ABŞ ilə Çinin söz üzərində barışdıqlarına baxmayaraq Huawei şirkəti öz fərdi əməliyyat sistemi üzərində çalışmağa davam edir. Huawei Central saytının jurnalistləri şirkətin planları ilə yaxından əlaqəli olan mənbə tərəfindən məktub əldə ediblər. Mənbənin verdiyi məlumata əsasən şirkət artıq öz əməliyyat sistemini yeni smartfon modelində test etməyə başlayıb. Çox güman ki, söhbət, Mate 30 flaqman smartfonundan gedir. Bu barədə Gagadget saytı xəbər verib.
Məlumatda qeyd olunub ki, əməliyyat sistemi məhz Mate 30 smartfon seriyasının təqdimatı zamanı anons olunacaq. Lakin əməliyyat sisteminin dəqiq çıxış tarixi və adı barəsində heç bir məlumat verilməyib. Qeyd etmək lazımdır ki, əvvəlki məlumat sızıntılarında şirkətin əməliyyat sisteminin HongMeng OS və ya Ark OS adlanacağı bildirilirdi. Ola bilsin ki, bunlar əməliyyat sisteminin yalnız kod adlarıdır və onun çıxışı zamanı o tamamilə başqa ada sahib olacaq.