İngiltərənin Liverpul şəhərində qəzəblənmiş fəhlə ekskavatorla inşası başa çatmamış hoteli dağıdıb. Onun qəzəbinə maaşının kəsilməsi səbəb olub.
“Bizplus.az” xəbər verir ki, bu barədə “Sky News” portalı məlumat yayıb.
Yanvarın 20-də lentə alınmış videoçarxda sürücünün ekskavatorla hotelin pilləkənlərinə qalxdığını və şüşə qapı və üzərindəki paneli sökdüyünü görmək olur.
Daha sonra içəri daxil olaraq dağıntı törədir: içəridəki mebelləri aşırır, tavanın plitələrini sökür. Hirsini bu yolla çıxaran fəhlə arada söyüş də söyür və “kişinin maaşını verməyəndə, axırı belə olur”, – deyə gileylənir.
Hadisə yerinə polisin çağırılmasından sonra ekskavatordan düşərək “dabana tüpürüb”. Hazırda onun axtarışa verildiyi bildirilir.
Fəhlənin bu çılğın hərəkətindən ətrafda olanlar şoka düşüb. Şahidlərin dediyinə görə, razılaşdırılmamış söküntü 20-30 dəqiqə ərzində davam edib.
Məlumata əsasən, fəhlənin özündən çıxmasına səbəb işəgötürənin maaşından 600 funt sterlinqi kəsməsi olub. Hotel şəbəkəsinin rəsmisi insidenti şərh etməkdən imtina edib.