Yaxın zamanda Google Chrome brauzerinə cookie faylların izlənməsi barəsində məlumatları təqdim edəcək və həmin faylların yığılmasını məhdudlaşdıracaq yeni funksiya əlavə edilə bilər. Bu barədə The Wall Street Journal saytına istinadən Gagadget saytı xəbər verib. Məlumata əsasən sözügedən funksiya 6 ildən çoxdur ki, hazırlanır.
Bu funksiyanın hazırlanması zamanı Google şirkəti reklam şirkətlərinin rəhbərlərindən yeni funksiyanın istifadəyə veriləcəyi vaxtda yaşana biləcək gözlənilməz nəticələr üzrə konsultasiya alıb. Hal hazırda cookie fayllar targetinq reklam və maraqlar üzrə reklamlarda çox vacib rolu oynayırlar.
Belə ki, həmin fayllar özlərində istifadəçilərin özəl ayarları və üstünlükləri barəsində məlumatları birləşdirirlər. Ən məşhur brauzerdə həmin məlumatların əldə olunmasının məhdudlaşdırılması isə öz növbəsində marketoloqların öz strategiyalarını yenidən gözdən keçirtməyə səbəb olacaq. Chrome brauzeri üçün nəzərdə tutulmuş bu yeni funksiya artıq yaxın zamanda təqdim oluna bilər.