Əsas səhifə Biznes Biznes məqalələri İdeyam var, nə edim?

İdeyam var, nə edim?

253
Paylaş

“Sona qədər dinləyin, gülümsəyib-razılaşın və nəticədə öz bildiyinizi edin .”

Robert Downey Jr.

İlk sözlərimi başlamamışdan öncə onu qeyd edim ki, əgər kimsə ideyanızı bəyənmirsə və söyləyir ki sizdə alınmayacaq…. Fikrin üçün təşəkkürlər deyib, layihəni reallaşdırmağa çalışın və ya qızğın diskussiya yaxud mübahisə etmək istəyirsizsə sizi fikrinizdən daşıyan insana ilk baxışdan mənasız olan “spinner” kimi ideyanın reallaşma misalını dilə gətirin.

Yaxud bele ideya var deyənlərə isə “Uber” olduğu yerdə

“Bolt (Taxify)” və ya “WhatsApp” olan yerdə “Telegram”-ın populyar olmasını misal gətirin.

Amma….,

Gözəl ideyanızda əsasən bu 3 məqamın olması arzuolunandır (ardıcıllıq ən vacibdən aşağı doğru sıralanıb)

1) İdeyan ilə ehtiraslanmaq

2) İnsanlara gərək olduğunu təyin etmək

3) Gəlirli etmək

Tarixçə

 “İdeya” sözünün kökü alimlərin ehtimalına görə “görmək” sözündən formalaşmışdı.

Platonun mülahizələrinə əsasən “ideya” hər hansı bir fikrin həyata keçirilməsi üçün  göydən bizə göndərilən bir maddədir.

Psixoloqlar isə insan psixikasının “Özünə üstünlük” qanunauyğunluğunu fərziyyəsini irəli sürülmüşdü. Yəni insanlar əksər hallarda öz ideyasına üstünlük verir və bu ideyanın ən yaxşı olduğunu sanırlar.

Əla! Keçək mətləbə. İdeyam var, hardan başlayım?

Nömrə 1- Vizuallaşdır 

“Həyat pis proqram yaratmaq üçün çox qısadır”.

İdeyanızda ən vacib olan ilk məqam, düşüncənizdə olan ideyanı kağız və ya elektron şəkildə vizuallaşdırmaqdır.

Mən vizuallaşdırmaq üçün elektron formanı daima seçirəm, rəsm çəkmək bacarıqlarım çox da gözəl olmadığından J

Düşünək ki sizin hər hansı bir sayt və ya mobil tədbiq ideyanız var

( bu elektron bir cihaz da ola bilər-fərqi yoxdur).

Bunu vizuallaşdırmaq üçün kifayət qədər resurslar mövcüddur, amma mən daima “Balsamiq” istifadə edirəm.

https://balsamiq.com

Bu resurs-dan istifadə edərək mütləq tam detallarına kimi ideyanızı vizuallaşdırmaq vacibdir ( hətta ən primitiv əməliyyatları belə).

Misal, belə bir vizuallaşdırma alına bilər:

Qeyd:

Əksər hallarda vizuallaşdırma nəticəsində artıq aydın olur ki ideya düşündüyünüz qaydada işləməyəcək və nəticə olaraq ya fikrinizidən daşınırsız və ya yenidən əlavə imkanlar düşünüb, ideyanızı tamamlayırsız.

Nömrə 2- Tələbatları araşdır

İlk məqamı uğurla başa vurduqdan sonra növbəti məqam sizin ideyanın nə dərəcədə tələbatlı olduğunu araşdırmaqdır.

Maksimum çalışın sizi tanımayan insanlara ideyanızı izah etmək və vizual olaraq necə göründüyünü nümayiş etdirmək.

Tanışlarınıza göstərdiyiniz zaman qərəzli cavablar almaq ehtimalınız yüksək olduğundan, bunu etməməyi məsləhət görürəm.

Geri dönüşlər çox vacibdir, siz burada gözdən qaçırdığınız kifayət qədər məqamları üzə çıxarmış olacaqsız.

Hətta təqdim etmək istədiyiniz məhsulun nə dərəcədə ölkənizə uyğun olduğunu anlaya biləcəksiz.

Ölkə ilə bağlı maraqlı bir rəvayət ilə paylaşmaq istərdim:

Nüfuza malik olan şirkətlərdən biri bir möhtəşəm reklam kampaniyası hazırlayıb Səudiyyə Ərəbistan bazarına daxil olmaq istəyir, amma nəticədə fiaskoya uğramış olurlar. Səbəb əslində çox sadə idi, reklam standart qaydada hazırlanmışdır və nəzərə alınmamışdır ki, Ərəb ölkələrindəki insanlar sağdan-sola doğru oxumağa alışmışlar. Bu səbəbdən də əksər insanlar soldan-sağa doğru yazılan yazıları/bannerleri heç oxumadılar.

Buradan çıxan əsas məntiq – müştərinizi tanıyın.

Müştərini tanımaq üçün də ən sadə yolu müştərilər ilə canlı ünsiyyətdə olmaqdır.

Digər alternativ variant kimi onlayn sorğu etmək olar.

Bunun üçün də aşağıdakı faydalı resurslardan istifadə etmək olar aşağıda qeyd olunan saytlardan faydalanaraq:

https://www.surveymonkey.com

https://docs.google.com/forms/u/0/ 

Qeyd:

İdeyanızı digərləri ilə paylaşmaqdan və oğurlanmağından heç zaman qorxmayın- bu elanlar səhifəsində öz tərcümeyi halı (CV) əlavə etmək kimidir. Sizin sənədinizi görüb kopyalamağa çalışa bilərlər, amma eyni anda da sizi arzuladığınız işə dəvət edə bilərlər.

Amma siz tərcümeyi halı (CV) elanlar səhifəsinə yerləşdirməsəniz, bu halda sizin arzuladığınız iş yerindən təklif almağınız qəliz məsələdir.

İdeyanızla da eyni qaydada, ideyanızı insanlar ilə paylaşmayınca ideyanızı reallaşdırmaq və ya daha doğru yol seçmə şansınız  minimuma enir, amma əlbəttdə ki hər məsələdə olduğu kimi burada da istisnalar mövcuddur=

Nömrə 3- Komanda

“İstedadlı fərd oyunlarda qalib gəlir, komanda səyləri isə çempionluq qazandırır”.

Hər iki məqamı uğurla nəzərə aldıqdan sonra, qarşınızda ən çətin məsələlərdən biri çıxır- ideyanızı həyata keçirə biləcək düzgün komandanın tapılması.

İlk olaraq tövsiyyəm o olacaq ki, komandada vəzifələri paylamağa tələsməyin, ən əsas çətinliklərdən biri budur ki hamıya vəzifələr paylanır, amma ortada işləyən adam tapılmır.

Hamı rəhbər olaraq qərar vermək istəyir və nəticədə danışıqda şir nəriltisi eşidilir, əməldə isə pişik mırıltısı nümayiş olunur J

Komandaya başlanğıcda işçi alacaqsız, rəhbər deyil!

Mümkün qədər pulsuz-ideyaya işləyən komanda ilə işləməkdən uzaq durmağa çalışın.

Səbəb olaraq pulsuz işləyən həmfikir proqramçı insanlar tez ruhdan düşə bilər, pula ehtiyacı olduğundan freelance layihə götürə bilər və bu da layihənizin illərlə uzanmağına gətirib çıxara bilər. Bundan başqa əksər hallarda pulsuz işləmək marağında olan proqrammçılar bu sahədə yeni olurlar və sizin ideyanızı nə dərəcədə reallışdırması təhlükə altına düşür. Nəticədə siz onlardan layihəni alıb, digərinə pulla etdirməli olursuz- amma işə əvvəldə 50-50 və ya 70-30 (əsasən bu qaydada təklif edilir ki, proqrammçının marağı olsun pulsuz işləməyə) gəlirə razılaşdığınız üçün həmin şəxsi layihədən kənarlaşdırmağa çəkinirsiz, rəsmiyyətdə bu danışıq olduğu halda isə ümumiyyətlə bunu edə bilmirsiz. Nəticə etibarə ilə ideyanızı rellaşdırmaq üçün vaxtınızı itirmiş olursuz və ən əsas ideyanız uğurlu olduğu halda 30-50% gəlirinizi sizi yubadan və bir dəyər belə qatmayan şəxs ilə bölüşməli olursuz….

 Əlavə məsləhətim isə komandada ilk öncə bütün işləri özünüz etməyin, əks halda etdiyiniz işləriniz hamısı yarımçıq qalacaq və ya fiziki çatdırmayacaqsız. Çalışın komandada ən azı proqrammçı və satış adamı olsun. İlk başda bunlar yetərlidir. Özünüzü sırf strateji qərarlar qəbul etmə, investitsiya cəlb etmə məsələlərinə fokuslamağa çalışın.

Nömrə 4- İdarə et

 Komandaya sahib olduq, çox gözəl-amma komandanın idarə etməsini necə edək? İşin daimi izləməsini və prossesin necə getdiyini necə görək?

Bunun üçün də əlbəttdə kifayət qədər fərqli həllər vardır.

Vizual prosessləri izləmək üçün “Trello” platformasını məsləhət görürəm.

https://trello.com

Çox sadə, anlaşılan bir onlayn həll (həm mobil həm də sayt versiyası) vasitəsi ilə işlərin hansı vəziyyətdə olduğunu və gecikmə olub-olmadığını vizual olaraq kontrol edib, platformada hər bir komanda nümayəndəsindən ayrıca işin detallarını almaq olar.

Fəqrli insanları bu plartformaya dəvət edib, layihənizdə iştirakını təmin edə bilərsiz.

Misal, belə bir vizual izləmə imkanınız olacaq:

Nömrə 5- Zaman

“Zaman həyatınızın puludur. Yalnız bu pulunuz var və yalnız bunun nəyə xərclənməsini təyin etmək hüququnuz var. Qorxun ki, başqası sizin yerinizə bu pulu xərcləməsin”.

İdeyanız icra olunduğu zaman vaxta fikir vermək çox və hətta deyərdim kritik vacibdir.

İdeyanızı bazara vaxtında təqdim etməklə, siz rəqiblərinizdən bir və ya bir neçə addım üstünlük əldə etmiş olursuz.

Gecikmə ilə təqdim olunan ideya isə ya əksər hallarda fiaskoya uğrayır ya da ki güclü rəqabətə tab gətirmək üçün amansız mübarizəyə qoşulur- bu da ki öz növbəsində əksər hallarda güclü pul yatırımı tələb edir.

İdeyanız komanda tərəfindən icra olunduğu zaman, həcmindən asılı olmayaraq 3-4 ay ərzində sizə göstərməli bir nüsxə yoxdursa deməli komandanız ya işi bacarmır və ya vaxt ayırmır.

Əksər layihələrdə 3-4 ay ərzində “MVP”- Minimum İşlək Məhsul ortada olmalıdır ki, siz bu minimum işlək məhsulu test edib – işin düz və ya səhv getdiyini təyin edib vaxtında düzəlişlər edə biləsiz.

Əgər ortada dediklərim yoxdursa, deməli komandanı dəyişmək barəsində ciddi fikirləşmək vaxtıdır.

Hər zaman fikrinizdə saxlayın, hardasa rəqibləriniz dayanmadan işləyir və sizi qabaqlamaq istəyirlər.

“Qaçış edərkən rəqibləriniz sizi arxadan dişləyir, amma yetər ki dayanasız – rəqibləriniz sizi yeyəcəklər”.

Bu ideya marafonunda qalib gəlmək üçün mütləq vaxtında sıçrayış etmək vacibdi.

Nömrə 6- Satış

“Bir məhsulu satmaq istəyirsinizsə, məhsul alıcının həyatını necə yaxşılaşacağını söyləyin!” 

Bütün mərhələləri uğurla bitirdik, məhsulumuz hazir və 1 nömrəli vacib olan məqama gəlib çatdıq……. Satış!!!

Mənim fikrimcə ideyamızın təkcə deyil, həyatımızın ən önəmli bacarığı satış bacarığın olmasıdır.

Həyatımız boyu biz bilmərəkdən belə özümüzü “satmağa” çalışırıq.

Uşaq ikən valideynlərimizə hər hansı bir oyuncağın bizə alınması ideyasını sübüt etmək üçün min-bir səbəb gətiririk və inandırırıq.

Məktəbdə şeir dediyimiz zaman nə dərəcədə daha intonasiya ilə deyiriksə, bir o qədər yüksək qiymət alırıq. Eyni şeiri adi qaydada söyləyən ilə intonasiya və yüksək səslə söyləyən arasında hər zaman qiymət fərqi olur.

Arzuladığımız işə qəbul olmaq üçün min-bir obraza girib, özümüzü bəyəndirməyə çalışırıq.

Gözəl xanım ilə tanış olduqda belə görüşə getdiyimiz zaman hər cürə bəzənib-düzənib, ətirlənib bəyənilməmizə çalışırıq.

Bunlar hamısı fərqinə də varmadan, fərd kimi özümüzü və ya ideyamızı digər şəxslərə loru dildə desək “satmağa” çalışıb, son nəticə olaraq istəyimizə nail olmaq istəyirik.

Eyni olaraq da ideyanızla da belədir, dəridən-qabıqdan çıxıb ideyanı satmağa çalışmalısınız ki sonda uğurlu olmağa nail ola biləsiz.

Məhsulun müsbət cəhətlərini maksimum biruzə verən qaydada müştəriyə təqdim etmək və satış kanalların artırılmasına nail olmaq uğura gedən bir nömrəli yollardan biridir.

İndiki dövrdə artıq primitiv və standart satış metodları uyğun gəlmir.Məsləhətim satış və reklam strategiyanızı onlayn üzərindən qurmağa çalışın. Əksər hallarda müştəriləriniz sosial şəbəkələrdə sizi gözləyərkən, sizin küçələrdə buklet paylamaq və ya poster hazırlamağınızla əlavə xərc və qeyri-effektivlik nümayiş etdirmiş olacaqsız.

Satış və Marketinq strategiya çox böyük mövzudur və gələcəkdə bu mövzu üçün ayrıca bir məqalə hazırlamağı düşünürəm.

Nömrə 7- Gəlir

“Gəlir qoyulmuş vəsaitlərə və riskə mütənasib olmalıdır”. 

Finiş nöqtəsi olaraq gördüyünüz iş gəlirli olmalıdır.

Əgər ideyanız sizə gəlir gətirmirsə, bu artıq iş deyil – bu hobbidir.

O səbəbdən ki, siz pul qazanıb-dolanmaq üçün digər bir işlə məşğul olub ideyanıza daha az vaxt ayırmalı olacaqsız və ehtiyaclarınızı ödəmədiyindən ideya ya atılıb qalacaq və ya hobbi kimi arada vaxt ayrılacaq.

Real gəlir olduğu zaman isə daima fokusunuz layihənizdə olacaq ki, əsas gəlir mənbəyinizdən məhrum olmayasız və inkişaf etdirəsiniz.

Və əlbəttdə bütün bu bəndləri yerinə yetirmək və kontrol etmək üçün böyük cəsarət lazımdır!

“Cəsarət qala qapılarını əvəz edir“ !

–    –    –    –    –    –     –    –     –    –     –    –     –    –   –    –    –    –    –    –     –    –     –    –     –    –     –    –

Son olaraq hörmətli oxucular:

Bu məqalə sırf mənim təcrübəm əsasında hazırlanmışdır və fərqli mövzülarda istisnalar və ya fərqli yanaşmaların olması normaldır.

Məqalənin məqsədi oxucuları maarifləndirmək və yol göstərməkdən ibarətdir.

Makismum bütün məqamlara toxunmağa çalışdım və qısa olmasına çalışdım, əks halda daha ən azı 10-15 səhifə yazmaq olardı J

Sonunda məqaləni bu aforizm ilə bitirmək istərdim:

“Kim ideya yaradmaq zövqünü yaşayıbsa, onun üçün başqa bütün zövqlər artıq mövcud deyil!”

Müəllif: Asif Ibrahimov