Almaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkənin 5-ci nəsil kabelsiz mobil texnologiya (5G) bazarına daxil olmasına icazə vermək qərarına gəlib.
Bu barədə “Handelsblatt” nəşrinə xəbər verir.
Xatırladaq ki, rəsmi Berlin bundan əvvəl də “Huawei”in ölkəyə girişini əngəlləmək niyyətində olmadığını bəyan edib. Almaniyanın Federal Şəbəkə Agentliyinin rəhbəri Yoxen Hohman ABŞ-ın təzyiqlərinə baxmayaraq ölkədə 5G şəbəkələrinin qurulması ilə bağlı işlərdə “Huawei”nin iştirakına əngəl törətməyəcəklərini açıqlamışdı. Kansler Angela Merkel və xarici işlər naziri Heiko Maas da bu məsələni rəqabətə xələl gətirmədən, amma təhlükəsizliyi də nəzərə alaraq müstəqil şəkildə həll edəcəklərini bildirmişdilər.
Xatırladaq ki, rəsmi Vaşinqton Çin şirkətini ölkənin kəşfiyyat və hərbi qurumları ilə əməkdaşlıqda, müştəriləri izləməkdə ittiham edərək bir sıra ölkələri 5G texnologiyalarını təbiq edərkən adıçəkilən şirkətin avadanlığını və infrastrukturunu istifadə etməməyə çağırıb. “Huawei” isə irəli sürülən ittihamların əsassız və siyasi səciyyəli olduğunu bildirir.