Azərbaycan bazarında xidmət göstərən hüquqşünasları və hüquq şirkətlərini vahid bazadan axtarıb, tapmaq mümkündür. Bu xidməti təmin edən, 2016-cı ilin iyun ayından fəaliyyət göstərən və yeni start-up olan www.lawyers.az internet səhifəsidir. Səhifə Azərbaycan, İngilis və Rus dillərində mövcud olan, hüquqşünasların vahid onlayn şəbəkəsidir və Azərbaycanda hüquq xidmətləri bazarını daha rəqabətli etməyi hədəfləyir. Artıq insanlar real vaxt rejimində, çevik və rahat bir şəkildə, çoxsaylı hüqüqşünasla əlaqə saxlaya, onların xidmətləri barədə rəyləri və xidmətlərin qiyməti barədə məlumatı əldə edə bilərlər. Bunun üçün lawyers.az saytında bir neçə dəqiqə vaxt sərf etmək kifayətdir.
İstifadəçilər saytda hüquq sahəsi, fəaliyyət ərazisi və fərdi və ya korporativ şəkildə hüquq xidməti göstərən hüquqşünaslar və hüquq şirkətlərinin siyahısını əldə edir, onların təcrübəsi ilə tanış olur və həmin xidmət göstərən şəxslərlə əlaqə saxlamaq imkanı əldə edirlər. Xidmət istifadəçilərə təcrübə, xidmət və keyfiyyət baxımından özlərinə münasib olan hüquqşünası və ya hüquq şirkətini tapmaq imkanı təmin edir. Bundan əlavə, istifadəçilərin hüquqşünaslar barədə bəyənmə və bəyənməmə (like and dislike) barədə qeydləri şəffaflıq yaratmaqla, hüquqşünaslara öz funksiyalarını vaxtında və keyfiyyətlə yerinə yetirmələri üçün stimul verir. Bu xüsusiyyətlər sektorda hüquqüşünaslar tərəfindən yol verilən bəzi sui-istifadə hallarının qarşısını almağa kömək edəcəkdir, insanlar xərclədikləri vəsait müqabilində keyfiyyətli və müvafiq ixtisasa malik şəxslərdən hüquq xidməti əldə edəcəkdir. Bu da hüquqşünaslar arasında sağlam rəqabətin yaranmasına xidmət edir və onların öz işlərini daha ciddi və keyfiyyətli icra etməsini şərtləndirir.
Lawyers.az qeyd edir ki, insanlar öz hüquqşünasını tapmaq üçün ya birbaşa hüquq kontoruna müraciət edir, yaxud tanışlarından soraqlaşmaq məcburiyyətində qalır, hətta bəzən şəxsi məsələləri barədə məlumatı zərurət olmadığı halda kiməsə açıqlamaq məcburiyyətində qalırlar (adətən insanlar üzləşdiyi hüquqi problemlərini tanışları ilə paylaşmaq istəmirlər). Bəzən müəyyən hüquq xidmətini icra edəcək normal namizdən tapmaq üçün vətəndaş bir neçə hüquq kontoruna getməli olur. Bütün bu sadalananlar təbii ki, vaxt aparan və yorucu işdir.Amma “Lawyers.az” nə hüquq kontoruna, nə tanışlara müraciət etməyə ehtiyac qoyur. Heç bir ödəniş etmədən sayta daxil olmaqla hüquqşünasınızı seçə bilərsiniz.
Lawyers.az saytı həmçinin hüquqşünaslara da geniş xidmətlər təklif edir. Hüquq xidməti təklif edən şəxslər səhifədə sadə qeydiyyat prosedurundan keçməklə, özlərinin profilini yaradırlar. Bu vasitə ilə hüquqşünaslar və hüquq şirkətləri daha geniş müştəri kütləsinə çıxış əldə etmiş olurlar. Hüquqşünaslar səhifədə həmçinin aktual hüquqi məsələlərlə bağlı öz məqalələrini yerləşdirə və öz şəxsi reklamına nail ola bilərlər. Səhifədə sırf daimi olaraq yalnız hüquqşünas vakansiyaları yerləşdirilirki, bu da iş axtaran gənc hüquqşünaslar üçün xüsusilə faydalıdır. Onlar yalnız bir səhifəni ziyarət etməklə, sektorda mövcud olan vakansiyalar barədə məlumatlı olurlar. Eyni zamanda, işçi qismində hüquqşünas axtaran müəssisə və təşkilatlar da Lawyers.az-da olan axtarış sistemindən istifadə etməklə münasib namizədləri seçə bilərlər. Lawyers.az-ın sosial media hesabları da çox aktiv şəkildə fəaliyyət göstərir və izləyicilərə hüquq sahəsi haqqında daim faydalı məlumatlar təqdim etməyə çalışır.
Amerikada, Rusiyada, Türkiyədə yaradılmış hüquqşünasların belə şəbəkələrindən Lawyers.az-ınəsas fərqi ondan ibarətdir ki, bu saytın bütün funksiya və xidmətləri həm adi istifadəçilər, həm də hüquq xidməti göstərən bütün kateqoriya şəxslər üçün tam olaraq ödənişsizdir.