“İnsan psixoloji baryeri keçməyincə, uğur qazanması çətin olur”
Pulu biznes qurmaq üçün bir alət sayır. Deyir ki, çox pul olanda, onu çox rahat batırmaq olur. Buna görə də biznes qurmaq üçün puldan daha vacib şeylərin olduğunu düşünür. Bunlar təcrübə, ideya və istedaddır. Müsahibimiz təmizlik, əyləncə, mebel, taxta-oyma işləri sahəsində öz biznesini quran, “Bestpack” Poliqrafiya Print Mətbəəsinin direktoru, “Asan dildə biznes” kitabının müəllifi Xilqət Əsədovdur.
– Çoxlarımız bunun üçün çalışırıq: orta məktəb – ali məktəb – hansısa özəl, yaxud dövlət müəssisəsində çalışmaq – təqaüdə çıxmaq. Sovet dövrünün psixologiyasına uyğun olaraq, bizi belə böyüdüblər. Beynimizdə qəlibləşən bu formula nə dərəcədə düzgündür?
– Bu, əslində səhv formul deyil. Amma digər formulun da üzərində işləyib biznesmenlər yaratmaq lazımdır. Avropada, Amerikada sizin dediyiniz formul ilə yanaşı, biznesmen yaratmaq formulu da var. Bunun üçün insanlara yüksək səviyyədə idarəetmə öyrədilir. Amma bizdə sırf işçi yaratmaq üçün çalışılır. Buna görə də Avropada, Amerikada biznesmenlərin sayı çoxdur. Biznesmenlər fərqli düşünən insanlardır. Biznesmen düşünmür ki, vaxtında işə gəlim, düşünür ki, necə edim, insanlar işə vaxtında gəlsinlər.
Əgər işçi olmaq üçün 11 il orta məktəb, 4 il ali məktəb oxumalı, sonra işə götürülmək üçün 2-3 il təcrübə keçmək lazımdırsa, biznesmen olmaq üçün 15 il oxumağa ehtiyac yoxdur. Üçcə il kifayətdir ki, biznes təhsil almaqla, yaxud təcrübə yolu ilə öyrənib biznesmen olasınız.
– Belə başa düşdüm ki, biznes qurmaq üçün ali təhsilə ehtiyac yoxdur…
– Elədir. İnsanlar var ki, ali təhsil almadan 17 yaşında uğurlu biznes qururlar. Biznes qurmağın ən rahat yolu satış meneceri, satış agenti işləməkdən keçir. Satış meneceri gülərüz olur, danışıq qabiliyyətinin üzərində işləyir, müştərini necə cəlb etməyin lazım olduğunu bilir. Biznesmendə də bu xüsusiyyətlər olmalıdır. Əgər insan ikicə il satış agenti kimi çalışsa, sonra rahat şəkildə öz biznesini qura bilər. Çünki artıq ətrafı formalaşıb. Biznesdə əhatə dairəsinin, iş birliyi qura biləcəyin adamların formalaşması şərtdir.
– Bir də görürsən, kimsə biznes qurmaq istədiyini, ancaq bunun üçün pulunun olmadığını deyir. Biznes qurmaq üçün pul nə dərəcədə vacibdir?
– Pul biznes qurmaq üçün bir alətdir. Çox adam görmüşəm ki, bu işdə xeyli pul batırıb. Ən əsas təcrübənin, yaxud biznes təhsilinin olmasıdır. Məsələn, mən başqa biznesmenlərin tərcümeyi-hallarını oxuyuram, nədən başladıqlarını öyrənirəm. Bu, mənə çox kömək olur. Artıq mənə təklif gəlir ki, pul verək, filan işi şərikli quraq. Yəni, artıq pul özü gəlir. Uzaqbaşı, pul yoxdursa, gedib bankdan kredit götürə bilərsən.
Öz biznesini qurmaq istəyənlər üçün mənim üç variantım var. Birincisi, təcrübədir. Kimsə 10 ildən artıq eyni sahədə işləyirsə, artıq bu insanlar öz bizneslərini pulsuz qura bilərlər. Çünki təcrübə puldan əvvəl gəlir. İnsanlar təcrübəli insanı tanıdıqlarına, qabiliyyətlərinə bələd olduqlarına görə onunla əməkdaşlıq etməyə can atacaqlar. İkinci variant istedaddır. Hər bir insanda istedad var, amma o istedadın nə olduğunu hər kəs tapa bilmir. Məsələn, mən özümdə təşkilatçılıq istedadının olduğunu bilmirdim. Çünki mühasib işləyirdim. Sonra layihələr üzərində çalışdım və insanları bir yerə yığa biləndə anladım ki, sən demə, təşkilatçılıq istedadım varmış. Bir sözlə, hansısa istedadını üzə çıxarıb da biznes qura bilərsən. Üçüncüsü, ideyan olmalıdır. İdeya bizə xasdır. Azərbaycanda yeni ideya tapmaq, tətbiq etmək daha asandır. Hətta xarici ölkələrdə olan hazır ideyanı da gətirib burada istifadə edə bilərik. Bir sözlə, yeni ideya varsa, biznesimizi qura bilərik.
– Belə başa düşdüm ki, biznes qurmaq üçün çox pul xərcləməyin tərəfdarı deyilsiniz…
– Qəti tərəfdarı deyiləm. Çox pul olanda, onu çox rahat batırmaq olur. Çünki ideya insanı alovlandırır və düşünürsən ki, alınacaq. Amma alınmır və alovlanaraq tökdüyün pullar puça çıxır. Gənclərə tövsiyə edərdim ki, bir neçə ideyaya baxsınlar, hərəsini az pulla qurmağa cəhd etsinlər. Bir ildən sonra bilinəcək ki, bunlardan hansı münasibdir. Həmin münasib olanı da davam etdirsinlər. Dediyim kimi, hər bir insanın istedadı var. Sadəcə, daha çox nəyə meyl etdiyini araşdırmaq lazımdır. Onu tapandan sonra, o işi edə-edə, ziyan da olsa, xoşbəxt olacaqsınız. Necə ki, modelyer tikdiyi paltarı 5-6 dəfə satlığa çıxarır və paltar satılmır. O demək deyil ki, modelyer ruhdan düşməlidir. Onun canında paltar tikmək varsa, dayanmadan işləyəcək. Özü üçün, qohumları üçün də olsa, bunu edəcək və bir gün malı dəyərli olacaq. Çünki işini sevə-sevə edir. Həyatda bundan gözəl şey yoxdur.
– Biznesə nə vaxt başlamısınız?
– Məndə biznesə maraq tələbəlik illərindən başlayıb. Hüquq fakültəsində oxuyurdum. Tələbəliyin, kasıbçılığın ucbatından o vaxt dəbdə olan “Oriflame” şirkətinə baş vurdum. O zaman məndə satış istedadının olduğunu bilmirdim. Sonra hərbi xidmətə getdim və oradan qayıdanda aldığım dörd illik hüquq təhsilini sıfırlayıb mühasibatlığı öyrənməyə başladım. Kitablar aldım, mühasibatlıq kurslarına getdim. Atam mühasib olduğundan o da mənə kömək etdi. Artıq iki ildən sonra böyük şirkətlərdə mühasib, baş mühasib, auditdə çalışmağa başladım. Sonra 24 yaşımda mühasibatlığı sıfırlayıb marketinqə keçdim, biznes sahəsini öyrənməyə başladım. Biznesmenlər, marketinq haqqında xeyli kitab oxudum. 25 yaşımda dostumla təmizlik şirkəti açdıq. Uğurlu oldu. Artıq 11 ildir fəaliyyət göstərir. Artıq 11 ildir işdən tez çıxmaq, gec çıxmaq problemi yaşamıram, ancaq özümə işləyirəm.
– Deyəsən, bir çox sahədə biznes qurmusunuz?
– Bəli. Uğursuzluqlarım da olub və bunu unutmağa çalışmışam. İki-üç dəfə uğursuzluğa düçar olmaq heç də pis deyil, çünki yaxşı təcrübə yığırsan və dördüncü cəhdin çox uğurlu olur. Birinci iş rüsvayçılıqdan keçir. “Birdən alınmaz, biabır olaram”, “ayıbdır”, “edə bilmərəm” kimi sözlər insanları “tormoz”layır. İnsan özü-özünü aldadır. Uşaq yeriməyi öyrənənə kimi min dəfə yıxılır, ağlayır, təzədən durur. Yenidən yeriməyə cəhd edir və axırda bir gün alınır. Velosiped sürmək də elədir. İnsan o psixoloji baryeri keçməyincə, uğur qazanmaq çətin olur. Hətta ona yeni vəzifə veriləndə də “yox” demək istəyir. Amma gərək “mən bunu edərəm”, “edim, görüm nə olacaq” desin. İşin sonunda ölüm yoxdur ki…
Dediyim kimi, əsas ideyanın olmasıdır. Biz də kolbasanı hansısa formada çörəyin içinə qoymaqla McDonalds yarada bilmərikmi?
Türklər lahmacunu bütün dünyaya tanıdıblar. Mən istərdim ki, ortaya belə ideyalar çıxsın. Bu gün startaplar üçün yaxşı şərait yaradılır. Gənclərimiz ortaya yeni ideyalar qoysunlar və bizneslərini qursunlar. Təəssüflər olsun ki, bizdə toy, neft və meyvə-tərəvəz sənayesi inkişaf edib. Digər sahələr yeni-yeni dirçəlir. İnstagrama girəndə sevinirəm. Gənc qızlarımız evdə oturub öz bizneslərini qururlar. Biri tort bişirir, digəri toxuyur, başqa birisi naxış vurur. Sənaye sahələri çoxaldıqca bizneslər də dirçələcək. Gənclərimizin səhvi ondadır ki, rüsvayçılıq mərhələsini keçməkdən qorxurlar.
– Ənənəvi sualımız: uğur sirriniz nədədir?
– Diqqətli olmaq və digərlərinin görmədiyini görməyə çalışmaq biznesdə uğur qazanmaq üçün ən vacib şərtdir.
Kaspi qəzeti