Əsas səhifə Biznes Biznes məqalələri Influencer marketinq nədir?

Influencer marketinq nədir?

296

Influencer marketinq barədə yəgin ki eşitmisiz. Nə üçün lazımdır, onu da yəgin ki bilirsiz. Amma influencer marketinq təkçə populyar bloqerə pul verib öz malını reklam etmək deyil. Bu yazıda sizə bu işin düzgün qurulma qaydası barədə bəhs edəcək, öz işinizdə istifadə edə biləcəyiniz bir neçə maraqlı alətlə tanış edəcəyik.

Influencer marketinq fərqi

Influencer marketinq sizin müştərilərinizlə etibara əsaslanan münasibət qurub brendiniz, məhsul və ya xidmətiniz barədə kommunikasiya qura bilən şəxslərin aşkarlanması, araşdırılması, onlarla ünsiyyətin qurulması və dəstəklənməsi prosesidir.

Gəlin bu tərifdə yer alan əsas məqamları ələ almaqla influencer marketinqini daha yaxından tanıyaq.

1. İnfluencer

Bizim dildə insanların rəyinə və qərarlarına təsir edə bilən adam deməkdir. İnfluencer brendin bir növü sözcüsü olur, brendin anlatmaqla çətinlik çəkdiyi mesajları daha rahat şəkildə müştərinizə çatdırır. Üstəlik, bu kommunikasiya müştəridə influencerin obyektivliyinə şübhə yaratmamalıdır. İnfluencer dilindən səslənən mesaj brendin reklam mesajı deyil, orijinal və influencerə məxsus, onun dəsti-xəttini qoruyan kontent şəklində olmalıdır. Üstəlik infuencer seçəcəyimiz adamda 3 aşağıdakı xüsusiyyət olmalıdır:

Əhatə = influencerin əhatə etdiyi izləyici kütləsi olmalıdır: burda əsas say deyil, keyfiyyətdir. İzləyiciləri real insanlar olmalıdır.

Uyğunluq = influencer sizin brendə uyğun olmalıdır, onun brendiniz haqqında danışmasını izləyiciləri adekvat qarşılamalıdır. Hər halda əvvəl malınızı pisləyən adama siz, aparıb reklam etdirmərsiniz.

Təsir = influencer onu izləyənlər arasında sözü keçən adam, onların fikirlərinə və alış qərarlarına təsir gücünə sahib olmalıdır.

2. Sizin müştərilərinizlə

Bəli, hədəf auditoriyası məhz sizin müştərilər olmalıdır. Sizdən heç vaxt mal almayacaq izləyiciləri olan influencerə pul xərcləməyin heç bir mənası yoxdur. Müştərinizin izlədiyi influencerləri hardan bilmək olar? Çox sadə – onlardan soruşmaqla, onları sosial mediada izləməklə, Facebook Insight kimi alətlərdən istifadə etməklə.

3. Etibara əsaslanan münasibət

İnfluencerin sizin brend haqqında danışması, sizin məhsulu (xidməti) təqdim etmə qaydası qətiyyən vərdiş olunmuş reklam mesajı kimi olmamalıdır. Reklam çarxında səsləndirdiyiniz mətni eynisi ilə influencerdən tələb etmək düzgün deyil. İnfluencer sizin mal haqqında özü obyektiv rəy formalaşdırmalı və bu rəyini izləyiciləri ilə paylaşmalıdır. İnfluencer mesajında yalan olmamalıdır – izləyicilər bu cür yalanları bağışlamır. Özünə hörmət edən influencer də bu cür yalanlardan qaçmalıdır. İzləyicilərin influecerə qarşı etibarı heç bir halda sarsılmamalıdır. İnfluencer sizin mal haqqında xoşunuza gəlməyəcək bir söz desə belə siz onu tənqid kimi qəbul etməli və müvafiq tədbirlər görməlisiniz, səbəbini izah etməlisiniz.

4. Kommunikasiya qura bilən

Brendiniz, məhsul və ya xidmət haqqında kommunikasiya nə deməkdir? İnfluencerin çatdırdığı ona məxsus, orijinal və yadda qalan, etibar doğuran mesajdır. Hər infuencer bu kommunikasiyanı qurmağı bacarmır. Mesajın özü, onun təqdimatı nə qədər orijinal və yadda qalan olsa, bir o qədər öz təsirini göstərəcək, izləyicilərdə sizin brendə qarşı rəğbəti artıracaqdır.

5. Şəxslərin aşkarlanması və araşdrılması

İnfluencer mal deyil ki, gedib bazardan alasan. Əvvəl qeyd etdiyim 3 tələbə cavab verən influecerləri ilk öncə tapmaq lazımdır. Düzdür, ölkəmizdə artıq Keepface kimi unikal platforma var ki, hər bir brendə influencer ilə rahat ünsiyyət qurmağa imkan verir. Amma yenə də, ucsuz-bucaqsız digital aləmdə onları aşkarlamaq lazımdır. Və tapan kimi müqavilə bağlamağa da tələsməyin – influencerin əvvəlki paylaşımlarını araşdırın, sizin və rəqib brendlərə qarşı münasibəti necədir, izləyiciləri sizin hədəf auditoriyasına nə qədər yaxındır, kontenti və təqdimat üsulu nə qədər maraq doğura bilir, özü nə qədər adekvat adamdır (bəli, bəli) və s. Danışıqlara keçəndən qabaq influencer haqqında mümkün qədər statistika toplamağa çalışın.

6. Ünsiyyətin qurulması

Influencer marketinq işində ən çətin məqam bəlkə də elə influencer ilə ünsiyyətin qurulmasıdır. Ulduz xəstəliyinə tutulmasa belə (ki mümkünsüz kimi bir şeydir), influencer öz əhəmiyyətini artırmağa və təsirini qabartmağa meyllidir. Onlarla ünsiyyətdə ilk növbədə hörmətcil olmaq, brend dəyərlərini və məhsul haqqında məlumatı mümkün qədər anlaşılan şəkildə təqdim etmək və qiyməti rasional şəkildə müəyyən etmək lazımdır.

7. Dəstəklənməsi

İnfluencerin paylaşım etməsi hələ işin yarısıdır. İzləyicisi nə qədər çox olsa belə Facebook və ya İnstagram orqanik əhatəni minimallaşdıracaqdır. Bu səbəbdən influencer paylaşımları daha sonra reklam olunmalıdır. İnfuencer postunun reklama getməsi daha effektiv olacaq, çünki orqanik və təbii görsənəcək, brendin birbaşa reklamı kimi qarşılanmayacaqdır.

8. Ölçülməsi

Influencer marketinq fəaliyyətinin nəticəsini ölçməyi də unutmayın. Əvvəlcədən hər influencerin nə qədər uğurlu olacağını təxmin etmək çətindir. Məqsədiniz sayta keçiddirsə hər influcerə fərqli cür kodlaşdırılmış keçid linki verin. Hər postun nə qədər bəyənildiyini, şərh olunduğunu və paylaşıldığını hesablayın. Hesabat nəticəsində siz, ödədiyiniz pul qarşılığında nə qədər fərq yaratdığınızı görəcəksiniz. Daha sonra isə həmin influencer ilə davam edib etməyəcəyinizə qərar verə bilərsiz.

Influencer marketinq mahiyyət etibarı ilə məsləhət marketinqinə çox yaxındır. Yaxın olduğuna görə də ən az onun qədər effektivdir. Təsadüfi deyil ki, bazarda bu işi asanlaşdıracaq həllər də yox deyil. Onlardan biri də daha öncə adını qeyd etdiyim Keepface platformasıdır. Aşağıdakı videoda (təəssüf ki, ingilis dilində) qısaca olaraq platforma haqqında məlumat verilib.

Dünyanın ən nəhəng sosial şəbəkəsi olan Facebook da bu işdən geri qalmamağa qərar verib. Bu ilin noyabr ayında Facebookun influencerləri və brendləri bir araya gətirəcək platformanı istifadəyə verəcəyi gözlənilir. Mətbuata sızan bir şəkildə bu yeni platformanın bir qisim funksionalını da görmək mümkündür.

Hər bir halda bu cür həllərə nə qədər etibar etsəniz də prosesi nəzarətdə saxlamaq mütləq lazımdır. İnfluencer marketinq çox vacibdir məsələdir – ənənəvi reklamların əvvəlki qədər işləmədiyi bir zamanda marketinq məqsədlərinə xidmət edən hər bir effektiv aləti gözdən qaçırmaq olmaz.

2017-ci ildə Avropa və ABŞ-da moda və kosmetika brendlərinin 80% influencer marketinqindən istifadə edib. Marketerlər arasında keçirilən sorğuda məlum oldu ki, onların 90% İnfluencer marketinq brend tanınmasında, 73% brendə loyalııq qazandırılmasımda, 69% isə satışların artırılmasında effektiv hesab edir. Təsirlidir, elə deyilmi? Ən maraqlısı isə odur ki, əksər marketerlər mesajın çatdırılmasında mikro-influencerləri çox tanınmış məşhurlardan daha effektiv hesab edir. Bəzi marketerlər bir az da uzağa gedərək influencer marketinqi marketinqin gələcəyi də adlandırırlar. Bir həqiqət bəllidir ki, düzgün qaydada həyata keçirilən istənilən marketinq öz bəhrəsini verəcəkdir.

 
 
 
 

Rəy bildir

Please enter your comment!
Please enter your name here