Gənc startapçı Emil Məhərrəmov kimdir?
Emil Məhərrəmov 1996-cı ildə Naxçıvan şəhərində dünyaya gəlib. 2013-cü ildə Azərbaycan Dillər Universitetinə Amerikaşünaslıq ixtisası üzrə daxil olmuşdur. Universitetdə oxuduğu müddətdə 100-dən çox müxtəlif təlim və layihələrdə iştirak etmişdir. 2017-ci ildə ictimai fəallığına və tədrisdə əldə etdiyi uğurlarına görə fəxri məzun adına layiq görülüb. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi üzrə I kurs magistrantıdır. 2017-ci ilin əvvəlindən etibarən fəaliyyətə başlayan hediyye.al saytının təsisçisidir. İngilis və polyak dillərini bilir.
Emil bəy biz sizi artıq gənc sahibkar kimi tanıyırıq, bilməyənlər üçün hediyye.al haqqında biraz məlumat verərdiniz.
Hediyye.al Azərbaycanda elektron ticarət sahəsində daha asan, daha keyfiyyətli və daha qısa müddətdə hədiyyə satışını həyata keçirmək məqsədi ilə təsis edilmiş elektron platformadır. Hediyye.al sevdiklərinizə hədiyyə alarkən sizə maraqlı və sərfəli seçimlər təklif edir. Biz yalnız Bakı şəhərində müxtəlif gül, şirniyyat, oyuncaq, aksesuarlar və digər məhsulların satışını həyata keçirən mağazaları öz saytımızda birləşdiririk. Həmçinin fəaliyyət müddətimiz artdıqca, fəaliyyət göstərəcəyimiz ərazilər də artacaqdır.Saytımız onlayn satış sisteminə əsaslandığı üçün satışlar həm plastik kartlar, həm də nağd şəkildə həyata keçirilməkdədir.
Öyrənmək istərdik ki, startapınız artıq 5 aydir fəaliyyətə başlayıb və hansı nəaliyyətlər əldə edib?
İlk başlarda əməkdaşlıq etdiyimiz mağazaların sayı az olduğundan məhsullarımızın sayı azlıq təşkil edirdi. Məhz bu səbəbdən satışlarımız aşağı tempdə inkişaf edirdi. Son aylarda isə partnyorlarımızın sayısının artması, satışlarımızın çoxalması ilə nəticələndi. Son statistik məlumatlara əsasən mart ayında həyata keçirdiyimiz satış aprel ayında 24% , may ayında 34%, iyun ayında isə 72%-ə qədər artmışdır.
Məhsullarınızın keyfiyyəti ilə bağlı nə deyə bilərsiniz?
Biz Azərbaycanda fəaliyyət göstərən ən uğurlu brendlərlə amakdaşlıq edirik. Həmçinin hediyye.al bütün məhsulların keyfiyyətinə zəmanət verir. Eyni zaman da məhsulu bəyənməyən şəxs müəyyən olunmuş şərtlər çərçivəsində geri qaytara bilər.
Hədəfləriniz nələrdən ibarətdir?
Qeyd etdiyim kimi yalnız Bakı və Bakı ətrafı rayonlarda fəaliyyət göstəririk. Hədəfimiz respublikamızın bütün bölgələrində fəaliyyət göstərmək, hətta ölkə hududlarını da aşmaqdır. Hədəflərimizdən biri də lazımi maliyyə vəsaitini qazandıqdan sonra hediyye.al adı altında fəaliyyət göstərən mağazalar şəbəkəmizi açmaq və dövriyyəyə öz mallarımızı buraxmaqdır. Xüsusilə fərdi brendimizin formalaşdırılması və hazırlanan məhsulların ölkə xaricinə çıxarılması hediyye.al konsepsiyasının prioritetlərindəndir.Bu yöndə çox ciddi işlər görülməkdədir. Ümidvaram ki, növbəti ildə bu proseslər reallaşacaqdır.
Hediyye.al-ın iqtisadiyyatımıza necə öz töhfəsini verə bilər?
Konsepsiyamızda da qeyd edildiyi kimi startapımızın əsas məqsədlərindən biri biznesimiz vasitəsilə yerli iqtisadiyyata öz töhfəmizi vermək və bazarı ancaq idxal hesabına formalaşan məhsulların yerli istehsalına nail olmaqdır. Həmçinin startapımız özəl sektorun inkişaf etdirilməsi və innovativ məhsulların istehsalının təşviq edilməsinə də xidmət etməkdədir.
Növbəti aylar hediyye.al-da hansı yeniliklər gözlənilir?
Növbəti aylarda məhsullarımız üzrə çeşidlilik daha da artacaqdır. Hətta geyim məhsulları, mobil telefonlar və müxtəlif elektronik avadanlıqların satışının həyata keçirilməsidə nəzərdə tutulmuşdur. Xüsusilə qeyd etmək istediyim bir məqam var, hər kəsin cibinə uyğun olması üçün yeni qiymət aralığı formalaşdırılacaqdır. Həmçinin bir çox yeni kompaniyalarımız və güzəştlərimizdə olacaqdır. Odur ki, bizi izləməyi unutmayın! Dəyər verdiklərinizə hediyye.al-ın, sevindirin!