Azərbaycanın bank sektorunda rəqabətin kifayət qədər zəif olması kiçik və orta sahibkarların (KOS) maliyyəyə çıxışını məhdudlaşdırır. Bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) regionda kiçik və orta sahibkarların maliyyə inteqrasiyasına dair hesabatında deyilir.
“Banklar arasında rəqabətin olmaması kiçik və orta sahibkarların maliyyəyə çıxışını məhdudlaşdırır. Digər araşdırmalara görə, bank rəqabəti KOS-un maliyyəyə çıxışına müsbət təsir göstərir. Bank rəqabətinin ən yüksək əmsalı 1 bal, Azərbaycanda isə cəmi 0,3 baldır”, – deyə hesabatda bildirilir.
BVF qeyd edir ki, kredit məlumatları KOS-un rəsmi maliyyə mənbələrinə çıxışı üçün ən vacib amillərdən biridir.
“Kredit məlumatlarının keyfiyyətinin və əlçatanlığının yüksəldilməsi maliyyə inteqrasiyası, eləcə də məşğulluq və iqtisadi artım üçün (xüsusilə KOS-la bağlı hallarda) çox faydalı ola bilər.
Girov tələblərinin çox yüksək olduğu ölkələrdə girovun kəmiyyətinə orta tələblər kreditin dəyərinin 250%-nə çata bilər, kredit məlumatlarının yaxşılaşdırılması bu cür məhdudiyyətləri yumşalda və KOS-ların maliyyəyə çıxışını təmin edə bilər. Belə ölkələrə girov kəmiyyətinin 250%-ə çatdığı Azərbaycan da daxildir”, – deyə hesabatda qeyd olunur.