Qəribə də olsa, belədir: bəzi peşələrdə etibarsız adamlara daha çox üstünlük verilir.
Etiraf etmək istəyirəm: mən yalan danışıram. Həm də tez-tez. Söhbəti bitirmək və ya söhbətə başlamaq üçün yalan danışıram. Başqasının və elə özümün də hisslərimi zədələməmək üçün yalan danışıram. Münasibətləri və ya peşə fəlaiyyətimi asanlaşdırmaq üçün yalan danışıram.
Bizimlə çalışan şəxslərin bizə müəyyən qədər yalan danışdığını hamımız bilirik. Onlar heç də həmişə yaxşı ovqatda olmurlar, işlərin gedişindən də, özlərini layiq bildikləri vəzifəyə təyin edilmiş şəxslərin fəaliyyətindən də narazı qaldıqları vaxtlar olur.
Bəs, yalanlar şəxsi xarakter daşımayanda, məsələn, işlə bağlı olanda nə etmək lazımdır?
Yeni bir araşdırma bu nəticələri ortaya qoyub: bəzi peşələrdə yalançılığın qalmasının əsas səbəbi yalan danışa bilən adamların işin öhdəsindən daha yaxşı gəlmələrinə olan sarsılmaz inamdır.
İş yerlərində yalançılara münasibət
İş yerlərində yalana münasibət ümumən mənfi olur: kimsə yalana əl atmaq məcburiyyətində qalırsa, demək, vəzifəsini lazımi səviyyədə yerinə yetirə bilmir. Yalan kollektivi çökdürür. O, komandada etibarsızlıq mühiti yaradır.
Amma amerikalı alimlər Brayan K.Qnuia və Emma İ.Levinin yeni araşdırması göstərir ki, bu məsələdə istisnalar da var – müştəridən çox satışa fokuslanmış müəssisələrdə.
Müştəri hədəfli marketinq insanların ehtiyaclarının mümkün qədər çox nəzərə alınmasını nəzərdə tutur, satış nəticələrinə fokuslanmış biznesdə isə əsas məqsəd satış planını yerinə yetirməkdir.
Bəzi peşələr (məsələn, ticarət və ya investisiya – bank xidmətləri) işə belə münasibətin (müştəri təminatına yox, nəticəyə hesablanmış) stereotipləridir. Hərçənd etiraf etmək lazımdır ki, bəzən ticarətdə də alıcının maraqlarını nəzərə alan işçilərə rast gəlmək olur, amma, məsələn, xəstəxanalarda xəstələrin maraqlarına tüpürən tibb işçiləri də var.
Qunia və Levin araşdırma iştirakçılarından (onların arasında 500-dən çox tələbə-iqtisadçı və “Amazon” şirkətinə məxsus “Mechanical Turk” kraudsorsinqinin saytında çalışanlar da olub) xahiş ediblər ki, satış orientasiyalı şirkərləri ranqlarına görə, hipotetik personajları isə kompetentlik səviyyələrinə görə sıralasınlar.
Araşdırma iştirakçılarına təxminən belə ssenarilər təqdim edilib: hansısa Julie ezamiyyət xərcləriylə bağlı anketdə taksi xərcini əslində olduğundan çox göstərib; hansısa James rəhbərliyin xoşuna gəlmək üçün özünü elə aparır ki, guya müdiri kimi, o da yaxtaları çox sevir.
Respondentlər hesab ediblər ki, yalan danışan adamlar satış nəticələrinə fokuslanmış peşələrdə daha çox uğur qazana bilərlər və işəgötürmədə belələrinə üstünlük veriblər.
Yalan bütöv bir şirkətin strategiyasında ola bilər
Məsələn, respondentlərin 85%-i satışla əlaqəli işlərdə yalançılara üstünlük veriblər, satış nəticələrinə fokuslanmamış işlərə dürüst adamların cəlb edilməsinə isə 75% iştirakçı üstünlük verib. Bu, maraqlı nəticədir, amma tam deyil ( Təkcə bunu nəzərə almaq olar ki, iştirakçılara çox az pul veriblər – mümkün qədər az ödəniş etməyə çalışan “Mechanical Turk” kimi onlayn-şirkətlər buna görə ziddiyyətli reputasiyaya sahibdirlər. Onları hətta sorğuları qeyri-etik şərtlərdə reallaşdırmaqda da günahlandırırlar).
Üstəlik, o da aydın deyil ki, tələbələrin fikirləri işəgötürmə üzrə menecerlərin fəaliyyətinə hansı şəkildə transfer edilir. Birmənalı olmayan sübutlara görə, satış və ya müştəri oriyentasiyalı fəaliyyət daha çox praktikada səmərəlidir, həm də müştəri maraqlarına xidmət satışı nəticələri baxımından daha sərfəlidir.
“Biz bilərəkdən araşdırmaya biznes məktəblərinin tələbələrini cəlb etdik, çünki gələcək maliyyə və ticarət işçilərinin beynində belə stereotiplərin olub-olmamasından əmin olmaq istəyirdik” – Çikaqo Universitetinin But biznes-məkətbinin müəllimi Levin belə deyir.
İş yerində yalan danışmağın müsbət tərəfləri varmı?
Yalan danışmaq əslində məsuliyyətli işdir. Filososf David Livingstone Smith özünün “Biz niyə yalan danışırıq. Yalanın təkamüldəki kökləri və təhtəlşüur” kitabında yazır ki, “təbiət yalanla doludur”.
Məsələn, viruslar orqanizmə daxil olmaq üçün onun immun sistemini aldadırlar. Biqələmunlar yırtıcılardan qorunmaq üçün rənglərini dəyişirlər.
İnsanlar da istisna deyillər, o cümlədən, iş yerində. Məsələn, işəgötürənlər deyirlər ki, bu və ya digər vəzifəyə namizədlərin, demək olar ki, hamısı öz kvalifikasiyalarını şişirdirlər.
Yalan bir az da təbiidir
Bəzi peşələrdə yalan son dərəcə vacibdir (məsələn, gizli işləyən dedektivlər üçün). Diplomatiya isə bəziləri üçün yalanın sinonimidir.
Yalan bütöv bir şirkətin strategiyasında da ola bilər. Məsələn, zəng mərkəzinin işçilərini hansı ölkədə olmalarıyla bağlı yalan danışmağa öyrədirlər – müştərinin münasibətinə uyğun olaraq.
Ümumiyyətlə, iş yerində nəyin yalan olduğunu təyin etmək çətindir. Məsələn, emosional gərginliyin çox olduğu peşələrdə işçilərə öz hisslərini gizlətməyi xahiş edirlər. Bu yalandırmı?
Və ya bu: stüardessanın turbulentlikdəki bütün təhlükələr haqqında sizə danışmasını istərdizmi? Barmenin sizdən xoşu gəlmədiyini deməsini necə? Və ya həkimin sizi müalicə etmək istəmədiyini?
Bəzi peşələrdə işçilər nəzakətli və qayğıkeşdirlər, amma bu, qismən saxta və bəzən də yorucu olur.
Levin deyir ki, “insanlar öz emosiyalarını gizlətməyi bacaran işçiləri daha səriştəli hesab edirlər”.
Həqiqi emosiyalar gizlətmək rasional davranışdır.
Bu, xüsusilə də sosial şəbəkələrdə reallıq və özünü satmaq arzusu arasındakı sərhədi aradan qaldıran inflüenserlərin davranışında üzə çıxır.
Balaca sevimli yalan
Xilas naminə söylənən yalan bəzən hətta daha etik davranış kimi görünür. “Bu araşdırmamda mən aşkar etdim ki, insanların çoxu onlara faydalı kimi təqdim olunan yalanları təqdir edir” – Levin belə deyir.
Məsələn, “işçilər hesab edirlər ki, həmkarları icrası mümkün olmayan, onları daha zəif göstərən iradlar bildirməməlidirlər. Xərçəng xəstələri isə yalançı ümidi həkim-onkoloqun düşündüyündən daha çox sevirlər”.
Başqalarına kömək üçün tətbiq edilən qeyri-dürüstlükdə, yəni sosial yönümlü yalanda vacib bir element var – insanlar onu haqsız üstünlüyə nail olmaq üçün yox, öz eqoist maraqları naminə söyləyirlər. Belə hallarda yalanı mərhəmət hissi və qayğı göstərmək istəyi dedirdir.
Eyni zamanda, buna mədəniyyət və cəmiyyətdəki ümumi ənənələr də təsir edir. Bəzi araşdırmalarda göstərildiyi kimi, kollektivçi cəmiyyətlərdə insanlar daha çox öz imiclərini və qrupdakı harmonik münasibətləri qorumaq üçün yalan danışırlar.
Bizim üçün əsas olan insanların bizə münasibətdə xoşniyyətli olub-olmamalarıdır, bu zaman yalan danışıb-danışmamalarını vacib hesab etmirik.
Emma İ. Levin, Çikaqo Universitetinin “But” biznes məktəbinin müəllimi
Maryland Universitettinin müəllimi Michael Gelfandın araşdırmasında 8 ölkədən 1500 tələbə iştirak edib. Onlara yalanın faydalı ola biləcəyi biznes-ssenari təklif edilib.
Daha çox kollektivçi olan ölkələrin (Cənubi Koreya və Yunanıstan) tələbələri yalanı individual mədəniyyətin (Avstraliya və Almaniya) nümayəndələri olan tələbələrdən daha çox seçiblər. Hərçənd hər iki tərəfin seçimində yalan xüsusi yer tutub.
Gelfand qeyd edir ki, “qeyri-standart yanaşma qaydaların müəyyən ölçüdə pozulması deməkdir”.
Bəzi araşdırmalarda məsələnin həm də bu tərəfi vurğulanır: qeyri-dürüstlüklə kreativlik arasında əlaqə var, yaradıcı peşə sahibləri işə faydalı olan yalana çox da pis baxmırlar.
İş yerlərindəki yalana dözümlülüyü (hətta bəzən onun təşviq edilməsi) üzə çıxarmaq çətindir. Honkonq Şəhər Universitetinin menecment üzrə professoru deyir ki, “yalana üstünlük verən bütün təşkilati və ya sənaye normaları bir çox hallarda gizli saxlanır, ən azı ictimaiyyətdən”.
Amma o, bu normaların uzunömürlülüyünə şübhə edir: “Zamanla onlar praktikadan kənarlaşdırılır”.
Kiçik yalan heç də həmişə pis bir şey deyil. Amma insanları hər məsələdə dürüstlüyə təşviq etmək işin keyfiyyətini artırardı ki, azaltmazdı.
Bəzi məşhur siyasətçilərin taleyi vəzifələrin icrası zamanı yalandan istifadənin necə böyük ziyan vurmasına yaxşı nümunədir.
Bəs, hər gün heç düşünmdən sığındığımız kiçik yalanlar işdə bizə kömək edirmi? O qədər də yox. Amma böyük ziyan da vurmur.
Levinin dediyi kimi, “bizim üçün əsas olan insanların bizə münasibətdə xoşniyyətli olub-olmamalarıdır, bu zaman yalan danışıb-danışmamalarını vacib hesab etmirik”.