Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər İcarə haqqını internetlə ödəmək mümkün oldu

İcarə haqqını internetlə ödəmək mümkün oldu

135

Dövlət əmlakının istifadəsi ilə bağlı icarə haqqını ödəmək məqsədilə banklara getməyə ehtiyac yoxdur.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, fiziki və hüquqi şəxslər plastik kart vasitəsilə icarə borcunu onlayn qaydada ödəyə bilər. Söhbət “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidmətindən gedir. Əlavə ödəniş tələb etməyən sistem vətəndaşlara vaxt qazandırmaqla bərabər, ən müasir və çevik ödəmələrin aparılmasına şərait yaradır. Eləcə də ödəniş prosesində şəffaflıq və səmərəliliyi təmin edir.

Bu interaktiv ödəniş xidmətindən fiziki və hüquqi şəxslər, dövlət orqanları və bələdiyyələr istifadə edə bilər. Qeyd edilməlidir ki, müvafiq sistem vasitəsilə dövlət əmlakının icarə haqqı və ya müamilə borclarının öyrənilməsi də mümkündür.

Adı çəkilən elektron xidmətdən istifadə etmək üçün ƏMDK-nın elektron xidmətlər portalına (www.e-emdk.gov.az) daxil olmaq lazımdır. Mövcud xidmətlər siyahısından 37-ci bölmədə yerləşən “Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun ödənilməsi” elektron xidməti seçilir. Açılan yeni pəncərədən göstərilən 3 rekvizitdən biri o cümlədən sənəd nömrəsi, qeydiyyat nömrəsi və ya dövlət əmlakının icarəyə verilməsi zamanı istifadəçi ilə bağlanılmış müqavilə üzrə ona təqdim edilmiş “İcarəçinin kodu”elektron müraciət formasınadaxil edilir. Dövlət əmlakı ilə bağlı icarə borcunu öyrənən istifadəçi ödə düyməsini sıxaraq ödənişi onlayn qaydada həyata keçirir.İstifadəçi “İstifadə təlimatı” və ya “Reqlament” faylını yükləyərək elektron xidmətdən istifadə qaydaları ilə tanış ola bilər.

Bundan başqa, 9193 SMS xidməti vasitəsilə də vətəndaşlar icarə haqqı və ya müamilə borclarını da öyrənə bilərlər.