“İlk dəfə 40 baş mal-qaranı xaricdən alaraq, şəxsi təsərrüfat sahəmi qurdum”

0
1062
ilkin şükürov şərəfə

Masallı rayonunun Şərəfə kəndinin sakini İlkin Şükürov ərzaq istehsalı ilə məşğul olan “ABAD”çılardandır. 5 ildir ki, 50 hektar otlaq sahəsinə, 150 başdan artıq südlük inəyə malik olan fermer indiyədək böyük şirkətlərə süd satışı ilə məşğul olub.

Lakin bu sahədən əldə etdiyi gəlirlərin biznesinin inkişafına kifayət etmədiyi qənaətinə gələn İlkin bəy, qazancını daha da yüksəltmək, ailə təsərrüfatını brendləşdirmək, istehsal potensialını artırmaq üçün “ABAD” publik hüquqi şəxsə müraciət edib.

Masallı rayon 1 saylı regional “ABAD” mərkəzinin əməkdaşları tərəfindən aparılan bazar araşdırmaları, iqtisadi təhlillər nəticəsində şərəfəli fermerin pendir istehsalına keçidinin səmərəli olacağı qənaətinə gəlinib.

“ABAD” ilə əməkdaşlıq haqqında müqavilə imzalayan İlkin bəy zəruri istehsal avadanlıqları ilə təmin olunub, ailəyə avadanlıqlardan istifadə üzrə təlimlər keçirilib.

Ailə ilə aparılan müzakirələr nəticəsində Şükürovlar istehsal edəcəkləri müxtəlif pendir növlərinin bazarda yaşadıqları kəndin adına uyğun olaraq, “Şərəfə” brendi altında satışa çıxarılmasını təklif ediblər.

Öz növbəsində “ABAD” tərəfindən Şükürovlar ailəsi üçün satışa çıxarılacaq pendirin qablaşdırma formaları və dizaynları təqdim olunub.

Hazırda Şükürovlar ailəsinin istehsal etdiyi pendir uyğunluq və gigiyena sertifikatlarının alınması üçün müvafiq orqanlara təqdim edilib.

Qarşıdakı müddət ərzində böyük supermarketlər şəbəkəsində Masallının Şərəfə kəndinin sakinləri olan Şükürovlar ailəsinin özünəməxsus dadı və keyfiyyəti ilə fərqlənən “Şərəfə” pendiri satışa çıxarılacaq.

Zəhmətkeş bir insan olan İlkin bəy, öz işini daim inkişaf etdirməyi, müasirləşdirməyi qarşısına hədəf qoyaraq qeyd edir:

“İlk dəfə 40 baş mal-qaranı xaricdən alaraq, şəxsi təsərrüfat sahəmi qurdum. Sahib olduğum torpaq sahəsində yonca, buğda, arpa, qarğıdalı kimi bitkilər əkərək, mal- qaramın yem ehtiyacını da qarşılayıram. Düşünürəm ki, “ABAD”ın dəstəyi sahəsində xammal satışından hazır məhsul istehsalına keçid etməyim ailə biznesimi daha da inkişaf etdirməyə imkan verəcək”.