baxmayaraq tezliklə milyoner olacağı məlumdur. O, instagram hesabında hər reklam xarakterli paylaşıma görə 5000-15000 dollar arasında məbləğ alır.