Orxan Mahmudov: “İnsanların istənilən sahədə qazanacağı uğur, onun bacarığından çox, şəxsi keyfiyyəti üzərində qurulur”
Həyatda yaşadığı çətinliklər onu uşaqlıq arzusu olan təhsil almaq istəyindən uzaqlaşdırmayıb. Hərbi xidmətdən sonra olsa belə, ali təhsil alıb. İnkişaf üçün, insanın sahib olduğu düşüncənin böyük rol oynadığını deyir. “Örnək” rubrikasının budəfəki qonağı Orxan Mahmudovdur.
Orxan Mahmudov 1993-cü ildə anadan olub, Bakı Slavyan Universitetinin psixologiya fakültəsində təhsil alıb. Hazırda beynəlxalq şirkətdə təlim və inkişaf mütəxəssisi olaraq çalışır. Karyera və fərdi inkişaf sahələrində təlimçi kimi tanınır. Bundan başqa, fərdi olaraq sahibkarlıq fəaliyyəti ilə də məşğul olur.
– Sosial şəbəkədə bir paylaşımızında “bu gün qazandıqlarımın arxasında uşaqlıqda yaşadığım çətinliklər dayanır” yazıbsınız. Bilmək olar, o çətinliklər nələr idi?
– Bu vaxta kimi yaşadıqlarımın çox qısa hissəsini sizlərlə paylaşacağam. 7 yaşımdan anamdan eşitdiyim “Bala ümidimiz sənsən”, “Gözümüzü sənə dikmişik” ifadələr ilə böyüyüb, hər zaman bu məsuliyyəti üzərimdə hiss etmişəm. Demək olar ki, 10 yaşımdan işləməyə başlamışam. 13 yaşım var idi, atam ağır xəstə oldu və o andan artıq ailəmizin məsuliyyətini tam üzərimə götürdüm. 15 yaşımdan başlayaraq, artıq evdən pul götürmədim, evə pul gətirdim. İşlədiyim üçün məktəbə getmirdim, ona görə də, vaxtında oxuya bilmədim. 18 yaşımda, ailəmizin ən pis vaxtında hərbi xidmətə yollandım. Hərbi xidmətimin 3-cü ayında hospitala düşdüm, hospitalda olarkən atamın ölüm xəbərini eşitdim, amma mənə ölümündən 4 gün sonra demişdilər. Təbii ki, əyilmədim, ana-bacıma dəstək oldum. Hospitalda olduğum üçün məzuniyyət vermədilər, yalnız atamın 40 mərasiminə gələ bildim. Uğurlu nümunə çəkiləcək xidmət etdim. Hərbidən sonra fəhlə, qabyuyan kimi müxtəlif işlərdə çalışdım. Amma uşaqlıqdan bir məqsədim var idi: insanlara faydalı olmaq. Bu çətinliklərə rəğmən, heç zaman bəhanələr etmədən, üzərimdə çalışdım və 22 yaşımda özüm hazırlaşaraq, istədiyim ixtisas üzrə ödənişsiz əsaslarla universitetə daxil oldum. İlk gündən aktiv həyata qoşuldum, tələbəlik dövründə də böyük çətinliklərlə qarşılaşdım, lakin yenə də hədəfimə doğru inamla addımladım. Həyatımda heç vaxt mənəvi dəstəyim də belə olmayıb. Hər şeyi öz gücümlə qazanmışam, “mümkünsüzdür, edə bilməzsən, sənlik deyil” ifadələrini etmişəm. Bu gün də məqsədimə doğru inamla addımlayıram və istədiyim işdə çalışıram. Hələ yolun başlanğıcındayam Allahın izni ilə gediləcək yol, görəcək işimiz çoxdur. Bu gün məni formalaşdıran, həqiqətən də o çətinliklər olub, az və ya çox, nə qazanmışamsa, uşaqlıqda yaşadıqlarım dayanır.
– Bəs, bu gün “qazandıqlarım” deyəndə nəyi nəzərdə tutursunuz?
– Qeyd etdiniz ki, hərbi xidmətdən sonra hazırlaşaraq universitetə qəbul olubsunuz. Oğlanların əksəriyyəti əsgərlikdən sonra təhsilə maraq göstərmir, gec olduğunu düşünərək ali təhsilin dalınca getmirlər. Sizdə bu istək haradan idi?
– Təhsil almaq uşaqlıqdan arzum idi, amma bəzi səbəblərdən bu arzum yarımçıq qalmışdı. Yəni bu, mənim hədəfim idi, 25 və ya 30 yaşımdan asılı olmayaraq, bunu edəcəkdim. Hərbi xidmətdən gələndə də maddi vəziyyətimiz elə də yaxşı deyildi, bir neçə il işlədikdən sonra, 22 yaşımda universitetə daxil oldum.
– Bəs, nə üçün psixologiyanı seçdiniz?
– Açığı, əsas məqsədim ali təhsil almaq idi, əvvəllər fakültə ilə bağlı qəti bir fikrim yox idi. Ancaq əsgərlikdə əmin oldum ki, psixologiya sahəsində təhsil almaq istəyirəm. Əsgərlikdə olarkən psixologiya ilə bağlı bəzi kitablar oxuyurdum və çox maraqlı sahə olduğunu düşünürdüm. Hərbi xidmətdən qayıtdıqdan sonra isə fərdi inkişafla maraqlanırdım, onda bildim ki, fərdi inkişafın əsasında psixologiyanı bilmək dayanır. Bununla da, psixologiya ixtisası üzrə təhsil almaq qərarım konkretləşdi.
– Həmin dövrdə maddi vəziyyətinizi necə təmin edirdiniz?
– Universitetə daxil olan günədək səhər saat 9-dan, axşam 9-a qədər restoranda işləmişəm. Sentyabrın 15-i dərslər başladığı üçün, 13-ü işdən çıxdım. Bir müddət məni idarə edəcək pul yığmışdım. Amma əvvəl-axır, o pul da bitəcəkdi. Ona görə, yenidən dərs saatlarıma uyğun işə başladım. Birinci kursda ikinci növbə oxuduğum üçün gecə növbəsində işlədim.
– Həm oxumaq, həm işləmək çətin deyildi?
– (Gülür) Xeyr, 10 yaşından işləyən biri üçün çətin deyildi.
– Sizi şəxsi inkişaf üzrə gənc təlimçi kimi tanıyırıq. Bu sahəyə maraq necə yarandı?
– Şəxsi inkişafla tanışlığım 2013-cü ildə olub. Amma təlimçilik haqqında düşünməmişdim. Universitetə qəbul olduqdan sonra da özümün şəxsi inkişafımla məşğul olurdum. Zamanla özümdə təlimçilik potensialını gördüm. Müxtəlif təlimlərdə iştirak edirdim. Digər tərəfdən, mənim inkişafında, irəliləməyimdə heç kimin köməyi olmayıb, amma gənclərimizə dəstək olmaq istəyirəm deyə, düşündüm ki, öyrəndiklərimi insanlarla bölüşüm. Bu, məni xoşbəxt edən məqamlardan biridir. Ona görə, düşündüm ki, bu işi daha intensiv hala gətirərək təlimlər keçim.
– Maraqlıdır, təlimçi kimi öz şəxsi inkişafınızı necə təmin edirsiniz?
– Mən bu yaşıma qədər həmişə qazancımın bir hissəsini kitablara ayırmışam. 2012-ci ildə 180 manat maaş alırdım, onun 40 manatına kitab alırdım. Bir kitabı alıb oxuyurdum, sonra bir az ucuz qiymətə satıb üstünü düzəldib, yenisini alırdım. Şəxsi inkişaf mənim üçün hər zaman prioritet olub və olacaq da. İndi də qazancımın bir hissəsini təlimlərə xərcləyirəm. Beynəlxalq ödənişli onlayn təlim layihələri götürürəm.
– Necə düşünürsünüz, insanın şəxsi inkişafı onun şəxsi keyfiyyətləri ilə düz, yoxsa tərs mütənasib olur?
– (Gülür) Maraqlı sualdır. Düşünürəm ki, şəxsi inkişafla bağlı təbliğat prosesi düzgün getmir. Şəxsi inkişaf hər bir insanın həyatının ayrılmaz hissəsi olmalıdır. Şəxsi inkişaf kitab oxuyub, təlimlərə getməkdən ibarət deyil. Bizim idmanımız da şəxsi inkişafımıza xidmət edən bir vasitədir. Amma bütün bu deyilənlərin fonunda insanın şəxsi keyfiyyətləri dayanır. İnsanların istənilən sahədə qazanacağı uğur, onun bacarığından çox, şəxsi keyfiyyətli üzərində qurulur. Yəni yüksək səviyyədə bacarıqlı biri yalançıdırsa, məsuliyyətsizdirsə, təbii ki, o, zamanla gözdən düşəcək və heç kim ona inanmayacaq. Sadaladığım bu keyfiyyətlərə sahib biri, inkişaf etmiş hesab olunmur.
– “Facebook” da “insan mühəndisliyi” həştəqi ilə paylaşımlarınız olur. Bilmək olar həmin statuslarla insanlara hansı mesajı verməyə çalışırsınız?
– İnsan mühəndisliyinin əsasında psixologiya dayanır və mən onu Azərbaycanda inkişaf etdirməyə çalışıram. Amma hələ ki tam aktiv bir şəkildə fəaliyyət göstərmirəm. Hazırda fəaliyyət göstərən bir sıra kouçlar, mentorlar var. İnsan mühəndisinin onlardan fərqi odur ki, məsələyə hərtərəfli baxır. Hələ ki, yaşım az olduğu üçün bu sahəni daha da dərinləşdirə bilmirəm.
– Sosial media profilinizdə müxtəlif yaşda olan gənclərlə baş tutan görüşlərinizdən şəkillər paylaşırsınız. Bir az da bu görüşlərin mahiyyətindən danışaq.
– Söhbətinizdən aydın olur ki, insanların inkişafına fayda vermək istəyiniz böyükdür. Bu, nədən qaynaqlanır?
– Bayaq da dediyim kimi, mənim inkişafımda heç kimin dəstəyi olmadığından, necə çətin olduğunu anlayıram. Əgər yol göstərənim olsaydı, bəlkə də, bu gün əldə etdiklərimi daha tez qazanardım. Ona görə də, bu cür köməyə ehtiyacı olan gəclərimizə əlimdən gələn dəstəyi göstərirəm. Sanki onlarda illər əvvəlki Orxanı görürəm.
– Şəxsi inkişaf təlimlərinə qoşulanlar arasında xanımlar, yoxsa bəylər üstünlük təşkil edir?
– Artıq neçə ildir ki, bu sahədə fəaliyyət göstərirəm və tam səmimi olaraq deyə bilərəm ki, xanımlar daha fəaldırlar. Təlim auditoriyasının 80%-i xanımlardan ibarət olur. Bu, sevindirici haldır ki, xanımlar üçün şəxsi inkişafları prioritet məsələdir. Amma digər tərəfdən isə bəylərin azlığı məni narahat edir.
– Gənclərə məsləhətiniz nələrdir?
– Məsləhət deməzdim, sadəcə bu yolu keçən biri kimi təcrübəmi və tövsiyələrimi bölüşə bilərəm. Yaxşı olar ki, özlərində qlobal düşüncə tərzini formalaşdırsınlar. Bu düşüncə harada yaşamaqlarından asılı olmayaraq, onları uğura aparacaq. İnsanların məişət həyatını müzakirə edib beyinlərini o istiqamətdə yormasınlar. Daha ciddi işlərlə məşğul olub, öz həyatlarına, inkişaflarına fokuslansınlar. Öz inkişafları ilə bağlı məsuliyyəti başqa insanların üzərinə atmasınlar, qərarları özləri versinlər. Arxadakı insanlara baxıb rahatlanmasınlar, əksinə öndəkilərə baxıb rəqabətə girərək inkişafları üçün çalışsınlar.