Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər İlham Əliyev nazirləri topladı

İlham Əliyev nazirləri topladı

61

Yanvarın 11-də prezideni İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Bizplus.az xəbər verir ki, prezident İlham Əliyev 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini bildirib.

Ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqramın başa çatdığını, bu il dördüncü proqramın qəbul olunacağını, keçən il bölgələrə 24 dəfə səfər etdiyini deyən dövlətimizin başçısı ölkəmizdə ictimai-siyasi vəziyyətin sabit olduğunu, xarici siyasət sahəsində də bir sıra uğurların əldə edildiyini, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artdığını bildirdi, Ermənistan istisna olmaqla qonşu ölkələrlə əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini vurğuladı, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini deyib, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan Konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Prezident İlham Əliyev onu da qeyd edib ki, 2018-ci ildə hərbi sahədə böyük nailiyyətlər qazanılıb, uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpağa tam nəzarət olunur. Dövlətimizin başçısı xüsusi vurğulayıb ki, 2018-ci ildə üçüncü peykimiz orbitə buraxılıb, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub, TANAP layihəsi işə düşüb, Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başlayıb.

2018-ci ili həm də dərin islahatlar dövrü kimi xarakterizə edən dövlətimizin başçısı əsas iqtisadi göstəricilərdən danışarkən bildirib ki, ötən il ümumi daxili məhsul 1,4 faiz olub. Qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ediblər.

Yekun nitqində 2019-cu ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən Prezident İlham Əliyev bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır.

Dövlətimizin başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb.

Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident İlham Əliyev qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.

Bu il yeni məktəblərin, tibb müəssisələrinin, olimpiya idman komplekslərinin, “ASAN xidmət” mərkəzlərinin, xalça fabriklərinin tikiləcəyini deyən Prezident İlham Əliyev sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, xaricdə yeni ticarət evlərinin açılacağını qeyd edib, ölkədə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxunub, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirib.

Sonda Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili “Nəsimi İli” elan etdiyini bildirib.

Rəy bildir

Please enter your comment!
Please enter your name here