Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 100 manat rüşvət almaqda təqsirləndirilən Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
“Bizplus.az” xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı yanvarın 16-na təyin edilib.
Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata əsasən, Bakı Baş Gömrük İdarəsi “İpək yolu” gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu “İpək yolu” gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək “S3 Safety” MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, Rəhimov Rəşad İbrahim oğlu da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsait verib.
Xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Baş Gömrük Mühafizə Xidmətinin “Şimal” gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru A.Cəfərəliyev “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinə əsasən, gömrük orqanlarından xaric edilib.
A.Cəfərəliyev və R.Rəhimov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Onun barəsində cinayət işi başlanılıb və Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə ittiham irəli sürülüb.