Ukraynadan Azərbaycana mənşəyi məlum olmayan dondurulmuş ət gətirilir.
“Bizplus.az” “FED.az”- a istinadən bildirir ki, bunu Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycana dondurulmuş ətlər, əsasən, Hindistandan gətirilir:
“Həmin ölkədə mal əti yeyilmir, amma heyvandarlıq inkişaf edib. Bu ölkədən Azərbaycana dondurulmuş ətin gətirilməsi üç manata başa gəlir.
Bununla belə, Azərbaycan Ukraynadan donmuş quş əti alır. Araşdırma aparılan zaman məlum olub ki, oradan gələn quş ətlərinin tərkibində naməlum kimyəvi maye var. Bu maye təxminən quşun 20 faizini təşkil edir”.
Ekspert bildirib ki, Hindistandan gətirilən ətlərin mənşəyi məlum olsa da, Ukraynadan gətirilən ətin tərkibi məlum deyil:
“Ukraynadan Azərbaycana at əti donmuş mal əti adı altında gətirilir. Onların da mənşəyi məlum deyil. Güman ki, ölmüş heyvanların əti ölkəmizə idxal olunur. Qida Təhlükəsizliyi Agentliyi bu işlə ciddi məşğul olmalıdır”.
“Ət dondurulan zaman təhlükəli mikroblar ölür. Onlar, əsasən, kolbasa istehsalında istifadə olunur. Azərbaycana gətirilən dondurulmuş ət şadlıq evlərinə, restoranlara, uşaq bağçalarına daha çox verilir. Bu cüt ətlərin mənşəyi ciddi araşdırılmalıdır. Eyni zamanda, insanlar donmuş ət alan zaman sertifikatını tələb etməlidirlər”.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir:
“Məhsullardan götürülən nümunələr AQTA-nın müvafiq laboratoriyalarında müayinələrdən keçirilir. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir. Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduğu təqdirdə, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır.
Həmçinin, dondurulmuş ət məhsulları ilə bağlı Agentliyə konkret faktlara əsaslanan hər hansı bir şikayət daxil olarsa, növbədənkənar yoxlamalar həyata keçirilir və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların dondurulmuş ət məhsullarının tərkibi ilə bağlı hər hansı narahatlığı olarsa, bu barədə Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”.
Bəs dondurulmuş ətin saxlanma müddəti nə qədərdir?
Agentlikdən bildirilib ki, ərzaq məhsullarının uzunmüddətli təzəliyinin qorunub-saxlanması üçün ən çox üstünlük verilən üsul dondurmaqdır:
“Lakin dondurucudan istifadə etdikdə bir sıra problemlər yarana bilər. Məsələn, ətlər buzlu halda qətiyyən bişirilməməli, mütləq şəkildə donu açılaraq istehlak olunmalıdır. Ətin bişirilməsi qədər saxlanması da vacibdir. Dondurulmuş ətlərdə qida dəyər göstəricilərinin qorunub saxlanması və bakteriyalarla yoluxmanın qarşısının alınması sağlamlıq üçün olduqca vacibdir.
Donun açılması zamanı ayrılan ət şirəsinin miqdarı dondurma və donun açılması sürətindən asılıdır. Sürətli dondurulan və yavaş soyudulan ətlərdə ayrılan ət suyunun miqdarı az, yavaş dondurulan və sürətli donu açılan ətlərdə isə əksinədir. Bundan əlavə, əti hissələrə ayıraraq donunun açılması tövsiyə olunmur, çünki belə olduqda ətin qida dəyəri aşağı düşür.
Əti isti suda saxlamaq düzgün deyil, bu zaman ətin xarici hissəsi bişərək daxili təbəqələrdə bakteriyaların yaranmasına şərait yaradır. Mikrodalğalı sobalarda ətin donunun açılması isə tövsiyə olunmur. Bu halda xarici qat bişir, daxili təbəqə isə buzlu qalır. Normal olaraq əti otaq temperaturunda bir neçə saat saxlayırıq və bu proses bir az daha uzun çəkir”.
“Havasız şəraitdə qablaşdırılmış dondurulmuş ətlər qablaşmaya zərər gəlməyəcək şəkildə soyuq su içərisinə qoyularaq donu açıla bilər, lakin bu üsulla su hər yarım saatdan bir dəyişdirilməlidir. Ən təhlükəsiz üsul isə bişirməzdən bir gün əvvəl əti dondurucudan çıxararaq soyuducunun alt qatında yerləşdirməkdir.
Soyuducunun alt qatlarında buzu açılmış ətlər 3-5 günə qədər saxlanıla bilər. Bu ətlər təkrar dondurula bilər, ancaq soyuducuya isti yeməklərin qoyulması donu açılmış ətlərdə temperaturun artmasına səbəb olacağından donu açılmış bu cür ətlərin təkrar dondurulmaması tövsiyə olunur.
Mikrodalğalı sobada və suda donu açılmış ətləri ən qısa zaman içərisində istehlak etmək və bu ətləri yenidən dondurmamaq tövsiyə olunur. Çünki dondurulduqda bakteriyalar növbəti dəfə donun açılması zamanı çoxalaraq qida zəhərlənmələrinə səbəb ola bilər”, – deyə AQTA-dan qeyd edilib.
Agentlikdən bildirilib ki, dondurulması nəzərdə tutulmuş ət, yüksək keyfiyyətli olmaqla baytarlıq sanitariya tələblərinə cavab verməlidir:
“Dondurulmuş əti -18*C -25*C-də bir il müddətində saxlamaq mümkündür. Lakin ət saxlanılan soyuducu dolabların sanitariya normalarına uyğun olması üçün texnoloqlar tərəfindən tam nəzarətdə saxlanılmalıdır. Ət tez xarab olan yeyinti məhsuludur. Odur ki, ət yüksək temperatur nisbi nəmlik və sanitariya cəhətdən düzgün şəraitdə saxlanmalıdır. Ətin dondurulmasının ən yüksək temperaturu -10*C, ən aşağı temperaturu isə -60*C-dir.
Ətin dondurulmasının üç növü var:
1. Yavaş dondurulma zamanı havanın temperaturu -18 -23*C, nisbi rütubət 90-95% cərəyan etmə sürəti 0,1- 0,2 m/san olmalıdır.
2. İntensiv dondurulma zamanı havanın temperaturu -23 – 30*, nisbi rütubət 90 – 95%, havanın cərəyan etmə surəti 0,5- 0,8 m/san olmalıdır.
3. Surətli dondurulma zamanı havanın temperaturu -30 – 35*C-də, nisbi rütubət 95-98%, havanın cərəyan etmə surəti 1-4 m/san olmalıdır. Əgər yuxarıda göstərilən normalar pozularsa, saxlanılan ətlərdə seliklənmə, qızarma, göyərmə, işıqlanma, kiflənmə, qızışma və iylənmə müşahidə edilir”.