ABŞ-ın “Google” şirkəti 4,34 milyard avro (5 milyard dollardan çox) məbləğində cərimə ödəməli olacaq.
“Reuters”ə xəbər verir ki, “Google” Avropa İttifaqının antiinhisar qanununu pozmaqda müqəssir bilinib.
Avropa İttifaqının rəqabət üzrə komissarı Marqret Vestager bildirib ki, şirkət Android əməliyyat sistemi ilə çalışan cihazlardakı trafikin istisnasız olaraq yalnız “Google” axtarış sistemi üzərindən aparılması üçün şəbəkə operatorlarına və cihaz istehsalçılarına şərt qoyub:
“Bu praktika rəqibləri innovasiyaların tətbiqi və rəqabət imkanlarından məhrum edib. Nəticədə avropalı istehlakçılar mobil sahədə effektiv rəqabətin üstünlüklərindən faydalana bilməyiblər”.
Komissar qeyd edib ki, cərimənin məbləği Avropa qaydalarını pozmağın ciddi məsuliyyət yaratdığını göstərir.
Avropa Komissiyası şirkətə səhvlərini düzəltməsi üçün 90 gün vaxt verib. Əks halda, “Google”un daxil olduğu “Alphabet Holding”in dünya üzrə dövriyyəsinin 5%-i həcmində əlavə cəza kəsiləcək.
“İndi “Google”un doxsan günü var ki, özünün bazardakı mövqeyindən sui-istifadəyə əsaslanan biznes praktikasından imtina etsin. Sadə sözlə desək, “Google” avropalı istifadəçilərin seçiminə təsir etməyi dayandırmalıdır”, – Vestager deyib.
ABŞ şirkəti isə qərardan şikayət verəcəyini açıqlayıb.
Qeyd edək ki, nəzərdə tutulan cərimə məbləğini “Alphabet Holding” təqribən 2 həftə ərzində qazanır.
oxu.az