Nazirlər Kabineti (NK) “Aqrar sığorta predmetinin Tərkibi”ni təsdiq edib.
“Bizplus.az” xəbər verir ki, Baş Nazir Əli Əsədov Aqrar sığortanın təsir dairəsinə düşən məhsullarla bağlı qərar imzalayıb. Belə ki, 2019-cu ilin iyununda aqrar sığorta ilə bağlı qanun qəbul edilib. 2019-cu ilin avqustunda isə Prezident İlham Əliyevin Fərmanı ilə Aqrar Sığorta Fondu yaradılıb. 2020-ci il üçün Aqrar Sığorta Fonduna dövlət büdcəsindən 5 milyon manat ayrılıb.
Beynəlxalq təcrübə də nəzərə alınaraq ölkəmizdə əvvəllər olmamış bu prosesin mərhələli həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Başqa tərəfdən, ilk dəfə tətbiq olunduğu üçün ölkəmizin aqrar sığorta sahədə tariflərin hesablanması üzrə metodologiya, sığorta riskləri və zərərlərinin qiymətləndirilməsi təcrübəsi yetərli səviyyədə olmadığı üçün bu işi mərhələli həyata keçirmək qərara alınıb.
Bəs ilkin mərhələdə hansı kənd təsərrüfatı məhsulları sığorta olunacaq?
“Report” bildirir ki, NK-nın qərarı bu suala cavab verir.
Bitkiçilik sahəsində:
ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ölkədə bitki yağları sənayesinin xammal təminatının idxal mənbələrindən asılılığının azaldılması, şəkər çuğunduru sahəsinin inkişafının dəstəklənməsi məqsədi ilə
– buğda;
– arpa;
– qarğıdalı;
– kartof;
– şəkər çuğunduru.
İdxalın əvəzedilməsi və ixrac potensialnın gücləndirilməsi məqsədilə
– portağal;
– limon;
– naringi;
– çay;
– tütün;
– çəltik;
– üzüm;
– fındıq;
– pambıq.
Heyvandarlıq sahəsində
Məhsuldarlıq və istehsal göstəricilərinin yüksəldilməsi məqsədilə –
– 1 yaşdan 7 yaşadək südlük inəklər və camışlar
Suda yetişdirilən məhsullar üzrə
Akvakulturanın inkişafını stimullaşdırmaq, balıq məhsulları ilə təminatda yerli istehsalın xüsusi çəkisini artırmaq məqsədilə ilkin mərhələdə
-Balıqların sığortası təmin ediləcək.
Bu məhsulların sığortasında Aqrar Sığorta Fondu da iştirak edəcək və risqin 50%-ni öz üzərinə götürəcək. Yuxarıda sadalanan məhsulların Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətləri tərəfindən birgə sığortalanması
-İnvestisiya risqlərini azaldacaq;
-Fermerlərin himayəsini gücləndirəcək;
-İstehsalı genişləndirmək üçün şəraiti təmin edəcək;
-Məşğulluğa müsbət təsir edəcək;
-Sadalanan məhsulların istehsalında artıma səbəb olacaq;
-Bazarda qiymətlərin sabitləşməsinə təsir edəcək;
-Ərzaq təhlükəsizliyinə töhfə verəcək
-Sığorta bazarını gücləndirəcək