Əsas səhifə Biznes Biznes məqalələri “İnanmaq, yaxşı analiz etmək və başlamaq lazımdır” – Uğur hekayəsi

“İnanmaq, yaxşı analiz etmək və başlamaq lazımdır” – Uğur hekayəsi

4661

Nahid Cabbarov: “Başlamaq üçün mükəmməl olmağa deyil, mükəmməl olmaq üçün başlamağa ehtiyac var”

Yüz ölçüb, bir biçmək prinsipi ilə hərəkət edir. İstəyir, hədəfləyir, planlayır, strategiyasını qurur və addım atır. Deyir ki, biznesdə cahil cəsarəti ilə qolları sıvayıb işə başlamaq olmaz. Mükəmməl olmasan belə, yaxşı analiz və araşdırmadan sonra irəliləmək lazımdır. Ona görə, başlamaq üçün mükəmməl olmağa deyil, mükəmməl olmaq üçün başlamağa ehtiyac var.

Müsahibimiz hazırda orqanik və təbii məhsulları ilə xaricə çıxan, yerli alma çipsisi istehsal edən Crispa şirkətinin icraçı direktoru Nahid Cabbarovdur.
N. Cabbarov 1989-cu il Bakıda anadan olub. İstanbul Fateh Universitetində beynəlxalq münasibətlər fakültəsi üzrə bakalavr təhsili alıb. Daha sonra İngiltərədə London Universitetində magistratura təhsilini bitirib və ölkəyə qayıdıb. Qayıtdıqdan sonra dövlət və özəl sektorda xarici əlaqələr üzrə işləməyə başlayıb. Bank sektorunda – Yapı Kredi Bankda marketinq departamentində, Soyuz Aqro Kontrakt şirkətində beynəlxalq ticarət meneceri kimi çalışıb. İdxal, ixrac, logistika, gömrük, təchizat zəncirində bilavasitə iştirak edib. PMD şirkətlər qrupunda çalışıb. Son 4 aydır ki, artıq ailə şirkətlərinin başına keçib: “Bir ilə yaxındır ki, ailə şirkətimizi yaradıb, istehsalatına başlamışıq. Kiçik şirkət olaraq, hədəflərimizi mərhələ-mərhələ qoyduq. Həm məhsul, həm satış strategiyalarımızı öncədən planladıq. Bizim büdcəmiz, investisiyamız o qədər də böyük deyildi. Çünki ailə şirkətidir və təbii ki, “biz minimal imkanlarla maksimum nə edə bilərik” sualının üzərində çalışırıq. Hazırda da planımıza uyğun olaraq, xaricə ixraxa fokuslanmışıq. Məhsullarımız Dubayda Azərbaycan Ticarət Evində satışdadır. Gələn aydan Latviyada Riqa şəhərində olacaq. Hazırda Almaniyanın Berlin şəhərində olan dünyaca məşhur beynəlxalq sərgilərdən birində “fruit logistika” sərgisində “Made in Azərbaycan” pavilyonunda şirkətimizi təmsil edirəm. Bu ay ərzində şirkətimiz adından Moskva (Prod Expo Moskva) və Dubayda (Gulfood Dubai) da sərgidə iştirak edəcəyəm”.
– İşlərinizdə uğur qazandığınız bir vaxtda necə oldu ki, oradan ayrılıb, sıfırdan şirkət qurmaq qərarına gəldiniz?
 – Bir-birinə yaxın bir çox sahələrdə çalışdığım üçün artıq düşünməyə başladım ki, təcrübəmi bir nöqtədə toplamalıyam. Öz işimi qurmağın vaxtı çatmışdı. İki il əvvəl çalışdığım bir proyektlə Almaniyada idik. Orada istehsalat yerində bu tip məhsulları gördüm. Sırf sağlam qida, çərəzlər, çipslərin necə olması ilə yerində tanış oldum. Mahiyyətini, fəlsəfəsini anladım. Düşündüm ki, Azərbaycanda artıq bu məhsulu istehsal etmək olar. Təbii ki, bazar araşdırması etdik. Bütün nüansları detallı analiz etdikdən sonra qərara gəldik ki, şirkəti qurub istehsalata başlamaq lazımdır. Uzun zaman idi ki, ailə şirkətimizin qurulması planımda var idi. Düşündüm ki, artıq məqsədləri yavaş-yavaş reallaşdırmağın vaxtıdır. Təbii ki heç nə birdən-birə olmur. Çox çətinliklər çəkdik. Hələ də çəkirik. Bu, normaldır. Hər çətinliyin nəticəsi olur. Hələ yolun başındayıq. Kiçik, amma sağlam addımlarla addımlayırıq. Düşünürəm ki, əziyyətimizin qarşılığını da gec və ya tez görəcəyik.
– Şirkətin yaranmasının maraqlı tarixçəsi olub. Bir qələm, bir dəftər, bir də ərazi…
– İlk dəfə iş quranda əlimdə heç nə yox idi. Kiçik bir kağız parçası, karandaş və boş bir ərazi ilə başladıq. Biz istehsal yerimizi götürəndə sıfırdan planını qurduq. Avadanlığımızı sifariş verdim və işi qurmağa başladıq. Mən bütün işlərimi mütəxəssislərlə məsləhətləşərək görmüşəm. Ən adi nüansı belə, öz mütəxəssisi ilə danışmışam. Heç bir addımım təsadüfi olmayıb. Çalışmışam ki, əlimdən gəldiyi qədər hər şey mükəmməl olsun.
– “Yüz öl, bir biç” prinsipi ilə hərəkət edirsiniz?
– O prinsipə çox inanıram. Səmimi desəm, tam mükəmməlliyyətçi insan deyiləm. Bir çox sahələrdə çalışdığım üçün təcrübələrim var və həmin peşənin mütəxəssisləri ilə çox yaxşı münasibətlər qurmuşam. Bir-birimizi yüksək səviyyədə anladığımız üçün bütün işlərimiz yaxşı getdi. Düşünürəm ki, çox dərinə getməmək şərtilə, yüz ölçüb bir biçdikdən sonra işə başlamaq lazımdır. Çünki incə detallar insanı yeni addım atmaqdan çəkindirir, qorxudur və vaxt itkisi yaradır. Lazım olan araşdırmalar edildikdən sonra, başlamaq lazımdır. Başladıqdan sonra gerisi öz-özünə gəlir. Plan, strategiya, hədəf daxilində həmin addımları ataraq son nöqtəyə çatmış oluruq. Kiçik və ya böyük fərqi yoxdur, sağlam şəkildə addım atmalıyıq. Önəmli olan budur.
– Şirkət qurmazdan öncə, özünüzə məxsus araşdırmalarınız olub. Hansı nəticəyə gəldiniz? Uğurlu biznes qurmaq üçün nələrə diqqət etmək lazımdır və ya uğursuz biznesdə edilən səhvlər nədir?
– Bəli, mən araşdırdım. Biznesə başlamazdan əvvəl, bazar araşdırmasını yaxşı etmək, məhsul haqqında dolğun məlumatlar toplamaq lazımdır. Bütün bunların hamısını topladıqdan sonra ümumi analiz etməliyik. Əlbəttə, yuxarıda qeyd etdiyim kimi çox dərinə getmək də olmur, çünki bütün bunlar atılacaq hər addımı ləngidir. Amma bir tərəfdən də gözüyumulu və cahil cəsarəti ilə qolları sıvayıb işə atılmaq olmaz. Yaxşı analizdən sonra işə başlamaq lazımdır. Gözləmək lazım deyil ki, bütün hər şey yoluna düşsün, hər şey mükəmməl olsun, ondan sonra başlayım. Düşünürəm ki, başlamaq üçün mükəmməl olmağa deyil, mükəmməl olmaq üçün başlamağa ehtiyac var. Belə bir söz var ki, karvan yolda düzəlir. Həqiqətən mən bunu təcrübədə də gördüm. Ona görə də inanmaq, yaxşı analiz etmək və başlamaq lazımdır.
Uğursuz biznesə gəldikdə isə, ümumiyyətlə hər bir uğursuzluğun səbəbi özünə və gördüyün işə inanmamaq, ümidsiz olmaq və ilk çətinlikdə geri çəkilməkdir. Azərbaycanda biznes sahiblərində belə bir xarakter var ki, bir az yoxlayırlar, bazar ona cavab vermirsə və ya işlər yaxşı getmirsə, 3-5 ay, bir il sonra artıq bizneslərinə son verirlər. Biznesə başlayan insanlar ən azından bir illik xərcləri də öncədən hesablayıb yatırıma daxil etməlidirlər. Strategiya, hədəflər düzgün qurulmalıdır. Uğura gedən yol həmişə düzgün və səbirlə çalışmaqdan keçir.
– Xaricdə Azərbaycan brendinə reaksiyalar necədir?
– İndiyə qədər Azərbaycan dünyada istehsalçı ölkə kimi tanınmırdı. Son illərdə İqtisadiyyat Nazirliyi və AZPROMO çox çalışır. Bütün beynəlxalq sərgilərdə “Made in Azərbaycan” pavilyonunu təşkil edirlər və yerli şirkətlərin iştirakına dəstək olurlar. Nəinki bu sərgilərdə, əlavə də export missiyalar təşkil olunur. Yerli istehsalçıların xaricə çıxışına həqiqətən dəstək verilir. Bu baxımdan biz də dəstəklərdən yararlanırıq. Öz hesabımıza və ya AZPROMO hesabına sərgilərdə iştirak edirik. Xaricilərin reaksiyası məhsula görə dəyişir. Amma insanlar Azərbaycan məhsullarına maraqla yanaşırlar. Həm ölkə, həm də məhsul onlara çox maraqlıdır. Biz məhsullarımız sərgilərdə daddırdığımız zaman və ya hədiyyə olaraq qonaqlarımıza təqdim etdiyimizdə onlarda xoş təbəssüm yaranır və razı qalırlar.
– Dediniz ki, öz sahəmlə bağlı bütün işlərdə işlədim və bunları bir nöqtədə cəmləşdirib şirkət yaratdım. Maraqlıdır karyeranız bu planla hərəkət edib, yoxsa təsadüfdür?
– Mən 6 ildən çoxdur ki, bir-birinə yaxın sahələrdə çalışmışam. Şirkət yaratmaq fikrini uzun müddətdir ki, planlaşdırırdım. Bu istək nə vaxtsa reallaşmalı idi. Son illər artıq “gecikirəm” deyə bir fikir formalaşmışdı. Özümə vaxt qoydum ki, bu zamana qədər araşdırıb istehsalat sahəsində şirkət qurum. Yerli, keyfiyyətli istehsalı artırmaq, ölkəmizin ixracatçılarından biri olmaq istəyirdim. Düşünürdüm ki, ölkəyə valyuta gətirmək lazımdır. Ölkənin rifahını qaldırmaq üçün şorbada duzumuz olsun istədim. Həm də biz Azərbaycanda bir neçə ailəyə maddi dəstək oluruq. Getdikcə sayımız artır. Əməkdaşlarımızın 60 faizi xanımlardan ibarətdir. Hansı ki, evdar xanımlar olublar və şirkətdə çalışaraq ailə büdcələrinə dəstək olurlar. Digər əməkdaşlarımızın da çoxu 22-25 yaş arasındadırlar. Hansı ki, öyrənməyə, inkişafa açıq gənclərdir. Biz onların üzərində uzunmüddətli planlar qurur, yaxın gələcəkdə təlimlərə yollamağı düşünürük. Çünki sırf işdə çalışaraq işinin peşəkarı olmaq çətindir. Öz üzərində işləmək və təlimlərdə iştirak etmək lazımdır. Düşünürəm ki, biz nəinki özümüz üçün keyfiyyətli, vicdanlı kadrlar yetişdiririk, həm də ölkədə keyfiyyətli kadr çatışmazlığının aradan qaldırılmasına dəstək oluruq. Fərqi yoxdur o kadr bizimlə çalışsın, ya yox. Əsas odur ki, keyfiyyətli kadr yetişdirməkdə ölkəyə töhfə verək.
– Ənənəvi sualımız. Uğur sirriniz nədir?
– Hələ yolun başındayam. Planlarımızın, strategiyamızın ilkin mərhələsini bitirdik və uğurlu addımlar atırıq. Uğurluluq səbirsiz, ümidsiz olmadığımız üçündür. Hər çətinliyə, uğursuzluğa imtahan kimi baxırıq. Hər bir imtahanın təlafisi var. Heç vaxt ümidsizliyə qapılmaq olmaz. Yolu sona qədər getmək lazımdır. Əgər tunelin sonunda balaca işıq görürüksə, ona doğru irəliləməliyik. Mütləq o işığa yaxınlaşmaq lazımdır. Biz getdikcə, o işıq böyüyəcək və daha da əlçatan olacaq.

Rəy bildir

Please enter your comment!
Please enter your name here