Hyundai şirkəti VW Golf R hetçbekinə rəqib hazırladığını etiraf edib. “Cars Guide” dərgisinə müsahibə verən Hyundai Australia şirkətinin ictimayyətlə əlaqələr bölmünün rəhbəri Qvido Şenken “qaynar” Hyundai i30 N modelinin tam çəkiş sistemi ilə təchiz edilmiş prototipinin sınaqdan keçirildiyini bildirib. Onun sözlərinə görə, koreya istehsalçısının inkişaf strategiyasında tamçəkişli “qaynar” modellərə xüsusi yer ayrılıb.
“Qaynar” modellərin yaradılması üzrə ixtisaslaşmış Hyundai N bölümünün rəhbəri Albert Birmann da, əvvəllər tamçəkişli yüksək məhsuldarlıqlı avtomobillərin buraxılışına müsbət yanaşdığını bildirmişdi. Əgər bunlar döğrudursa, ilk tamçəkişli “qaynar” Hyundai modelinin i30 N hetçbeki olacağını söyləmək olar. Bu isə, avtomatik olaraq, Hyundai i30 N Fastback modelinin tam çəkişli olacağından xəbər verir. Müvafiq olaraq, N ailəsinin bu iki üzvünə yaxın olan Veloster N hetçbekinin də tam çəkiş sisteminə sahib olacağını gözləmək olar.
Ən maraqlısı odur ki, Hyundai Australiya rəsmisi i30 hetçbekinin tamçəkişli Kona modeli ilə eyni platformaya malik olduğunu bildirib. Bu isə, Hyundai Kona krossoverinin “qaynar” N variantına sahib olacağı mənasına gəlir. Xatırladaq ki, Birmann belə bir prototipin inşa edildiyi barədə bir il bundan öncə məlumat vermişdi.
N modelləri üçün tam çəkiş sisteminin hazırlanması ilə yanaşı, Hyundai şirkəti “qaynar” modellər üçün iki muftalı ötürmələr qutusunun yaradılması üzərində də işləyir. Koreyalılar bu il DCT qutusu ilə təchiz edilmiş Hyundai i30 N modelini təqdim etməyə hazırlaşırlar.