“Huawei” şirkəti ilk dəfədir ki, Çin ərazisindən kənarda, Avropada müəssisə açmaq qərarına gəlib.
“Les Echos” qəzetinin verdiyi məlumata görə, texnologiya nəhənginin seçimi Fransa olub.
4G və 5G şəbəkələri üçün mobil antenaların istehsalı zavoduna başlanğıc olaraq 200 milyon avro investisiya qoyulacaq. Şirkətin Şenjendəki müəssisəsinin prezidenti Lyan Xua qeyd edir ki, müəssisə təkcə yığma ilə deyil, eyni zamanda proqram təminatının test edilməsi və quraşdırılması ilə məşğul olacaq.
Xatırladaq ki, Vaşinqton Avropa İttifaqından “Huawei” ə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsini tələb edir. Amma avropalılar Ağ Evin bu tələblərini qulaqardı edirlər: yanvar ayının sonunda Böyük Britaniya şirkətin 5G şəbəkələrinin tikilməsində iştirakına razılıq verdi.
Zavodun dəqiq olaraq Fransanın harasında təsis ediləcəyi hələ ki, məlum deyil. Lyan Xuanın sözlərinə görə, hər şey fransız hökumətindən asılıdır.