Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 fevral tarixli 545 nömrəli Fərmanının 5.3-cü bəndinin icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 367; 2014, № 5, maddə 477, № 11, maddə 1414; 2016, № 8, maddə 1384, № 10, maddə 1632; 2017, № 8, maddə 1521) ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
5. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydadan irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər görsün.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2019-cu il.