GitHub xidməti (2018-ci ildən Microsoft-a məxsusdur) JavaScript proqramlaşdırma dilinin npm paketini almaqla bağlı razılıq imzalayıb. Bu barədə GitHub platformasının rəhbəri Net Fridman bildirib.
CNBC xəbər verir ki, müqavilənin şərtləri açıqlanmır.
Qeyd edək ki, npm paketlər meneceri 2009-cu ildə açıq mənbə kodlu layihə kimi JavaScript proqramçılarına kömək məqsədilə hazırlanıb. Fridmanın sözlərinə görə hazırda npm-də 1,3 milyondan çox paket var, yüklənmə sayı isə ayda75 milyarda çatır. O, JavaScriptin ən iri proqram xidmətlərində biridir.
Gündəlik npm reyestrindən istifadə edən proqramçılar üçün xidmətə giriş pulsuz olacaq. Amma GitHub ödəniş edən istifadəçiləri də dəstəkləməkdə davam edəcək — gələcəkdə xidmətlər daha sıx birləşəndə bu müştərilər öz şəxsi npm paketlərini GitHub depolarına çevirə biləcəklər.
Bu razılıq əməliyyatı ilə Microsoft fərdi şəxslərə və korporativ proqramçılara açıq kodlu proqram təminatına uyğunlaşmaqda yardımçı olmaq istəyir.
Xatırladaq ki, npm Inc. şirkəti yarandığı 2014-cü ildən bəri 48 mln. dollar dəyərləndirilmə ilə təxminən 19 mln. dollar cəlb edib.