Huawei şirkəti özünün 230 patentindən istifadəyə görə ABŞ-ın Verizon mobil operatorundan 1 milyard dollardan çox vəsait tələb edir. Bu barədə Reuters saytına istinadən Vc.ru saytı xəbər verib. The Wall Street Journal saytının məlumatına əsasən söhbət, şəbəkə təchizatı ilə infrastrukturu, IoT və s. kimi texnologiyaları əhatə edən patentlərdən gedir.
Məlumatda qeyd olunub ki, Huawei şirkəti bu məsələ ilə bağlı Verizon-a bu ilin fevral ayında müraciət edib. Yəni ABŞ hökuməti tərəfindən şirkətin qara siyahıya salınmasından 3 ay əvvəl. Şirkətin patentləri Verizon-un 20-dən çox təchizatçısında işlədilir. Məlumata əsasən həmin şirkətlər Verizon-a verilmiş zərəri ödəməlidirlər.
Onlardan bəzilərinə Huawei şirkəti birbaşa müraciət edib. Məlumatda qeyd olunub ki, bu ay Huawei ilə Verizon təmsilçiləri bəzi mübahisəli patentlərin müzakirəsi üçün Nyu Yorkda görüşüblər. Verizon bunun hüquq məsələsi olduğunu bildirərək məsələ ilə bağlı rəy verməkdən imtina edib. Sadəcə olaraq şirkətdə bildiriblər ki, kontekstin nəzərə alınması halında Huawei ilə bağlı istənilən sual bu sahəyə təsir edir.