Bugünkü müsahibimiz 6 il “Barama İnnovasiya Mərkəzi”nə rəhbərlik etmiş İmran Bağırovdur. Bir çox vəzifələrdə çalışan İ.Bağırov 2006-cı ildən “Azercell”in sıralarına qoşulub. İmran Bağırovun Bizplus.az saytına verdiyi müsahibəni sizlərə təqdim edirik.
- Azərbaycanda startapların inkişaf etmə perspektivlərini necə qiymətləndirirsiniz?
-İnkişaf edə bilir, edəcək və etməlidir. Çünki biz başqa bütün variantlara baxsaq, ən yaxşı variant budur. Buraya təkcə, startapı deyil, texnoloji inkişaf, innovasiyaları da daxil edək, çünki neftdən sonraki bizim investisiyamız insan kapitalına qoyulmalıdır. İnsan kapitalı qoyulan investisiyanın ən yaxşısı isə texnologiya sahəsindədir. Biz əzələ gücü ilə yaradılmış iqtisadi dəyərdən beyin gücü ilə yaradılmış iqtisadi dəyərə keçid etməliyik və bu keçid bir gecəyə olmur. Bunun üçün də ağıllı insan yetişdirməlidir. Əlbəttə ki, perpesktiv böyükdür, sadəcə davamlı və koordinasiyalı işləmək lazımdır.
- Azərbaycanda startupların əsas problemləri nədən ibarətdir?
-Birinci səbəb kompitensiya, bilgi zəifliyidir. Burada əslində üçbucaqdan söhbət gedir:
1. Kompitensiya (biliklər, sizin texnoloji bacarıqlarınız, yəni insan nəzərdə tutulur)
2. İnfrastruk (buraya təkcə texniki infrastruk deyil, eyni zamanda ümumi infrastruk, təşkilati infrastruk daxildir)
3. İnvestisiya
İnsanlarımızda olan başlıca problem yetərincə texnoloji biliklər intensivliyinin olmamasıdır. Bəli, texnoloji universitetlər var, amma onların tədrisləri belə bugünkü dünya tədris səviyyəsindən geri qalır. Bəlkə də, biz universitetlərə bu qədər yüklənməməliyik, işə məktəbdən başlamalıyıq və çoxlu insan yetişdirməliyik ki, gələcəkdə startaplarda işləməyə adam olsun. Hal-hazırda Azərbaycanda İT (İnformasiya Texnologiyaları) sektorunda işləməyə adam tapılmır, bu səbəbdən İT sahəsində maaşlar çox yüksəkdir. İkinci tərəfdən, dövlətin və şirkətlərin bu sahədəki fəaliyyətinin güclənməsi və infrastrukturunun qurulması lazımdır.
Bunlar həm də startpalara dəstək mexanizmləridir (hüquqi tərəfdən), eyni zamanda startaplar üçün minimal şəraitlərin yaradılması üçün təşkilati işlərin görülməsinə ehtiyac var (Onların texnologiyalara əsaslanması, müxtəlif xüsusi imkanların əldə edilməsi). Üçüncü tərəfi isə investisiyadır. İnvestisiya startapın inkişafından sonra ona pul qoyulmasıdır. Bu sahə üzrə Azərbaycan investorları hələ hazır deyil, çünki onlar həmişə sadə investisiyalardan istifadə edirlər. Bir qoyub, iki götürüblər, amma 95% uğursuz bir startapın necə investisiya olunmasını bilmirlər. Xarici investorların Azərbaycana investisiya qoyması üçün biz o adama və təşkilata səbəblər verməliyik. Ona görə də, bu təkcə bir məsələ deyil, üçbucağın tərəfləridir və bu tərəflər üzrə işlər görülməlidir.
- Ən çox bəyəndiyiniz və gələcəyinə inandığınız startaplar hansılardır?
-Əlbəttə ki, var. Bunlardan biri elə keçən bazar görüşdüyüm “Sumaxs” startapıdır, hansı ki “Barama”nın yetirməsidir və Azərbaycanın “Hardware elektronika” və İT sahəsində 1 nömrədir. “Sumaxs”ın təkcə özəl sektorda deyil, dövlət sektorundan da gələn çoxlu sifarişlər var. Hətta, onlar bu sifarişləri çatdıra bilmirlər və komandalarını genişləndirməyə çalışırlar.
Digər bəyəndiyim startap isə medya sahəsinin yetərincə güclü adlarında olan “Technote.az”dır və hal-hazırda onların çoxlu-çoxlu layihələri var. Növbəti bəyəndiyim startap isə “Barama media”dır, hansı ki texnopolis, audiokitab və bir çox layihələri aparır. “Buglance” və “Ticketsetup” kimi startaplarımızda var ki, qlobaldan investisiya ala biliblər, amma belə startapların da sayı əl ilə sayıla biləcək qədərdir.
- Azərbaycanda olan startupların inkişaf şansları varmı? Bizim startupların dünya bazarında rəqabət üstünlüyü nədən ibarət olacaq? Hazırda bizdə nə güclü kadrlar mövcuddur, nədə ölkə böyük deyilki startap ən azından müəyyən vəsait yığıb, dünya bazarına çıxa bilsin və ya kritik masa üzrə testləri ölkədə apara bilsin.
-Əvvəlcə, texnopark anlayışı nədir onu dəqiqləşdirməliyik. Bu almanı alma ilə müqayisə edə biləcək bir forma deyil, bunu qəbul etməliyik. Təbii ki, biz güclü olmadığımızı qəbul edirik və bizim çox-çox ediləcək işlərimiz olduğunu da bilirik. Sadalanan ölkələrdə ekosistem müəyyən qədər daha yaxşıdır, amma bunun da arxasında duran səbəblər var. Səbəblərdən birincisi, ekosistemin intensivliyidir, hansı ki, özündə birlik və çalışmağı, müxtəlifliyin olmasını əhatə edir. Hamımız eyni işi görsək, bu o qədər də faydalı olmaz, lakin işin fərqli tərəflərini müxtəlif insanlar görsə, faydalı olacaq. Burada bir də dövlətin rolu var, çünki istənilən innovasiya ekosistemində nə qədər özəl təşkilatlar bu işləri görə bilsələr də, ilkin başlanğıcda dövlətin dəstəyi lazımdır. Ondan sonraki hissədə isə özəl sektorun bu işə marağını cəlb etmək lazımdır, çünki kommersiya maraqları olmalıdır ki, bu işlər irəli getsin. Təbii ki, burada ağıllı, vətənini sevən (bunu xüsusilə vurğulamaq istəyirəm) insanlar lazımdır. Çünki bu sadəcə innovasiyalar, gələcəyə gedib çıxmaq, yalnız kommersiya maraqları ilə olan bir şey deyil və hansısa hazır formulası da yoxdur ki, digərləridə buna baxıb, eyni şeyi etsinlər. Bəli, əsas istiqamətlər var, amma onlar da eyni deyil, hər kəsdə fərqlidir.
Əsas məqsədimiz nədir? Əsas məqsədimiz odur ki, özümüzə uyğun formulanı tapana qədər müxtəlif experimentlər edək. Texnoparklar, ekosistem hamısı oyunçu sayından da aslıdır. Bizdə hal-hazırda oyunçu sayı da azdır, yenə də birinci problemə qayıdıram, nə qədər çox insan orada iştirak etsə, o qədər də yaxşıdır.
- Gələcək karyeranızı yenə də startaplar ilə bağlamaq fikriniz varmı, ya artıq bu sahə sizin üçün maraqsızdır?
-Qətiyyən, elə deyil. Əsas startap deməyimdə, polo layihəsi olaraq başladıq. Hadisələr elə gətirdi ki, innovasiyaların inkişafı üzrə baxışlar fərqli oldu və mən buna görə də qərar verdim ki, 6 il rəhbərlik etdiyim “Barama”dan ayrılım. Amma innovasiya və texnologiya davamlı olaraq mənimlə olacaq, çünki bu sahəni həqiqətən də çox sevirəm və innovasiya, startap sahəsində əvvəlki işlərimdən daha böyük işlər olacaq. “Appollo” layihəsinə tək deyil, partnyorlarım ilə birgə başlamışam. Hələlik, detallarını açıqlamırıq, amma gələcəkdə bu barədə layihənin saytı olan “Appolloprojeckt.life”də məlumat verəcik. Əsas məqsədimiz insanları texnologiya, innovasiyalar sahəsində bir araya toplamaqdır. Burada əsas məqsəd təkcə ölkəmizə xidmət deyil, eyni zamanda regionumuz üçün bir mərkəz yaratmaq və mənim bugünə qədər “Barama”da yığdığım təcrübələri reallaşdırmağa çalışmaqdır. Bəlkə də orada edə bilmədiyim, limitləndiyim işləri burada rahatlıqla görə bilərəm. Bu o deməkdir ki, mən özümün arzu etdiyim real ekosistemdə iştirak edirəm və ona görə də mən indiki çalışdığım mövzu “Appollo”dur. “Appollo”nun adı bu ilin iyul ayında 50 illiyi qeyd olunan “Appollo” (Aya insanın enişi) layihəsindən götürülüb, proyektin kod addıdır. Layihənin içində olan elementləri isə vaxt keçdikcə açıqlayacıq. Biz maksimum faydalı olmağa çalışırıq. Özəl layihə olmasına baxmayaraq, bu layihə Azərbaycana xidmət edir.
- Bu sahədə ən geniş təcrübəyə malik olan insan kimi, yeni yaranan startap rəhbərinə nə tövsiyə edərdiniz ki onun işi uğurlu olsun?
-Bilirsiniz, indiki mərhələdə Azərbaycanda startapa başlamaq asandır. Elan verirsiniz, sayt alırsınız, vizitka çıxarırsınız və “startapım var” deyirsiniz. Dünyada startapları dəstəkləmək istəyən çoxlu təşkilatlar var, amma bu iş bir hobbi olmamalıdır. Biz indiyə qədər gəlin, başlayın deyərək motivasiya yaradırdıq. Ancaq motivasiya yaratmaqla bərabər sərtdə olmaq lazımdır. İnsan rahatlığa tez öyrəşir, startap yolu isə rahat yol deyil. Ona görə də startap rəhbərinin görəcəyi iş ağıllı və çox güclü insanları öz ətrafına toplamaqdır.
İkincisi, investisya qoyuluşunda tələsmək lazım deyil, çünki aldığınız pul startapın gəlirliyə çevrilmədən öncə və ya sonraki mərhələlərində sizə çox böyük ziyanları ola bilər. İlk olaraq, özünüz startapa pul yatırın və startapınızı qaldırmağa çalışın ki, öz xərclərini özü ödəyə bilsin. Daha sonra startapınızın necə satıla biləcəyi, harada işləyə biləcəyi, hansı qlobal bazara çıxılması haqqında fikirləşə bilərsiniz. Bizdə bu çox hallarda tərsinə baş verir, startap özü hazır olmadığı halda dünya haqqında danışılır, bu isə tamamilə yalnışdır. Ona görə də, ilk növbədə, fokuslanmaq, doğru insanları öz ətrafına yığmaq və mərhələ-mərhələ həm investisya siyasətini, həm də startap işlərini həyata keçirmək lazımdır.
- Startapçılara tövsiyə etdiyiniz kitablar varmı?
-Ən yaxşı kitab “The Lean Startup”dır. Bu kitabda bir neçə mövzulardan, uğur hekayələrindən çıxan nəticələr əsasında startapların hansı hallarda uğurlu olub-olmamasını öyrənə bilərsiniz.
İkinci tövsiyə edəcəyim kitab isə “The İnnovators”dır. Bu kitab, əsasən, kooperativ mühitdə və şirkətlər üçün olan innovasiyaların necə dəyişdiyini və bunları edərkən hansı sualların meydana çıxdığını ortaya qoyur. Bu iki kitabı oxumaq yetərincə güclü perspektiv verəcək və bunlar dünya səviyyəsində çox tanınmış kitablardır.
- Azərbaycanda startap qurmaq üçün ən perspektivli sahə sizin fikrinizcə hansıdır?
-Ümumiyyətlə, “startap nədir?” bir çox adam bunu bilmir, bilmədiklərinə görə də sahə sualını verirlər. Əslində, startap yüksək risk və gəlirlilik sözü verə bilən, yeni bir bazarın açılması deməkdir. Əgər bir işin başlanğıcında yüksək risk və gəlirlilik söz verən, eyni zamanda yeni bazar yarada bilən bir şey yoxdursa, bu startap deyil. Misal üçün siz yeni dönər evi açırsınızsa, bu startap deyil, amma siz dönəri avtomobildə gedə-gedə hazırlayıb, satırsınızsa, bəli bu startapdır. Bununla siz yeni bir bazar yaradırsınız, hərəkətdə həyata keçirilən dönər satışı və nəticənin nə olacağını da bilmirsiz. Bu ya çox super, ya da heç bir şey olacaq. Buna görə də startap yüksək risk və gəlirlilik söz verə bilən sahədir. Ölkəmizdə bir çox insan startapı kiçik sahibkarlıqla səhv salır.
Startapın başqa bir xüsusiyyəti də yüksək gəlirlilikdir. Yüksək gəlirlilik o deməkdir ki, siz qoyduğunuz investisiyanı milyon dəfə geri qaytara bilərsiniz və bunun edilməsi üçün ən yaxşı sahə İKT (informasiya Komnukasiya Texnologiyaları)-dir. Tutaq ki, siz kənd təsərrüfatında torpaq işi ilə məşğul olursunuz. Bu iş üzərində lap çox əziyyət çəksəniz belə maksimum 2x və ya 3x gəlir götürə bilərsiniz, çünki bunun bir limiti var. İKT-də isə bu gəlirlər daha çox ola bilir, bunun üçün sizə iki şey lazımdır: Biri kompüter, biri isə internet. Bu iki vasitə ilə siz dünyaya istənilən məhsulu çıxara bilərsiniz. Bizim ən başlıca problemimizdə internetin doğru istifadə olunmamasıdır. Əgər internet düzgün şəkildə istifadə olunsa, çox nəticələr əldə oluna bilər.